“Reytinqi yuxarı olan müəllimlərə yüksək əməkhaqqı veriləcək”
Tarix: 05.04.2018 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Eldar Aslanov: “Əsas missiyamız ölkədə pedaqoji kadr hazırlığı və təhsil tədqiqatları sahəsində əsas elmi mərkəzə çevrilməkdir”

(əvvəli ötən sayımızda)

Ölkədə təhsilin inkişafında ali təhsil ocaqlarının böyük rolu var. Bu gün ölkəmizdə böyük bir müəllim heyətinin təmsil olunduğu və cəmiyyətə də sabahın müəllimlərini hazırlayan ali təhsil ocaqlarından biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Müsahibimiz ADPU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanovdur:

- Biz çalışırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ziyalılarımızın dediyi kimi, “məbəd” adına layiq olsun. Müsbət ənənələri davam etdiririk, daha da püxtələşdirməyə çalışırıq. Strukturu təkmilləşdiririk. Bir vaxtlar universitetdə 11 fakültə, 45 kafedra var idisə, indi 8 fakültə, 35 kafedra var. Biz elmi istiqaməti gücləndirmək arzusundayıq. Elmi-tədqiqat laboratoriyalarının işini təkmilləşdirmək istiqamətində həmkarlarımız səylər göstərirlər. Artıq tədris işi tədris departamentində cəmləşib. Buraya yeni struktur vahidi əlavə etmişik, xüsusilə məzunlar və karyera bölməsi. Payıza doğru özəl təhsil müəssisələrini cəlb etməklə ilk əmək - karyera yarmarkası təşkil edəcəyik. Bazar iqtisadiyyatı şəraitidir, müəyyən təhsil şirkətləri var, onlar təhsil xidmətləri göstərirlər, xaricdən tələbə gətirir, xaricə tələbə göndərirlər, dövlət qulluğunun ayrı-ayrı təsnifatları üzrə kadr hazırlayırlar ki, biz bu təhsil biznesində olan tərəf müqabilləri ilə əməkdaşlıq qurmaq fikrindəyik. Təhsillə məşğul olan QHT-lərlə, təhsildən yazan jurnalistlərlə müntəzəm görüşməyi nəzərdə tuturuq. Pedaqoji Forum platformasını formalaşdırdıq, artıq onun 3 görüşü olub, hansı ki, burada pedaqoji fikirdə yenilik edən, pedaqoji tariximizə töhfə verən şəxslərlə fikir mübadiləsi edirik, istəyirik pedaqoji ictimaiyyəti universitet ətrafında daha sıx birləşdirək. Bəzən xarici mütəxəssisləri dəvət edirik, belə qonaqlarımızdan ilki Şalvi Amanaşvili oldu, sonra Kolimbiya Universitetinin təhsil tədqiqatları üzrə professorunu qəbul etdik, artıq 4-cü aydır ki, Amerikanın tanınmış təhsil mütəxəssisi olan xanım Jill Sperandio universitetimizdədir, müəllim hazırlığını, dünya təcrübəsini bizimlə bölüşür, müəyyən konsultasiya xidmətləri alırıq. Planlaşdırırıq ki, inklüziv təhsil sahəsində işləri dərinləşdirək. Həm orta məktəblərdə, həm kolleclərdə, həm də peşə məktəblərində olan müəllimlərin yenilənməsi istiqamətində layihələr həyata keçirmək istəyirik. Çox dəyərli müəllimlərimiz var, bu universiteti 20-30 il əvvəl bitiriblər, işləyirlər, ancaq təhsildə sürətlə dəyişiklik baş verir. Gündəlik işlərdən vaxt tapıb dəyişiklikləri izləyə bilmirlər. Texnoloji dəyişikliklər, yanaşmalarda, işin spesifikasında dəyişikliklər baş verir. Normativ hüquqi baza yenilənir. Bu çərçivədə davamlı təhsil istiqamətini, yəni ixtisasartırma, əlavə təhsil, ixtisasdəyişmə, təcrübənin artırılması ilə bağlı davamlı təhsil və təlim şöbəsi vasitəsilə bu işi genişləndirməyi fikirləşirik.
- Bu gün təhsil sistemində vacib amillərdən biri kimi, elektronlaşmaya keçid özünü göstərir. ADPU bu istiqamətdə hansı tədbirləri həyata keçirməyi nəzərdə tutur?
- Universitetin idarəçiliyi çox vacib elementlərdən biridir. Biz artıq elektron universitet platformasına transfer edirik. Universitetin elektronlaşdırılması üzərində şiddətli iş gedir. Bütün fakültələr və tədris prosesi elektronlaşdırılır. “Neyron” şirkəti və Təhsil Nazirliyinin dəstəyi nəticəsində elektron tədris modulunu həyata keçiririk. Artıq iki fakültəmiz pilot olaraq yaz sessiyasına həmin platformada başlayıb. Müəllimlər öz elektron jurnallarını tərtib edirlər. Bir-iki ilə bizim universitetimiz tam şəkildə - nəinki Bakıda, bölgələrdə olan filiallarımız da bu platformaya transfer olacaq. Bu isə tədrisin idarəçiliyini sistemli hala gətirəcək, həm də məlumatların mübadiləsini daha yaxşı edəcək. Tələbələrin imtahanın nəticəsi üçün universitetdə saatlarla gözləməsinə ehtiyac qalmayacaq, məlum texnoloji vasitələrdən istifadə etməklə bu məlumatları əldə edəcəklər. Valideynlər, müvafiq dövlət orqanları bu barədə məlumatlı olacaq. Tədrisin elektronlaşdırılmasına, gələcəkdə universiteti distant təhsil alətlərinə gətirib çıxartmağa çalışacağıq. Artıq bir müddət sonra ucqar rayonlarda, şəhərlərdə, orta məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində işləyən müəllim həmkarlarımızı məhz distant təhsil vasitəsilə ixtisasartırma, təkmilləşmə, davamlı təhsil elementlərinə cəlb edəcəyik. Onlar daha çox xərc çəkmədən, Bakıya gəlib, işdən ayrılıb vaxt itirmədən öz işləri ilə həmin distant elementindən paralel istifadə etsinlər. Təbii ki, bu, gələcəyin işidir. Ancaq biz bunu da düşünüb, planlaşdırırıq.
- Hazırda ADPU-da çoxsaylı tələbə ordusu var. Ümumiyyətlə, belə bir fikir var ki, ölkədə savadlı abituriyentlər var, bəs savadlı tələbələr necə, varmı, siz onların təhsil səviyyəsindən razısınızmı?
- Hazırda ADPU olaraq biz keçmiş Müəllimlər İnstitutunun tələbələrini öz ətrafında birləşdirməklə, iki filialımız digər iki ali məktəbə verilib, ancaq 5 filialda fəaliyyətimizi davam etdiririk. İşimizə tənqidi yanaşırıq. Dediklərim yalnız dəyişikliklər idi, bizim işimiz yalnız bundan ibarət deyil. Bu gün pedaqoji təhsilin ümumi problemləri ilə yanaşı, spesifik problemləri də var. Müəllim nüfuzu sovet dövrünün sonlarından gələn prosesin nəticəsində çox böyük zərbə almışdı. Dövlətimizin təşəbbüsü ilə biz yenidən orta məktəbə, müəllimə etibar etməyə başladıq, onun nüfuzu qalxmağa başladı. Bu gün hökumət bu istiqamətdə konkret təşviqedici proqramlar həyata keçirir. Yəni müəyyən bir dövr var idi, abituriyentlər düşünürdülər ki, ali məktəb tələbəsi olmaq naminə harasa daxil olsunlar. Bir çox halda, təəssüflər olsun ki, bu pedaqoji ixtisaslar olurdu. Bir şəxs hökmən həkim olmaq istəyirdisə, birinci həkimliyi, ikinci olaraq biologiya müəllimliyini yazırdı. Artıq son bir neçə ildir ki, savadlı, nümunəvi, yüksək iddialı olan abituriyentlərimiz birinci müəllimlik ixtisasını yazır. Onlar müəllim peşəsinə olan sevgilərini, müəllimliyin artan reputasiyasını düşünərək müəllim ixtisasını seçirlər. Təbii ki, hamısı belə deyil. Daha aşağı balla gələn tələbələr də olur. Ali məktəb olaraq, düşünürəm ki, hansı balla gəlməsindən asılı olmayaraq, hər bir tələbəyə yüksək diqqətlə yanaşmalıyıq və onların təhsildə əldə etdikləri uğurları onların uğurları hesab etməliyik. Onlar təhsildə büdrəyərkən biz birinci günahı pedaqoqlar, alimlər, metodistlər olaraq özümüzdə görməliyik. Biz hər il yeni-yeni tələbələrlə tanış oluruq, işləyirik. Ola bilər ki, orta məktəbdən müxtəlif səbəblərdən aşağı balla gəlsinlər, ancaq inanın ki, aşağı balla ali məktəbə daxil olan tələbə daha yaxşı oxumağa başlayır. Burada bizim yaxşı müəllimlərimizin töhfəsi danılmazdır. Amma biz bunu bir qaydaya çevirməliyik. Əksər hallarda bizim universitetə gələnlərin daha yüksək və səriştə ilə orta məktəblərə getməsinə nail olmalıyıq. Bu, hədəfdir. Universitet olaraq yaxın 10 illə bağlı daha aydın planlara və proqramlara malikik. Bilirik ki, növbəti illərdə hansı addımları atacağıq ki, ADPU-nu arzu etdiyimiz səviyyəyə gətirək və nəinki ölkədə, beynəlxalq reytinqdə pedaqoji kadr hazırlayan bir ali məktəb olaraq buna nail olaq. Ancaq, ümumiyyətlə, biz ölkənin təhsilinin gələcəyi ilə bağlı düşünmək məcburiyyətindəyik, ali məktəb olaraq əsas missiyamız ölkədə pedaqoji kadr hazırlığı və təhsil tədqiqatları sahəsində əsas elmi mərkəzə çevrilməkdir. Bu missiyaya çatmaq üçün addım-addım gedəcəyik. Hazırdakı çatışmazlıqları, təhlükələri izləyirik, iradları bilirik, bu yaxınlarda fərqli bir proyektə imza atmağı düşünürük. Universitetdaxili reytinq qiymətləndirməsinə gedəcəyik. Bu da diferensial əməkhaqqı sisteminə, həm də mənəvi stimullaşdırmaya gətirib çıxaracaq. Hər ilin qiymətləndirməsi nəticəsində universitetin kafedra, fakültə, müəllimlərin reytinqlərini müəyyənləşdirəcəyik. Reytinq əsasında daha yüksək reytinq göstərmiş müəllimlərimizə daha yüksək məvacib veriləcək. Daha aşağı reytinq göstərmiş müəllimlərlə isə yolumuzu ayırmayacağıq, onlarla əlavə işlər görmək, təcrübəyə göndərmək, ixtisas artırmasına nail olmaq, daha yaxşı nəticələri olan müəllimlər sırasına qoşmağa çalışacağıq. Ancaq təbii ki, onlar özləri də cəhd etməlidir. Bu, müəllimlərin rəqabətqabliyyətliliyini artıracaq. Doktoranturaya hər il daha keyfiyyətli doktorantlar qəbul edirik. Planlaşdırırıq ki, xüsusi müqavilə ilə hər il Türkiyəyə 5, yaxud 10 nəfər magistr, doktorantımızı göndərək ki, onlar qayıdıb ADPU-da çalışsınlar. Biz bununla elmi məktəblərimizi yenidən dirçəltməyə çalışırıq. Bizdə sovet dövründən gəlmiş ənənəvi köklü elmi məktəblər var. Bəzi elmi indekslərimiz var ki, o indeks üzrə 20 ildir müdafiə edən yoxdur. Bu o deməkdir ki, müəyyən bir dövr gələr, boşluqlar ola bilər. Ona görə biz məsələyə strateji yanaşırıq. Universitetin elmi məktəblərini də biz qorumalıyıq və o elmi məktəbləri keçmiş sovet məkanından çıxartmalıyıq, daha qlobal düşünməlidirlər. Qərbdə, Şərqdə, xüsusilə Uzaq Şərq ölkələrində əldə olunmuş nailiyyətləri özündə əks etdirən bir üfüqə çıxmalıdırlar. Müəllimlərimiz yalnız keçmiş sovet məkanının dərsliklərini, elmi tədqiqatlarını izləməməlidirlər, öz profili üzrə qonşu Türkiyənin, Avropa ölkələrinin tədqiqatlarını, dünyada bu sahədə yenilikləri izləməlidirlər. Onları imkan daxilində addım-addım universitetdə tətbiq etməliyik.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“Babamızın şeirlərinə sahib çıxanlar var”
10.07.2018
“Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
02.07.2018
“Amerikalı musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərinə böyük maraq göstərirlər”
02.07.2018
“KİV-də intihar xəbərlərinə geniş səkildə yer verilməməlidir”
27.06.2018
“Ədəbiyyat yaradılışdan mənim içimdə, ruhumda olub”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9655

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Qədim Misir incəsənəti və Fəyyum portretləri haqqında


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info