Prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycana gəlmiş bir qrup xarici jurnalist cəbhə xəttində yerləşən kəndlərdə əhalinin yaşayışı, məcburi köçkünlər üçün yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə aprelin 13-də Tərtər rayonuna səfər edib. “The Jerusalem Post”, “Hill and Fox News Latino”, “Agenzia Nova” və “Report Difesa” media qurumlarının nümayəndələri əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya ciddi ziyan dəyir, əhalinin məişət işləri ilə məşğul olmasında çətinlik yaranır. Ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsirlər ki, bu da əkin sahələrinin suvarılmasında çətinliklər törədir. Çaylar vasitəsilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Xarici jurnalistlər sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.
|