Uzun illərdir Fransada yaşayan məşhur pianoçu Adilə Əliyeva Bakıda musiqi məktəbinin şagirdlərinə ustad-dərsləri verib. Ustad dərslərinin keçirilməsində məqsəd uşaq musiqi məktəblərində təhsilin keyfiyyətini yüksəltmək və müəllimlərin peşəkarlığını artırmaqdır.
Adilə Əliyeva şagirdlərə yeni ifa texnikalarını öyrədir. Onlara pianoda çalarkən zəif nöqtələri müəyyənləşdirməyi və əsas diqqəti buna yönəltməyi aşılayır.
Əməkdar artist Adilə Əliyeva Bakıda anadan olub. Sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyada təhsil alıb. 26 ilə yaxındır Fransada yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Onun rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir.
Tanınmış pianoçu bildirib ki, ustad-dərsləri keçən bəzi şagirdlərə Fransada keçiriləcək Adilə Əliyeva adına 12-ci beynəlxalq musiqi festivalında çıxış etmək şansı yaradılacaq. Bu il müsabiqə Azərbaycan Xalq Cümhurioyyətinin 100 illik yubileyinə həsr olunacaq.
Qeyd edək ki, dərslər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik və Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərində aparılacaq və aprelin 20-dək davam edəcək.
Fuad
|