“Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”
Tarix: 19.04.2018 | Saat: 21:37:00 | E-mail | Çapa göndər

“Elə bir ailə yoxdur ki, Qarabağın azad edilməsinin əsas məqsəd olduğunu söyləməsin”

Bu gün Azərbaycan Ordusunun gücü Ermənistan ordusundan qat-qat artıqdır. 2016-cı ilin aprel qələbəsi bunu bir daha aydın göstərdi. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bu məsələyə toxundu. Bununla bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə aparılıb. Silahlı Qüvvələrimiz üçün ən müasir silahlar alınıb və alınır.
Ş. Ramaldanov bildirib ki, Azərbaycan Ordusunun şanlı qələbəsi olan aprel döyüşlərində müasir silahların bir qismindən istifadə edilib və bu silahların tətbiqi qarşı tərəfdə böyük təşvişə səbəb olub: “Silahlı Qüvvələrimiz üçün alınan müasir silahlardan keçirilən hərbi təlimlərdə istifadə edilir və bununla bağlı videomateriallar təqdim olunur. Naxçıvanda keçirilən paradda da bu silahların bir qismi nümayiş etdirilib. Bu, düşməni müəyyən qorxu içərisində saxlayır. Ermənistan cəmiyyəti anlayır ki, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğalçılardan təmizlənməsi barədə əmr verəcəyi halda, işğalçı Ermənistan ordusu Silahlı Qüvvələrimizin qarşısında dura bilməyəcək”.
Hərbçilərimizin NATO -nun sülhyaratma əməliyyatlarında, müxtəlif ölkələrdə keçirilən təlimlərdə, yarışlarda iştirakından söz açan hərbi ekspert bir məqama diqqət çəkir: “NATO rəhbərliyi, demək olar ki, hər il sülhməramlı missiyadakı Azərbaycan hərbçilərinin sayının artırılmasını xahiş edir. Bu da sülhməramlı missiyadakı hərbçilərimizin yüksək peşəkarlıqla xidmət etməsinin nəticəsidir. Digər tərəfdən, yüksək döyüş qabiliyyətinə malik vətənpərvər ordumuzun formalaşmasında xalq amilini qeyd etmək lazımdır. Elə bir ailə yoxdur ki, Qarabağın azad edilməsinin əsas məqsəd olduğunu söyləməsin. Bu mühitdə vətənpərvər ruhda böyüyən gənclərimiz orduda hərbi xidmətə başlayan zaman deyirlər ki, arzuları Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək və Qarabağı azad etməkdir. Gənclərimizin vətənpərvərlik ruhunun artırılması Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət mərkəzindədir”.

“Biz öz torpaqlarımızı azad edəcəyik”
Ş. Ramaldanov son statistik məlumatlara əsasən Azərbaycan Ordusunun dünyada 134 ölkə arasında 53-cü yerdə olduğunu diqqətə çatdırıb: “Bu qiymətləndirmə 50 amilə görə aparılır. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə pilə-pillə irəliləməkdədir. Bütün bunlar, ilk növbədə Ali Baş Komandanın orduya diqqət və qayğısının nəticəsidir. Müqayisə üçün deyim ki, Ermənistan ordusu hazırda bu statistik göstəricilərə əsasən 83-cü yerdədir”.
Hərbi ekspert müdafiə naziri başda olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinin mütəmadi hərbi hissələrdə olduğunu, vəziyyəti yerində öyrəndiyini və lazımi tədbirlər gördüyünü xatırladıb: “Azərbaycan Prezidenti, Ali Baş Komandan hərbçilərin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, hər il hərbçilərin maaşları artırılır, onlara evlər verilir. Belə bir diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrin hər bir nümayəndəsi cəbhə bölgəsində, təmas xəttində qəhrəmanlıqla döyüşməyə, torpaqlarımızın işğalçılardan azad edilməsinə hər an hazırdır. Bu gün Silahlı Qüvvələrimiz xalqımızın, dövlətimizin qürur mənbəyidir. Ali Baş Komandan çıxışlarında bəyan edib ki, Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edib, torpaqlarımızı azad etməyə qadirdir. Əgər torpaqlarımız sülh, danışıqlar yolu ilə azad edilməsə, inşallah, zaman gələcək, Silahlı Qüvvələrimiz öz sözünü deyəcək, işğalçı qüvvələri darmadağın edərək torpaqlarımızı azad edəcək. Bu məsələdə üçüncü dövlətin marağı hiss olunur. Azərbaycan dövlətinin də məqsədi üçüncü dövlətlə bağlı riskləri minimuma endirib, zamanı çatanda torpaqlarımızı azad etməkdir. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq və biz öz torpaqlarımızı azad edəcəyik ”.

“Bakı danışıqlar üçün əlverişli meydançadır”

Xarici ekspertlər də öz açıqlamalarında Azərbaycanın güclü silahlı qüvvələrinin olmasını və Ermənistanı hər an məğlubiyyətə uğrada biləcəyini qeyd edirlər. Belə ki, APA -nın Moskva müxbirinə açıqlamasında "Milli Müdafiə" jurnalının baş redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış hərbi ekspert İqor Korotçenko deyib ki, Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişli meydançadır. Burada Azərbaycanın güclü silahlı qüvvələrinin olması da rol oynayır.
Hərbi şərhçi V. Litovkinin sözlərinə görə, danışıqların mövzusu ənənəvidir: "Bu, mövcud olan münaqişələrdir; Ukrayna və Suriya münaqişələri, NATO və Rusiya arasında toqquşma risklərinin yaranmasının qarşısını almaq, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Düşünürəm ki, danışıqların mövzusu genişdir".
Həmkarından fərqli düşünən V. Litovkin Gerasimov və Skaparottinin danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunmayacaqlarını bildirib: "Düşünmürəm ki, onlar Qarabağ probleminə toxunsunlar. Prinsipcə, nə NATO, nə KTMT-nin bu problemə aidiyyəti var. Lakin, sözsüz ki, onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olması barədə danışa bilərlər. Ümumilikdə Cənubi Qafqazda təhlükəsizlik problemi isə danışıqlarda müzakirə mövzularından biridir".


Polkovnik Əzizağa Qənizadə:

“Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək”
Ermənistan ordusunun bölmələri işğal olunmuş Azərbaycan torpaqlarından əhaliyə atəş açmağa adət ediblər.
Bunu isə AZƏRTAC -a açıqlamasında ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Ağcabədi rayonunda Ermənistan silahlı bölmələrinin dinc sakinləri atəşə tutmasına və Hacıyev Rahim Azər oğluna xəsarət yetirmələrinə münasibət bildirərkən deyib.
Əzizağa Qəni-zadə bildirib ki, bunu özləri üçün hünər hesab edən ermənilər aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Rahim Hacıyevi əkin sahəsində olarkən odlu silahla yaralayıblar. Bu onların öncədən düşünülmüş planlarını bir daha təsdiqləyir və bizi bu halların qarşısını almağa, silahsız sakinlərə qarşı atəş açdıqları adsız yüksəklikləri azad etməyə vadar edirlər.
Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək və bu dəfə Silahlı Qüvvələrimiz heç bir güzəştə getməyəcək.

Vikipediyada “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən isə Kəlbəcər rayonunda ermənilər tərəfindən törədilmiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb. Məqalədə 25 il bundan əvvəl Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar haqqında faktlar təqdim olunub. 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcərin Başlıbel kəndində ermənilər tərəfindən törədilmiş vəhşiliklər və mühasirəyə düşən 73 kənd sakininin faciəvi aqibəti təsvir olunub. Faciə ilə bağlı 2017-ci ildə Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlı kitab nəşr olunub. Kitabda ermənilərin Başlıbel kəndində törətdiyi qırğının canlı şahidlərinin fikirləri yer alıb, həmçinin, mühasirədə qalan uşaqların, qocaların və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
16.05.2018
Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info