“Meqa tədbirlər ölkəmizin turizm sahəsinə böyük dividendlər qazandırıb”
Tarix: 12.04.2018 | Saat: 21:32:00 | E-mail | Çapa göndər
Vüsalə Məmmədzadə: “Həmin tədbirlər vasitəsilə biz Azərbaycanı dünyaya tanıtmağa müvəffəq olduq“

Ölkəmizdəki sosial-iqtisadi inkişafın nəticəsi bir çox sahələrdə özünü göstərir. Bu gün mövcud sabit şərait, müxtəlif istiqamətlərdə reallaşan tədbirlər qeyri-neft sektorunun inkişafına təkan verir. Bu gün Azərbaycanın artıq çoxlu sayda iri beynəlxalq tədbirlər, beynəlxalq forumlar, idman tədbirləri – birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları təşkil edən ölkə olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu oyunlar arasında cəmi iki il vaxt keçib: “Bu da bizim imkanlarımızı, habelə dünyanın bizə münasibətini nümayiş etdirir. Ona görə ki, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası 100-dən çox ölkəni birləşdirir. Bu, dünya birliyinin yarıdan çoxu deməkdir. Bunlar, əslində, dünyanın aparıcı ölkələridir. Əlbəttə, düşünürəm ki, biz buna öz əməyimizlə, öz siyasətimizlə və onun sayəsində nail olmuşuq ki, Bakı dünya xəritəsində çox məşhur şəhərə çevrilib”.
Ölkə başçısı onu da bildirib ki, son vaxtlar bizə çoxlu turistlər gəlir: “Son üç ildə turizm çox inkişaf edib və bütün bunlar bizim həyata keçirdiyimiz fəaliyyətin nəticəsidir. Azərbaycan sabit ölkədir, Azərbaycan xalqı öz qonaqpərvərliyi ilə məşhurdur, ölkəmizdə işləmək, istirahət etmək üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, əlbəttə, gələcəkdə bu cür tədbirlər daha çox olacaq. Biz öz tərəfimizdən həmişə çalışırıq ki, sıx əməkdaşlıq etdiyimiz ölkələrin öz arasında da yaxşı işgüzar münasibətlər olsun”.
Turizm sahəsinin ölkənin sosial-iqtisad inkişafına böyük təsir göstərən sahələrdən biri olduğunu deyən Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadənin sözlərinə görə, bir çox ölkələrin təcrübəsində məlumdur ki, turizm əmək tutumlu sahədir və kiçikhəcmli biznesin inkişafı üçün imkanlar yaradır: “Hər birimiz gözəl anlayırıq ki, Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayan bir ərazidə yerləşir, məhz bu xüsusiyyətlərinə görə Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası təkcə dövlətimizin deyil, eləcə də hər birimizin diqqət mərkəzində olmalıdır. Turizm təkcə təbiəti seyr etmək, ondan mənəvi zövq almaqla bitmir. O, eyni zamanda təbliğat və təhsil, görkəmli adamlarla görüşlər, tarixi mədəniyyət abidələri ilə, qədim şəhərlərlə, incəsənətlə tanışlıq, eləcə də meqa tədbirlərin təşkili vasitəsilə öz siyasətini, iqtisadiyyatını dünyaya tanıtdırmağa imkan yaradır. Hər bir güclü dövlətin ağıllı mədəniyyət siyasəti olur. Eləcə də bunun əsasını Azərbaycanda qoymuş ulu öndər Heydər Əliyevin mədəniyyət siyasəti indi də doğru addımlarla irəli gedərək ölkəmizin inkişafı naminə uğurlu şəkildə dünya ölkələrinin diqqət mərkəzində özünə yer tutub”. V.Məmmədzadə onu da bildirdi ki, son illərdə ölkəmizin uğurlu mədəniyyət siyasətindən biri də ölkəmizdə durmadan bir-birinin ardınca keçirilən meqa tədbirlərdir: “Həmin tədbirlər vasitəsilə ilk öncə biz Azərbaycanı dünyaya tanıtmağa müvəffəq olduq. Bu, ölkəmiz üçün həm iqtisadi, həm siyasi, həm də mədəni uğurlar əldə etməyimizə birbaşa uğurlu səhifə açdı. Məsələn, ilk dəfə 2012-ci ildə Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə Bakı Kristal zalında ev sahibliyi etdi. Əslində, bəlkə də, bu tədbir bir çox Avropa ölkələrinin imtina edəcəyi müsabiqə ola bilərdi. Amma bu tədbirin keçirilməsi bizim ölkəmiz üçün çox önəmli idi. Çünki bizim ölkəmiz yenicə müstəqillik qazanan, turizm sahəsində ilk addımlarını atan ölkə kimi, belə bir tədbirə ev sahibliyi edib, Azərbaycanımızı Avropaya tanıtmağa bizə digər tanınmış və inkişaf etmiş ölkələrdən daha çox lazım idi. Eləcə də onun ardınca gələn Bakı-2015 Avropa Oyunlarının keçirilməsini göstərmək olar. Bu meqa tədbirin keçirilməsi də ölkəmizin mədəniyyət siyasətində uğurlu səhifələrdən biri kimi tarixə düşdü.
Avropa Oyunları zamanı dünyanın elə qitəsi olmadı ki, Azərbaycandan birbaşa canlı yayım etməsin. 2500-dən artıq jurnalist gələrək birbaşa öz ölkələrinə canlı yayım vasitəsilə ölkəmizin mədəniyyəti haqda informasiyalar ötürdülər. Hətta idman oyunları zamanı fasilələr yaranırdı ki, həmin dəqiqələrdə də reklam çarxlarında avropalılara mədəni turizm potensialı ilə bağlı bilgilər ötürülürdü. Həmin bu təbliğat isə ölkəmizin turizm sahəsinə böyük dividentlər gətirdi”.
Həmin ildən sonra ölkəmizə gəlmək istəyən turistlərin sayının artdığını deyən V.Məmmədovanın fikrincə, bunun səbəbi odur ki, avropalılar bu meqa tədbirlər vasitəsilə ölkəmizlə daha yaxından tanış olduqdan sonra burada sülh var, əmin-amanlıq, iqtisadi və mədəni durumu inkişaf etmiş dövlət olduğunu gördülər: “Onu da deyim ki, istənilən turist üçün getdiyi ölkənin birinci, siyasi, iqtisadi, mədəni durumu önəmli olur. Əgər bunlar qənaətbəxşdirsə, turistlər seçimini o ölkəyə edirlər”.
O da vurğulandı ki, daha sonra ölkəmiz növbəti 2017 İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib: “Bununla biz ilk olaraq dünyaya mesaj verərək bildirdik ki, İslamda sevgi var, İslamda mərhəmət var, İslamda birlik var. Budəfəki meqa tədbirimizdə 54 İslam dövlətləri iştirak etdi. Bu meqa tədbirdə də yüzlərlə dünya ölkələrinə canlı yayım vasitəsilə Azərbaycan mədəniyyətini, Qarabağın sehrli xalçası, muğam sənətimizlə dünya ölkələrini heyran qoyduq. Həmin ildən sonra turistlərin sayı durmadan artdı. “Formula-1” yarışmalarının Azərbaycana gətirdiyi iqtisadi gəlirləri yada salsaq ötən dəfə Bakıda keçirilən bu yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi.
Paytaxtda baş tutmuş “Formula-1” yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, indiyədək Bakıda keçirilmiş “Formula-1” yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Hesabatda 277,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində F-1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, Bakıda baş tutmuş iki Qran-pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F-1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir. Beləliklə, son illərdə bir-birinin ardınca keçirilən meqa tədbirlər vasitəsilə ölkəmiz turizmin inkişafında inanılmaz dərəcədə böyük dividentlər əldə etməyə nail olub”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.04.2018
Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni vətəndaş müharibəsinə aparır
23.04.2018
“Təhlükəsizlik Şurası dünyadakı güc balansını artıq əks etdirmir”
23.04.2018
“Azərbaycan qısa vaxtda bütün dünyada öz sözünü deyən ölkələrdən birinə çevrilib”
23.04.2018
Pyer Alen Rafan: “Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçib”
23.04.2018
Stokholmda Azərbaycan musiqisi və mədəniyyəti nümayiş olunub

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info