“Diaspor qurumlarının böyük əksəriyyəti müstəqil olmalıdır”
Tarix: 25.04.2018 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Əlibəy Məmmədov: “Ölkə başçısının yeni kadr islahatları Azərbaycanı bütün sahələrdə inkişafa, qələbəyə apardığı kimi, diaspor sahəsində də aparacaq”

“Son 4-5 ildə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan vətəndaşları və ya əslən azərbaycanlı olan şəxslər tərəfindən qurulan, idarə olunan diaspor qurumları və onların rəhbərləri, orda olan şəxslər, hər biri Azərbaycana xüsusi sevgi ilə bağlıdırlar. Onların hər biri Azərbaycanı çox sevir və onun üçün canlarından belə keçməyə hazırdırlar. Burda sual oluna bilər ki, yaxşı bəs niyə Azərbaycan diasporunun fəaliyyəti ürəkaçan səviyyədə deyil?”. Bu fikri konfliktoloq, Yaponiyada fəaliyyət göstərən diaspor fəalı Əlibəy Məmmədov “Palitra”ya bildirib 
Onun fikrincə, bunun ən əsas iki səbəbi var: “1. Diaspor rəhbərləri, fərdi şəkildə diaspor fəaliyyəti göstərən şəxslər arasında olan münasibətlərin o qədər də yaxşı olmaması, şəxsi maraqlar, daxili çəkişmələr.
2. Güclü, savadlı və bacarıqlı həmvətənlərimizin birlikdə işləyə bilməmələri. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu təkcə azərbaycanlılara xas xüsusiyyət deyildir. Mən xarici tələbələr, xarici ölkələrdən olan diaspor nümayəndələri, biznes adamları ilə də kifayət qədər münasibətdə olmuşam. Bunları görmüşəm, bilirəm. Yaponların özləri də buna gözəl misal ola bilər”.
Əlibəy Məmmədovun sözlərinə görə, diaspor fəaliyyəti ilə məşğul olan şəxslər arasında heç şübhəsiz ki, qarşılıq gözləyənlər də az deyil: “Qarşılıq deyərkən, "mən (biz) xaricdə canımızı fəda edirik, amma ölkə mediasında işıqlandırmırlar", "Diasporla iş üzrə Dövlət Komitəsi bizi görməzdən gəlir" və s. Eyni zamanda filankəslə adını biryerdə çəkilməsini götürməyənlər olur. Həmin şəxs sadəcə normal bir insan olaraq görüşüb söhbətləşir. Bəzən heç bilmir ki, həmin şəxs hansı imicinə malikdir. Amma bu görüşə görə də insanın mediada olan yazıları silinir. Kimsə arxadan badalaq vurur, kimsə kiməsə zəng edir və özlərinin xahiş etdiyi məqaləni yazıb verməyinə baxmayaraq, həmin məqalələr silinir və adı texniki problem olaraq qalır.
Diasporla iş üzrə Dövlət Komitəsində də insan münasibətlərinə böyük önəm verildiyini düşünürəm. Azərbaycan diasporunun güclü inkişafına deyil, onlarla yaxın və yaxşı münasibətdə olanların fəaliyyətinə daha çox və ciddi fikir verildiyindən Azərbaycanın xaricdə olan diasporu ilə bağlı ciddi işlər görülməmişdir. Bunu haqlı olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vurğuladı. İnanıram ki, yeni Komitə sədri bu problemlərin həllində ciddi irəliləyişlərə nail olacaqdır. Yeni Komitə sədri Fuad bəyə ümidlərim və inamım sonsuzdur. Mən də öz növbəmdə bu işlərdə Yaponiyada bacardığım köməyi etməyə hər zaman hazıram”.
O deyir ki, güclü, savadlı və bacarıqlı azərbaycanlıların birlikdə işləyə bilməməsi sindromu tək bizim xalqın nümayəndələrinə xas olan xüsusiyyət deyildir: “Ağıllı, güclü və ambisiyalı insanlar hər zaman müstəqil fəaliyyət göstərməyə meylli olurlar. Kiminləsə hesablaşmaq, kiminləsə birgə işlədikdə söz götürmək və s kimi hallara qarşı nisbətən hissi davranırlar. Özlərini bir növ daha ağıllı və bacarıqlı sanırlar. Bu elə həqiqətən də belədir. Ancaq biz onların birlikdə işləyə bilməməsi üzündən bir çox həlledici məqamlarda qabağa getməyi bacarmırıq. Ona görə də düşünürəm ki, ağıllı və ambisiyalı insanları bir araya gətirəcək bir gücə ehtiyac vardır. İnanıram ki, bunu Diaspor Komitəsi, Fuad bəyin rəhbərliyi altında bacaracaqdır”.
Əlibəy Məmmədov da qeyd edir ki, bir çox insanların hər şeyi Diasporla İş üzrə Dövlət Komitəsindən gözləməsini, istəməsini də qəbul etmir: “Xaricdə fəaliyyət göstərən şəxslər və qurumlar da DİDK-nin daha da güclü olması üçün, Azərbaycan diasporu üçün səmimi qəlbdən məşğul olmalıdırlar. Əgər bunu bacarmırlarsa, yerlərini daha perspektivli insanlara vermələri daha peşəkar addım olar. Mənim düşüncələrimdə, xaricdə olan diaspor qurumlarının böyük əksəriyyəti müstəqil olmalıdırlar. Əsasən də iqtisadi cəhətdən. Onların öz müstəqil büdcələri olmalıdır.
Eyni zamanda, xaricdə olan bütün fəaliyyətin Azərbaycan mediasında işıqlandırılması da o qədər də vacib deyil. Əlbəttə bu xoşdur amma əsas deyil. Əsas olan, onların fəaliyyətinin məhz olduğu ölkələrdə, o ölkələrin mediasında, elm dünyasında, siyasi aləmində, biznes dairələrində işıqlandırılmasıdır. Diaspor işi məhz budur. Xaricdə Azərbaycanın güclü və müsbət imicinin yaradılması və həmin ölkə vətəndaşlarının Azərbaycana axınının təşkil olunması. Budur diaspor fəaliyyəti. Budur qələbəyə gedən yol. Yoxsa bir iki nəfərlə yemək yeyib, onun şəklini mediada yayımlayıb, adını filan ölkədə olan azərbaycanlılar arasında birlik var, diasporumuzun gücüdür kimi göstərmək görəsən doğrudurmu? Nə dərəcədə aktualdır? Nə dərəcədə səmimidir?
Təbii ki, bu yüksək səviyyədə, iri miqyasda təşkil olunanda bunda anlam görürəm. Digər tərəfdən mən düşünürəm ki, hər bir azərbaycanlı onsuzda öz doğma vətənini sevir. Biz xaricdə olan azərbaycanlıların əsas vəzifəsi, məhz olduğumuz ölkələrin insanları ilə işləmək olmalıdır. Ayrı-ayrı ölkə vətəndaşlarına ölkəmizi tanıtmaq olmalıdır. Tanıtdıqca onların özləri vətənimiz Azərbaycanı sevməyə başlayırlar. Yaponiya misalını çəksəm bunun aydın şəkildə göstərə bilərəm. Yaponiya məktəbliləri və universitet tələbələrinə dediyim Azərbaycanla bağlı dərsləri, yapon biznesmenləri üçün etdiyim çıxışlar və prezentasiyalar, Yaponiya elm dünyasında və mediasında Qarabağla bağlı yazılarım və məqalələrim, bunların təsiri ilə Azərbaycana getmək istəyən yaponlar və faktiki gedənlər yüzlərlədir. Mənim düşüncələrimdə diaspor fəaliyyəti məhz belə olmalıdır. Daha güclü diaspor naminə hər kəsə uğurlar arzu edirəm. İnanıram ki, ölkə başçısının yeni kadr islahatları Azərbaycanı bütün sahələrdə inkişafa, qələbəyə apardığı kimi, diaspor sahəsində də aparacaqdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
İmişlinin Qızılkənd kəndində 624 şagird yerlik yeni məktəb binası inşa olunacaq
22.10.2018
Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
22.10.2018
“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir”
22.10.2018
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib
22.10.2018
Açıq məkandakı qeydiyyatsız reklamlarla mübarizə gücləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info