“Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir”
Tarix: 17.04.2018 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Serj Sarkisyanın Rusiyanın “İzvestiya” qəzetinə müsahibə verib. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Serj Sarkisyanın bu müsahibəsini şərh edib: "Hakimiyyətdə olduğu müddətdə dövlətin inkişafı və xalqın rifahının yaxşılaşması ilə bağlı heç bir nəticə əldə etməyən Ermənistan rəhbərliyi, görünür, qarşıdan gələn hakimiyyət dəyişikliyi ərəfəsində müsahibələr və propaqanda vasitəsilə bunu kompensasiya etməyə çalışır".

O bildirib ki, son on il ərzində Ermənistanın xarici borcu sürətlə artaraq, 7 milyard ABŞ dolları həcminə yaxınlaşır: “Bu rəqəm milli qanunvericilikdə xarici borcun Ümumi Daxili Məhsula nisbətində qoyulmuş həddi aşıb. İşsizlik 18,9%, yoxsulluq 32% təşkil edir. Reallıqda isə bu rəqəmlər daha yüksəkdir. Ölkə demoqrafik böhran şəraitindədir. Bu real sosial-iqtisadi mənzərənin fonunda hansısa iqtisadi inkişafdan danışmaq yalnız xülyadır”.
H. Hacıyev qeyd edib ki, müsahibədə S. Sarkisyan ölkəsinin özünütəcrid vəziyyətində olmasını etiraf edir: “Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə, digər qonşu dövlətlərə qarşı ərazi iddialarına görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir. Ermənistan BMT Nizamnaməsi əsasında üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal edib və işğal olunmuş ərazilərdə yaşayan köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədib. İşğala məruz qaldığı halda, işğalçı dövlətlə danışıqlar aparmaq Azərbaycan tərəfindən nümayiş etdirilən ən böyük güzəştdir. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir”.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, Ermənistanın düşdüyü geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır: “Əks təqdirdə, Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır, iqtisadi və sosial qanunauyğunluqdur. Ermənistan rəhbərliyi nə qədər bunu tez dərk edərsə, bir o qədər tez Ermənistan əhalisi üçün yaxşı olar”

Stiv Yarbrou: “Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qəti dəstəkləyirik”

Yeri gəlmişkən, ABŞ-ın Arizona ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə edən bəyannamə qəbul edib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul edilib. Bəyannamə həmin gün Senat sədri və müavini tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.
Senat sədri Stiv Yarbrou tərəfindən imzalanmış bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Bəyannamədə, həmçinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizmə, narkotik vasitələrin qaçaqmalçılığına və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.
Sənəddə, həmçinin qeyd olunur ki, Los-Ancelesdəki baş konsulluğu vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.
Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur.

“Heydər Camalın xatirəsinə - Qarabağ poeziyası” adlı tədbir keçirilib
Bu arada İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Stokholmda “Heydər Camalın xatirəsinə - Qarabağ poeziyası” adlı tədbir keçirilib. Heydər Camalın xatirəsinə həsr olunan gecədə Qarabağ haqqında geniş danışılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsveç ictimaiyyətinin və Azərbaycan diaspor nümayəndələrinin iştirak etdiyi gecənin qonaqları arasında Heydər Camalın ailə üzvləri – həyat yoldaşı Gülnar Camal, oğlu Orxan Camal, qızı Kövsər Camal, eləcə də Rusiyanın tanınmış jurnalist və politoloqu Maksim Şevçenko da olublar.
Tədbiri giriş sözü ilə açan İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev Heydər Camal haqqında qısa məlumat verib, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılmasında Heydər Camal yaradıcılığının xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edilib ki, 30 ilə yaxındır işğal altında olmasına baxmayaraq, Qarabağ hələ də Azərbaycan ədəbiyyatının və musiqisinin beşiyi sayılır və dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlılar mədəni irsimizin gələcək nəsillərə ötürülməsi üçün bütün gücünü səfərbər edir.
Heydər Camalı öz müəllimi hesab edən Maksim Şevçenko onunla dostluq əlaqələrindən bəhs edib, xatirələrini bölüşüb. M.Şevçenkonun sözlərinə görə, Heydər Camal tez-tez Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqqında söhbət edərmiş və Qarabağ xanlarının nəslindən olması ilə qürur duyarmış. Ona görə də Maksim Şevçenko hesab edir ki, Heydər Camalın fəlsəfi əsərləri və şeirləri mütləq Azərbaycan dilinə tərcümə edilməlidir.
Şairin oğlu, Rusiyanın tanınmış jurnalisti Orxan Camal özünün ictimai xadim və jurnalist kimi formalaşmasında atasının böyük rolu olmasından bəhs edib. Şairin qızı Kövsər isə atasına həsr etdiyi şeirini oxuyub. Azərbaycanlı şairə və dramaturq Leyla Bəyim Heydər Camalla bağlı xatirələrini bölüşərək, onun Qarabağ torpağına bağlılığı, Xurşidbanu Natəvan ilə qohumluq əlaqələri haqqında danışıb.
Sonda Praqada ingilis və rus dillərinə nəşr olunmuş “Qarabağ ürəyi” kitabının təqdimatı olub. Kitabda Xurşidbanu Natəvanın, Heydər Camalın və Leyla Bəyimin şeirləri toplanıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info