“İnsan Resursları üzrə mütəxəssislərin peşəkar fəaliyyəti müəssisənin işinin irəli aparılmasında mühüm rol oynayır”
Tarix: 06.04.2018 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Fərid Məlikzadə: “İnsan Resursları üzrə mütəxəssislərin hazırlanması və onların peşəkar fəaliyyəti də hər hansı bir müəssisənin işinin irəli aparılmasında mühüm rol oynayır”
“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq deyib ki, işə götürdüyünüz insanlar çox ağıllı və zəruri vərdişlərə malik ola bilərlər. Lakin onlar sizin işə inanmırlarsa, gerçəkdən işləməyəcəklər.
Hazırda HR (insan resursları) hər bir təşkilatın strukturuna daxil olan ən önəmli bölmələrdən biridir. Bazar rəqabətinin ən yüksək səviyyəyə çatdığı bir dövrdə insan resurslarına önəm verməyən müəssisə və təşkilatlar tənəzzülə və reqres inkişafa məhkumdur. Ona görə də müasir dövrdə hər bir müəssisə və təşkilatda HR ilə məşğul olan peşəkar kadrların olması vacibdir. HR işinə böyük önəm verən şirkətlərdən biri də “AtaHolding”dir. Şirkətin İnsan Resurslarının idarə edilməsi üzrə məsul şəxs Fərid Məlikzadə ilə görüşüb insan resursları sahəsində fəaliyyət və bu sahədə aktual məqamlardan danışdıq. Həmin müsahibəni təqdim edirik:
- Fərid müəllim, Azərbaycanda oxucularımız üçün HR termini nisbətən təzədir. Siz bunu necə izah edərdiniz, sizcə, HR nədir?
-Bildiyiniz kimi, “Human resources”, yəni insan resursları anlayışı hər hansı bir şirkət və ya müəssisənin xidmət və ya istehsal sahəsində qarşıya qoyulan məqsəd və nailiyyətlərə çatması üçün istifadə olunan əsas resurslardan biri olan insan amilini özündə ehtiva edir. Yəni bu halda insan istehsal və ya xidmət prosesinin vacib elementi olmaqla yanaşı, həm də istehsalın yönəldiyi əsas hədəfdir. İnsan resursları şirkət və ya müəssisənin öz daxilində bütün işçiləri əhatə edir. Bu baxımdan, insan resurslarının idarə edilməsinin vacibliyi ön plana çıxır. Bu idarəetmə prosesində isə əsas diqqət yenə də bir işçi qüvvəsi kimi, insana, onun motivasiyasına, vərdişlərinin, bilik və bacarıqlarının artırılmasına, təkmilləşdirilməsinə yönəlmiş olur. Çox vaxt insan resursları ilə bağlı sahəni və ya hər hansı bir qurumda insan resursları ilə bağlı departamenti kadrlar şöbəsi ilə səhv salırlar. Halbuki insan resursları təkcə ənənəvi kadrlar şöbəsinin indiyədək həyata keçirmiş olduğu işlərlə kifayətlənmir və daha geniş, ətraflı, uzunmüddətli hədəflərə əsaslanan fəaliyyət sahəsidir. Bu baxımdan, insan resursları üzrə mütəxəssislərin hazırlanması və onların peşəkar fəaliyyəti də hər hansı bir müəssisənin işinin irəli aparılmasında mühüm rol oynayır.
- Ümumiyyətlə, bu sahədə təsəvvür qıtlığını aradan qaldırmaq üçün nə etmək lazımdır? Bununla bağlı nələri tövsiyə edərdiniz?

- Qeyd etdiyim kimi, HR sahəsi olduqca əhatəli və məsuliyyətli bir sahədir və burada hər hansı şirkət və ya müəssisə daxilində, insan resurslarının planlaması və seçilməsi, bunun üçün lazımi işlərin təhlili, öhdəliklərin müəyyən edilməsi, işçi qüvvəsinin seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbulu, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf, uğur və iş qabiliyyətinin ölçülməsi, karyerada yüksəliş, işi dəyişmə zamanı sosial mobilliyin təmin edilməsi, işi qiymətləndirmə, əməkhaqqı, iş intizamı, tibbi xidmət və digər məsələlərin bir-biri ilə əlaqələndirilməsini ehtiva edir. Bu baxımdan, HR sahəsi tam və bitkin bir şəkildə başa düşülməli və qəbul edilməlidir. Bununla bağlı ayrıca olaraq müəyyən maarifləndirmə işləri aparıla bilər.

- Hər hansı bir müəssisənin insan resursları siyasətinin əsasını nələr təşkil etməlidir?
- Peşəkar kadrların hazırlanması, onların təkmilləşdirilməsi və daimi motivasiyası, işlərinin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması kimi amillər hər hansı bir müəssisənin kadr siyasətinin əsasını təşkil etməlidir. Bu baxımdan yuxarıda qeyd etdik ki, HR siyasəti işçi personalın fəaliyyətinin qiymətləndirilməsi və fəaliyyət prosedurlarının müəyyən edilməsini yerinə yetirməklə, bir neçə istiqamət və ya göstərici üzrə aparılır. Yəni müəssisənin əsas strategiyasını və fəaliyyət hədəflərini dəstəkləyən HR idarə edilməsi planlarını və siyasətini inkişaf etdirmək üçün strateji məqsədlərin inkişaf etdirilməsinə yardım etmək, potensial işçi mənbələrini müəyyən etmək və seçmək, müəssisənin məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün kadr tələblərinin müəyyən edilməsi, həmçinin HR planının hazırlanması kimi məsələlər, bu baxımdan, HR siyasətini formalaşdırır.
-Azərbaycanda HR mütəxəssislərinin hazırlıq səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
- HR sahəsinin bir spesifik sahə kimi inkişaf etməsi və formalaşmasına da ciddi fikir vermək lazımdır. Həmçinin insan resursları üzrə mütəxəssisin bütün işi insanlarla, onların peşəkar davranışları və inkişafı, iş motivasiyaları ilə bağlıdır, bu isə işçilərlə, insan resursları ilə daimi iş, ünsiyyət tələb edir. Buna görə də bu sahə üzrə mütəxəssis, ilk növbədə ünsiyyətli, insan psixologiyasını dərindən bilən və idarəçilik qabiliyyətinə, vərdişlərinə malik olmalıdır. HR mütəxəssisi bütün dəyişkən şərait və şərtlərə, hətta, fors-major hallarına belə hazır və çevik olmalı, bu baxımdan, yeni və gözlənilməz çağırışlara cavab verməyi bacarmalıdır.
- Ölkəmizdə bu sahəyə aid mütəxəssislərin yetərincə hazırlıqlı və bilikli olması üçün nələri tövsiyə edərdiniz?
- Bu sahədə daim təkmilləşmək üçün, ilk növbədə öyrənməyə və bu sahəyə meyilli olmaq, insan resursları fəlsəfəsini, psixologiyanı yaxşı bilmək, insanlarla işləmək qabiliyyəti, istər online, istərsə də xaricdə keçirilən, peşəkarların apardığı təlim kurslarına qatılmaq, tətbiq edilən yeni texnologiyaları və innovativ yanaşmaları mənimsəmək, bu sahədə rəqabətliliyi qorumaq üçün daim nəzəri və praktiki bilik və vərdişlər qazanmaq və digər kriteriyalara malik olmaq lazımdır.
- Nümayəndəsi olduğunuz müəssisədə HR siyasətinin necə həyata keçirildiyi və bu sahədə fəaliyyətiniz barədə nələri oxuculara çatdırmaq istərdiniz?
- Təmsil etdiyim müəssisənin missiya və strategiyasına əsaslanaraq “AtaHolding”in və onun Törəmə Təsərrüfat cəmiyyətlərinin ardıcıl inkişafını təmin etmək bizim əsas prinsipimizdir. Əlavə olaraq, holdinqdə işçilərin daim yeni bilik və vərdişlər qazanması, öyrənməsi və təkmilləşməsi məsələsi də daim diqqətimizdədir. Bu məqsədlə hazırlanmış strategiya çox nizamlı şəkildə həyata keçirilir. Əməkdaşlarımızın təkmilləşməsi və peşə təlimi ilə mütəmadi məşğul oluruq, onlar üçün təlim təşkil edilir, həmçinin, bu baxımdan, təlim materialları da dinamizmə uyğun olaraq daim yenilənir. Bundan başqa, işçilərimizin motivasiyası üçün müxtəlif üsullardan, onlar üçün tibbi sığorta, təlim haqqının ödənilməsi, mükafatlandırmalar və ən əsası, korporativ kommunikasiyanı gücləndirmək və işçilərin motivasiyasını yüksəltmək məqsədilə mütəmadi olaraq tədbirlərin təşkil edilməsi və digər formalardan istifadə olunur.
- Fərid müəllim, sonda HR ilə maraqlanan, ümumiyyətlə, Azərbaycanda HR sahəsində uğur qazanmaq istəyən insanlara nə demək istərdiniz?
- Hər bir halda beynəlxalq təcrübədən yararlanmaq lazımdır. Sonda “Luxor and Excalibur Hotel”in prezidenti Rene Vestin sözlərini xatırlatmaq istərdim. “Sizin strategiyanız ən yaxşı strategiya ola bilər, ofisiniz dünyanın ən gözəl şəhərində, ən gözəl binada yerləşə bilər. Lakin siz işçilərinizin ürəklərini fəth edə bilməmisinizsə, ürəyinizdə olan arzularınızın heç biri həyata keçməyəcək”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info