“Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
Tarix: 19.04.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


İlham Əliyev:
“Aparıcı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”

Xəbər verildiyi kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dövlət başçısı Azərbaycanın son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etdiyini, bundan sonra da fəal iştirak edəcəyini deyib: “Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər.
Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır”.
Prezident bildirib ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik: “Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədi”.

“Nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır”
Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu vurğulayıb: “Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir.
Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.
Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir”.

“Aprel döyüşləri bizim şanlı tariximizdir”
Prezident qeyd edib ki, bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir: “Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaq.
Eyni zamanda biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq.
Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”.
Prezident çıxışında bildirib ki, ordumuzun gücünü düşmən də gördü: “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.
Dövlət başçısı qeyd edib ki, Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir: “Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır. Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq. Torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq.
Biz köçkünlərlə bağlı olan məsələləri də uğurla həll edirik. Yüzə yaxın qəsəbə salınıb, 280-290 min köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan sonra da onlara dəstək göstərəcəyik. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info