Süleyman Abdulla: “Ciddi ədəbiyyatı ədəbi tənqidsiz təsəvvür etmək mümkün deyil”
Tarix: 09.04.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Abdullayev Süleyman Həşim oğlu 5 noyabr 1965-ci ildə Gədəbəy rayonunun Arabaçı (indiki Çiçəkli) kəndində anadan olub. 1972-1982-ci illərdə Arabaçı kənd orta məktəbində orta təhsil və 1983-90-cı illərdə M.Əzizbəyov adına Az.NKİ-nin (indiki ADNSU) İPA (İstehsalat Proseslərinin Avtomatlaşdırılması) fakültəsinin “Tətbiqi riyaziyyat” ixtisası üzrə ali təhsil alıb. 1984-86-cı illərdə hərbi xidmətdə olub. 2001-ci ildən AYB-nin üzvüdür. Süleyman Abdulla 4 şeir, 4 nəsr kitabının müəllifidir.



-Hazırda ölkə ədəbiyyatında ədəbi prosesin yeni dönəmi başlayıb. Əvvəllər qəzet, jurnal və kitablar vasitəsilə aparılan ədəbi söhbətlərin yükü günümüzdə sosial şəbəkələrin üzərinə düşür. Sizin bu haqda fikirlərinizi bilmək maraqlı olardı.
-Taleyin ironiyasıdırmı, ya bizim bəxtimizdəndirmi, bilmirəm, mənim aid olduğum ədəbi nəsil, eyni zamanda bir neçə ictimai formasiyanı yaşamalı oldu. Biz senzuralı sovet ədəbiyyatını da, müstəqillik hayqıran və meydanlara sığmayan inqilab ədəbiyyatını da, keçid dövrünün və sonrakı boz-bulanıq, səmti-yönü bilinməyən bir ədəbi dönəmi yaşamalı olduq. Sovetlər dönəmində çap olunmaq nə qədər çətin idisə, bir o qədər də dəyərli idi. Məsələn, “Ulduz”, “Azərbaycan” kimi nüfuzlu jurnallarda, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində çap olunmaq, artıq gənc imzanın ədəbi aləmdə tanınması və qəbul olunması demək idi.
Daha sonra nüfuzlu “Gənclik” jurnalı da bu ampluada çıxış etməyə başladı. Xoşbəxtlikdən sadaladığım ədəbi orqanlarda çap olunmaq səadəti, o vaxtlar gənc müəllif kimi mənə də qismət olub. Təbii ki, çap olunan əsərlərin arxasında M.Araz, Ə.Salahzadə, S.Sərxanlı, A.Məmmədovvə b.kimi ədəbiyyat nəhənglərinin himayədarlığı dayanırdı.
Bugünkü ədəbi proseslərdə isə tanınmış şair və yazıçıların himayəsinə ehtiyac yoxdur. Hər zamanın öz tələbləri var və biz, istəsək də, istəməsək də zamanın tələblərinə uyğunlaşmalıyıq. Artıq texnologiyanın inkişafı sayəsində yazdıqlarımızı dərhal ictimailəşdirə, dünyanın istənilən nöqtəsinə çatdıra bilirik... Və bu, çox gözəldir. Sonrası artıq oxucunun səviyyəsindən və ədəbiyyatı hansı dərəcədə qavramasından asılıdır. Şəxsən mən, sosial şəbəkələr olmasaydı, 2004-cü ildən tərk etdiyim ədəbi mühitə bir daha qayıtmayacaqdım.
- Sizin göz açdığınız Gədəbəy rayonu söz-söhbət məkanıdır. Burada tanınmış şairlər, sənətkarlar yetişmiş və ölkə ədəbi mühitinin çiçəklənməsində yaxından iştirak etmişlər. Oxucularımıza Gədəbəy ədəbi mühiti haqqında söhbət açardınız.
- Bizim cənnətməkanımız Gədəbəyin təbiəti elədir ki, orda anadan olanların hamısı şair olmasa da, ən azı şair təbiətli olur. Aşıq şeirini, folklor yaradıcılığını dərindən bilirlər. Əlbəttə, rayon hüdudlarına sığışmayan qələm sahiblərimiz də çoxdur. Nə yazıq ki, bu yaxınlarda İ.Tapdıq və N.Hacızadə kimi azmanlarımızı son mənzilə yola saldıq. Buna baxmayaraq, onların yolunu ölkə səviyyəsində və ölkədən kənarda layiqincə davam etdirən M.Ələkbərli, F.Mustafa, A.Arabaçı, O.Fərmanoğlu, R.Kərəm, Z.Vilayətoğlu, İ.Türkoğlu və s. kimi qələm sahibləri var. Rayonun özündə yaşayıb-yaradan S.Camalın, G.Göyyurdun və C.Qəmbərin (Abdullayev) yaradıcılığı maraq doğurur.
Düzü, mən Gədəbəy ədəbi mühitinə çox da bələd deyiləm. Tanıdığım imzalar da çox azdır. Əslində, Gədəbəy ədəbi mühiti də mənim imzamı indi-indi tanımağa başlayıb. Hətta bəziləri mənim gədəbəyli olduğumu biləndə heyrətə gəlir. Qəribədir ki, Gədəbəy rayonu İcra Hakimiyyətinin siyahısında nə şair, nə də nasir kimi mənim adım yoxdur. Amma mən ölkədə və ölkədən kənarda rayonumuzu və doğma Arabaçı kəndimizi sevərək təmsil etməkdəyəm.
- Sizin ürəkaçan şeirləriniz var. Bizə ədəbiyyata gəlişinizdən söhbət açardınız və şeirlərinizdən birini oxucularımız üçün paylaşardınız.
- Ədəbiyyata gəlişim təsadüfi deyil. Mən lap birinci sinifdə oxuyandan mütaliə ilə məşğul olmuşam. Nağıl kitabları ilə başladığım mütaliə qısa müddət ərzində irihəcmli romanlarla da məhdudlaşmırdı. Artıq 6-cı sinifdə oxuyanda çoxcildli əsərlər oxuyurdum və buna görə döyüldüyüm vaxtlar da olub. Məktəbin son illərində artıq oxumağa kitab tapa bilmirdim, hətta Leninin kitablarını oxumağa başlamışdım. Bakıya gəlməyim lap yerinə düşmüşdü, burda kitabla, mütaliə ilə bağlı problemim həll olunmuşdu.
Yazmağa isə bütün uşaqlar kimi yeniyetməlik dövrünün ilkin çağlarından başlamışdım. Təbiətcə utancaq olduğumdan yazıb gizlədirdim. O vaxtlar rayonun “Tərəqqi” qəzeti var idi, kəndimizdə cızma-qara edənlər oraya yazı göndərirdilər, amma mən utanırdım. Təsəvvür edirsinizmi, M.Arazın rəyi ilə “Azərbaycan təbiəti” jurnalında, “Ulduz”da, “Gənclik”də, “Azərbaycan”da şeir və hekayələri çap olunan bir adam bu barədə doğulduğu kənddə söhbət eləməyə utanır,- gülməli deyilmi?!
Ciddi ədəbiyyata ilk gəlişim, o vaxtlar S.Rüstəmxanlının baş redaktor olduğu “Azərbaycan” qəzetindən başlayıb. Yazıb-gizlədiyim şeirlərimdən bir neçəsini məndən xəlvət Zabit adlı sinif və tələbə yoldaşım həmin redaksiyaya göndərir. Bir gün adıma iri bir məktub gəldi. Açıb baxanda heyrətə gəldim. Məktubu o zamanların ən populyar şairi R.Behrudi imzalamışdı və məni şeirlərimi bəyəndiyinə görə redaksiyaya dəvət edirdi. Təbii ki, sevincimin həddi-hüdudu yox idi, sanki uçaraq getdim redaksiyaya...Və bu gün ədəbiyyat sahəsində qazandığım uğurlara görə Rüstəm müəllimə çox minnətdaram... Daha sonra “Azərbaycan təbiəti” jurnalı, “Açıq söz” qəzeti, “Ulduz”, ”Azərbaycan” jurnalları və s...
Mən hərbi mövzuları çox sevirəm və bu sahədə olan qıtlığı hiss edirəm. Müxtəlif janrlarda (klassik, əruz, sərbəst, modern, postmodern) yazmağıma baxmayaraq, hərbi mövzu məni özünə daha çox cəlb edir. O səbəbdən Qarabağ qazisi B.Məmmədova yazdığım şeiri çox sevirəm. Bu şeirin yazılma tarixçəsi də maraqlıdır. Bəhruz mənə üstündə döyüşçülər olan bir BMP şəkli göndərdi. Altında yazmışdı ki, məndən soldakıların hamısı şəhid olub...Ən sağdakı Bəhruzun özü idi. Deməli, Bəhruzdan başqa, bütün döyüşçülər şəhid olmuşdular...

Yada salma
Bizim xatirələr nağıla sığmaz,
Danışsan dil yanar, dodaq odlanar.
Dilin söylədiyi ağıla sığmaz,
Ürək heç, adam heç...lap dağ odlanar.

Üzünü çevirmə uşaq tərəfə,
Qorxacaq, üzündə meyit rəngi var.
Mərmi kirpiyini qırpma, hər dəfə,
Səngər gözlərindən cəsədlər çıxar.

Tuşlama heç kimə avtomat əli,
Nə qədər meyit var tətik səsində.
Ciyərin yanırsa, qan var,- içməli,
Hər can bir bulaqdır “Qrad”lı tində.

Acı gülüşündən tank oda düşər,
Bu top mərmisidir, futbol oynama.
Mina çəkmələrin ofsayda düşər,
Uçar göy qapıya qıç...qol, oynama.

Qumquman qan dolu,-
məst etmiş səni,
Sarılan bombadır düşmən yarası.
Düşmənin başına sıx hirs gülləni,
Üzük tax, partlasın əl qumbarası.

Sənin yağışın da qırmızı yağar,
Sorular gözünün çanağına qan.
Nə Ağ çay, nə Qara...axar qan, axar,
Nə danışan yatar, nə qulaq asan.

...Nolar , o günləri yada salma,- Yox...
Yaddaşa qəlpələr, huşa çat düşər.
Bizim nağıllarda göydən alma yox,
Allah göstərməsin, raket-zad düşər.
- Bəzən yaradıcı insanlar həm nəsr, həm də nəzm əsərləri yazırlar. Biz daha çox görürük ki, belə insanlar bu iki sahədən birində daha çox qələbə çalırlar.
- Əslində, nəsr nəzmin mükəmməl formasıdır və nəsrə gedən bütün yollar nəzmdən keçir. Sadəcə olaraq, nəsrdə problemlər daha çoxdur. Bu problemin biri və birincisi vaxt problemidir. Nəsr yazan ədibin çoxlu zamanı və dəmir kimi səbri olmalıdır. İndiki zamanda ən qıt olan elə bu iki şeydir. Şeirə isə, şəxsən mənim üçün çox az vaxt lazım olur. Səbrimi sınamaq üçün də şeirdən yaxşı vasitə təsəvvür eləmirəm. Təzadlarla dolu dünyamızda irihəcmli əsərlərin yazılmaması, bilavasitə, vaxt çatışmazlığı və əsəblərin daim gərginlik altında olması ilə əlaqədardır. Eyni zamanda həm yaşamaq, həm də şedevr yaratmaq barədə düşünmək mümkün olmur. Mən artıq nəsrlə vidalaşmışam.
-Hazırda ədəbiyyatımızda olan boşluqlardan biri də sağlam ədəbi-tənqid mühitinin yoxluğudur. Yazarlar üçün ədəbi tənqidçilər, məncə, vacibdir.
- Ciddi ədəbiyyatı ədəbi tənqidsiz təsəvvür etmək mümkün deyil. Hal-hazırda, ədəbiyyatımızda tənqid deyilən janr yox dərəcəsindədir. Ədəbi mühitin özü eybəcərliklərlə doludur. Qruplaşmalar, qütbləşmələr at oynadır. İstedadsız adamların kütləvi axını ədəbiyyatımızın gələcəyini şübhə altına salır. Ədəbi tənqidçilər əvəzinə, ədəbi mədhiyyəçilər yetişməkdədir... Və mənə elə gəlir ki, bu yaramaz axının qarşısı təcili alınmalıdır. Tək-tək rast gəlinən vicdanlı tənqidçilərə meydan verilməlidir.
- Sonda oxuculara sözünüz?
- Oxuculara sözüm odur ki, çalışıb zövqlərini qorusunlar. Cılız, plagiat, epiqon, saxta əsərləri oxunmaqla vaxtlarını və ömürlərini hədər yerə xərcləməsinlər. Dəyərli əsərlərin oxucusu olmaq tam fərqli bir həzdir. Uzun ömür, zövqlü yaşayış və sağlam həyat tərzi hamının arzusunda olduğu nəsnələrdəndir... Və mən onlara arzusunda olduqlarını arzulayıram!
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
“Məqsədimiz beynəlxalq arenada mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdir”
13.08.2018
“Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
10.08.2018
Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər
07.08.2018
Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
06.08.2018
“Rusiya və Azərbaycanın strateji əməkdaşlığı dərin tarixi köklərə malikdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9890

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info