“Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmayıb”
Tarix: 24.04.2018 | Saat: 21:14:00 | E-mail | Çapa göndər
“Münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını təmin etmiş olar”
Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsinin əsas səbəblərindən biri də Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə olması idi. Serj Sarkisyanın hakimiyyətdən getməsi münaqişənin həllində müsbət dəyişikliklərin olmasına ümid verir. Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyi haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev fikirlərini bildirib: “Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq. Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb”.
Hikmət Hacıyev deyib ki, qoşunların təmas xəttində Azərbaycan tərəfindən, guya, hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş Sarkisyan rejiminin ünsürlərinin isterik açıqlamaları həqiqəti əks etdirmir və keçən ilə aid məlumatlara əsaslanır. Burada məqsəd yalnız ictimai fikri çaşdırmaq idi. Amma fakt ondan ibarətdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmaqda davam edir. Gərginlik riskini aradan qaldırmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq. Münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasını təmin etmiş olar.
Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin edəcək”, deyə Hikmət Hacıyev qeyd edib.

“Aprel döyüşlərindən sonra işğalçılıq siyasətinin daimi olacağına inananların sayı hər gün bir az da azalır”
Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə isə qatil Sarkisyanın hakimiyyətdən qovulması hərbi–xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi: “Ancaq məsələ bununla bitməyəcək. Serj Sarkisyan və onun quldur dəstəsi illərdir diktatura rejimi quraraq Ermənistanın bütün resurslarını istismar edirdi. Minlərlə etirazçı bunun hesabatını tələb edəcək. Hazırda Ermənistanda yaratdıqları sistemli korrupsiya maşını hesabına təkcə büdcəni deyil, hətta erməni diasporu tərəfindən göndərilən ianələri belə, mənimsəyən soyğunçu oliqarxiya Sarkisyanla bərabər hazırlıqsız yaxalanıb və ölkədən qaçmaq üçün yollar axtarırlar. Ancaq bu o qədər də sadə məsələ deyil”.
O qeyd edib ki, əgər S.Sarkisyan oliqarxiyası əlindəki korrupsiya kapitalını ölkədən çıxararsa, Ermənistanın çox zəif olan iqtisadiyyatı bir daha iflic olar, ona görə də etirazçılar buna yol verməməyə çalışacaqlar.
Deputat bildirib ki, artıq Ermənistanda hamı Dağlıq Qarabağ münaqişəsini siyasi istismar mövzusuna çevirməklə hakimiyyətdə qalmaq siyasətinin mümkünsüzlüyünü dərk edir. Çünki Aprel döyüşlərindən sonra işğalçılıq siyasətinin daimi olacağına inananların sayı hər gün bir az da azalır. Sarkisyan rejiminin hakimiyyətini təmin edən başlıca amil kimi, Ermənistanın daxili auditoriyaya qalib ölkə kimi təqdim edildiyi işğalın daimi olacağı inamı təlqin edilirdi.
O deyib: “Bugünkü reallıq ondan ibarətdir ki, işğalçılıq siyasəti Ermənistanı faktiki blokada vəziyyətinə salıb, sosial-iqtisadi vəziyyət böhran həddindədir, işsizlik, yoxsulluq baş alıb gedir, olduqca ciddi demoqrafik vəziyyət yaranıb, ölkə bütün beynəlxalq və regional layihələrdən kənarda qalıb. Ermənistanın ənənəvi tarixi dostları belə, Azərbaycanın çevik və effektiv diplomatiya strategiyası sayəsində ölkəmizin tərəfdaşlarına çevriliblər”.
Baş redaktor bildirib ki, bu cür işğalçılıq siyasəti ilə regionda mövcud olmaq, sadəcə, mümkünsüz hala gəlib. Hikmət Babaoğlu Sarkisyanın istefasının xilas üçün yeganə çıxış yolu kimi göründüyünü və ermənilərin də bunu dərk etdikləri üçün radikal etiraz yolu tutduqlarını diqqətə çatdırıb.
H.Babaoğlu Sarkisyanın Xocalı soyqırımına görə cəzalandırılması fikrinə də aydınlıq gətirib. O qeyd edib ki, bu cani Avropanın beynəlxalq təşkilatları qarşısında törətdiyi cinayəti etiraf edib. Bu kifayətdir ki, daim insan hüquqlarından, ədalətdən danışan avropalılar Azərbaycanın tələblərinə obyektiv cavab verib hərbi tribunal qursunlar, Balkanlarda soyqırımı törədən hərbi-siyasi caniləri cəzalandırdıqları kimi, qatil Sarkisyanı da cəzalandırsınlar. “Əlbəttə, Azərbaycan Sarkisyanın beynəlxalq hərbi tribunala cəlb edilməsi üçün əlindən gələni edəcək”, - deyə deputat vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3875 nəfər Azərbaycan vətəndaşı itkin düşüb
Yeri gəlmişkən, Baş Prokurorluq, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi və ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror aktları ilə bağlı 600-dən çox cinayət işi başlanıb, müxtəlif istintaq tədbirləri aparılıb. Bu haqda "Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, Ermənistanın apardığı şovinist siyasət regional inkişafa təhlükə yaradır: "XX əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonlarında da erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti davam edib, nəticədə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal edilib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3875 nəfər Azərbaycan vətəndaşı itkin düşüb".
Erməni terrorunun 100 ildən artıq yaşı olduğunu xatırladan E. Səmədovun sözlərinə görə, ASALA terror təşkilatı tərəfindən müxtəlif ölkə və şəhərlərdə türkiyəli diplomatlar qətlə yetirilib.
Dövlət Komissiyasının əməkdaşı qeyd edib ki, itkin düşmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edilir: "Gələcəkdə eksqumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür. DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun əməkdaşı Qasım Hacıyev deyib ki, Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb: "Ermənistan dövləti süni şəkildə yaradılıb. Bu dövlət terrorizm yuvasıdır".
Tədbir çıxışlarla davam etdirilib. Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu və Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və “ASAN xidmət”in təşkilatçılığı ilə baş tutub.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
16.05.2018
Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info