Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
Tarix: 16.04.2018 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


“İndi peşəkarlığına, təcrübəsinə hörmət etdiyimiz yaşlı müəllimlərimiz var ki, onlar da gənclik illərində çox çalışıb, nailiyyətlər əldə edib, uğur qazanıblar. Yəni gəncliyində uğur qazanmayanların yaşlandıqda nə isə qeyri-adi nailiyyətlər əldə etməsi mümkün deyil. Ona görə də indiki gəncliyin əldə etdiyi uğurlar məndə belə təsəvvür yaradır ki, gələcəkdə onlar da tanınan, sayılıb-seçilən müəllimlərdən olacaqlar”

Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradıb. Həyata keçirilən məqsədyönlü tədbirlər yüksək nəticə göstərən abituriyentlərdə müəllim peşəsinə marağı əhəmiyyətli şəkildə artırıb. Ötən il qəbul imtahanlarında 500-dən yuxarı bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib. Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri yeni məktəblərin tikilib istifadəyə verilməsi və ya təmir edilməsidir. 2003-2017-ci illərdə 3100 məktəb tikilib və ya təmir olunub. Bu istiqamətdə tədbirlərin davam edəcəyini deyən ölkə başçısı bildirib ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Bildirilib ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmayacaq. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Bununla da Bakı şəhərində təmirsiz məktəb qalmayacaq. Təhsilin inkişafında reallaşan tədbirlərdən biri də müəllimlərin fəaliyyətinin stimullaşdırılmasına yönəlib. Bu istiqamətdə tədbirlər 2017-ci ildə də davam etdirilib, 26 şəhər və rayonda 50 min müəllimin bilik və bacarıqları yoxlanılıb, beləliklə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu gün müəllimlər də təhsilin inkişafı ilə bağlı tədbirləri müsbət qiymətləndirir, müəllim peşəsinə gənclərin həvəsinin daha da artdığını deyirlər. Ümumtəhsil məktəblərində şagirdlərə təhsilin vacib amil olduğunu, onlarda təhsilə maraq yaradan, sevdirən isə məhz ibtidai sinif müəllimləridir. Müsahibimiz Bakı şəhəri 240№-li tam orta məktəbin ibtidai sinif müəllimi, 2010/2011-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Mətanət Səmədovadır:
- Bu gün şagirdlərin təhsilə marağını necə qiymətləndirirsiniz?
- Müasir dövr informasiya dövrüdür. Cəmiyyətimizin bütün sahələrində informasiya mənbələrinin zənginliyi şagirdlərin və onların valideynlərinin diqqətini müxtəlif sahələrə yönəldir. Ona görə də müəllim şagirdin maraq və ehtiyaclarını öyrənməklə, onu təhsil prosesinə cəlb etməlidir. Əks halda, şagirdin təhsilə marağı azala bilər.
- Belə bir fikir səslənir ki, tədris proqramları çox ağırdır. Bu barədə nə deyərdiniz?
- Bu gün Azərbaycan təhsili keçid mərhələsini yaşayır. Bu o deməkdir ki, əksər valideynlər, eləcə də bəzi müəllimlər hələ də ənənəvi təhsilin təsirindən çıxa bilməyiblər. Ona görə də yeni fikirlərin qəbul edilməsi çətinliklər yaradır. İctimaiyyətdə tədris proqramının çox ağır olması fikri formalaşıb. Əslində isə yeni tədris proqramı gələcəyimiz üçün müstəqil düşüncəli, çevik təfəkkürə malik olan vətənpərvər vətəndaşlar yetişdirmək üçün hazırlanıb. Lakin etiraf edək ki, əksər dərslik müəllifləri yeni tədris proqramlarında standartların tələblərindən kənara çıxaraq dərsliklərdə səhvlərə yol veriblər. Təcrübəli müəllimlər bu nöqsanların öhdəsindən peşəkarlıqla gəlir, şagirdlərin əlavə mənbələrdən istifadə etməklə tədqiqat aparmaq bacarıqlarını inkişaf etdirirlər.
- Bu gün əsas müzakirə mövzularından biri də kurikulumla bağlıdır. Bununla bağlı fikirlərinizi bilmək istədik. Sizcə, kurikulumun hansı müsbət və mənfi cəhətləri var?
- Kurikulum yeni tədris proqramı deməkdir. Ənənəvi təhsil proqramından fərqli olaraq kurikulumda şagirdlərə şəxsiyyət kimi yanaşılır. Onlarda müstəqil tədqiqat aparmaq qabiliyyəti formalaşdırılır. Yəni kurikulumda şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirilir. Kurikulum proqramı Qərb ölkələrinin əksəriyyətində yüz ildən artıqdır ki, tətbiq edilir. Bu ölkələrin inkişaf etmələrinin əsas səbəblərindən biri də onların kurikulum proqramı əsasında təhsil sistemlərinin inkişaf etmələridir. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini əsas götürərək biz də yeni tədris proqramını - kurikulumu inkişaf etdirməliyik. Düşünürəm ki, kurikulum proqramı orta məktəblərdə tətbiq edilməzdən əvvəl müəllimlərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılmasına daha çox diqqət yetirilsəydi, yəqin ki, bu gün bəzi problemlərlə qarşılaşmazdıq.
- İbtidai sinifdə təhsil alan şagirdlər üçün xarici dilin tədrisi çətin deyil ki?
- İbtidai siniflərdə şagirdlərin xarici dil öyrənməsini müsbət qəbul edirəm. Lakin yaxşı olar ki, bu siniflərdə şagirdlərə söz ehtiyatı öyrədilsin, danışıq bacarıqları aşılansın.
- Müəllimlərin kurslara cəlb edilməsinə münasibətiniz necədir?
- Müəllimlər cəmiyyətin bütün dövrlərində ən başlıca aparıcı qüvvə olublar. Ümumiyyətlə, əgər müəllimin axtarışa, öyrənməyə həvəsi böyükdürsə, o cəmiyyət inkişaf edib. Bu baxımdan da öyrənməyi həyatımın ayrılmaz hissəsi hesab edirəm. Ona görə də həm özüm müstəqil öyrənməyi, həm də kurslara gedərək peşəkar təlimçilərdən öyrənməyi çox sevirəm. Qeyd edim ki, müasir tədris proqramları ilə bağlı öyrəndiklərimi təlimçi və mentor olaraq peşə yoldaşlarıma da öyrədirəm.
- Dərslərdə müasir texnologiyaların tətbiqinin hansı üstünlükləri var?
- Dərsdə təlim texnologiyalarının, eləcə də informasiya-kommunikasiya texnologiyalarının üstün cəhətləri çoxdur. Bu barədə saatlarla, hətta günlərlə danışmaq olar. Lakin ən vacib olanı qeyd edim ki, təlim prosesini daha maraqlı, işgüzar, effektli edir. Tədrisin keyfiyyəti yüksəlir, şagirdlərdə dərsə marağı artırır.
- Müəllimlərin işə qəbulunda imtahan prosesini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, müəllimlərin işə qəbulunda imtahan prosesini yüksək dəyərləndirirəm. Nəzəri bilikləri çox yüksək olur. Düşünürəm ki, tələbələrin təhsil müəssisələrində işə qəbul olduqdan sonra 1 il təcrübə keçməsi onların nəzəri və təcrübi bilik və bacarıqlarını tamamlamış olar.
- Müəllimlərin diaqnostik qiymətləndirilməsi hansı imkanlar yaradır?
- Diaqnostik qiymətləndirilmənin aparılması müəllimlərin peşəkarlıq səviyyəsini ortaya qoymaqla yanaşı, onların əməkhaqlarının artırılmasına şərait yaradır. Bu isə öz növbəsində müəllimlərin işləmək üçün həvəsinin artmasına səbəb oldu.
- Bu gün ibtidai sinif müəllimləri olan gənclərin tədris səviyyəsi sizi qane edirmi?
- Əlbəttə, edir. Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil. İndi peşəkarlığına, təcrübəsinə hörmət etdiyimiz yaşlı müəllimlərimiz var ki, onlar da gənclik illərində çox çalışıb, nailiyyətlər əldə edib, uğur qazanıblar. Yəni gəncliyində uğur qazanmayanların yaşlandıqda nə isə qeyri-adi nailiyyətlər əldə etməsi mümkün deyil. Ona görə də indiki gəncliyin əldə etdiyi uğurlar məndə belə təsəvvür yaradır ki, gələcəkdə onlar da tanınan, sayılıb-seçilən müəllimlərdən olacaqlar.
- Hansı mövcud problemlərin aradan qalxmasını istərdiniz?
- Əvvəlki illərə nəzər salsaq, təhsil sahəsində bir çox problemlər aradan qaldırılıb. Yeni, müasir tələblərə cavab verən məktəblər tikilib, əsaslı təmir olunub. İnternetlə təmin olunmuş sinif otaqları çoxalıb. Belə şərait müəllimlər üçün geniş imkanlar yaradır. Lakin bu gün məktəblərdə şagird sıxlığı müşahidə olunur. 45 dəqiqəlik dərs prosesini fəal təlimlə 38-40 şagirdlə qurmaq çətinlik yaradır, müəllim qarşıya qoyduğu məqsədə tam nail ola bilmir. Təklif edərdim ki, şagird sıxlığı olan ərazilərdə yeni sinif otaqları tikilsin və hər sinifdə şagirdlərin sayı 24 nəfər olsun.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
12.06.2018
“Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
11.06.2018
BP-də yüksək vəzifədə çalışan Leyla Novruzova: “Karyeramı planlamaqda çox da yaxşı deyiləm“
06.06.2018
“Serbiyada Azərbaycan mədəniyyətinə çox böyük maraq var”
05.06.2018
Sənan Cəfərov: “Bizi tanıyan xəstələrin heç biri xaricə üz tutmur”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9431

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info