“Cənubi Qafqaz üçün ən böyük təhlükə Ermənistandır”
Tarix: 26.04.2018 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


NATO Parlament Assambleyasının (PA) Gürcüstanın Batumi şəhərində keçirilən 97-ci Rose-Roth seminarında Dağlıq Qarabağ məsələsindən də danışılıb. Sessiyada Cənubi Qafqazda davam edən münaqişələr və onların yaratdığı təhlükələr diqqət mərkəzində olub. Çıxışlarda Cənubi Qafqazda mövcud olan münaqişələrin Avropa və Asiyanın təhlükəsizliyinə təhdid olduğu vurğulanıb.
Ermənistandan olan QHT nümayəndəsi Benyamin Poqasyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb, problemin həlli ilə bağlı kompromis təklif edib. Azərbaycan nümayəndə heyətinin məsələyə münasibəti çox gecikməyib.
Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, Cənubi Qafqaz üçün ən böyük təhlükə Ermənistandır və Dağlıq Qarabağ münaqişəsi bu ölkənin Azərbaycanın ərazilərinə iddiasının nəticəsi olaraq yaranıb: “Hazırda Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayır. Ermənilər Xocalı soyqırımını törədiblər”.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini xatırladan deputat bildirib ki, işğalda olan torpaqlar nəzarətsiz bölgə kimi transmilli mütəşəkkil cinayətkarlıq üçün əlverişli məkana çevrilib: “Narkobiznes, silah qaçaqmalçılığı Orta Şərqin terrorçu qruplarının məkanıdır. Bu da təkcə bölgə üçün deyil, Avropa, ümumiyyətlə, dünya üçün təhlükədir. Ermənistandakı son proseslər də göstərir ki, bu ölkə fəlakətə doğru gedir. Bu da vəziyyəti ağırlaşdırır. İki dəfə problemin həllinə yaxınlaşılıb. Bir dəfə Ter Petrosyanı istefaya göndəriblər, o birində isə parlamentdə dövlət səviyyəsində terror olub”.
M.İbrahimqızı deyib: “Təəssüf ki, bu gün işğala məruz qalanla işğalçıya fərq qoyulmur. Lakin işğala məruz qalandan kompromis tələb olunur. Bu, mümkünsüzdür, ilk növbədə işğala son qoyulmalı, işğalçıya qarşı tədbirlər görülməlidir. Bütün beynəlxalq təşkilatlar işğalçıdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməlidir”.
Deputat bildirib ki, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər, lakin yenə də problemin həlli üçün sülh yoluna üstünlük verir.
Bəzi çıxışlarda Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə adlandırılmasına etiraz edən M.İbrahimqızı 2016-cı ilin Aprel hadisələrini xatırladıb, bu cür hadisələrin təkrarlanmaması üçün Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırıb.
Milli Məclisin deputatı Kamran Bayramov isə çıxışında bildirib ki, Azərbaycan sülhsevər ölkədir və hər zaman kompromisə hazırdır. Lakin, ilk növbədə Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Azərbaycan dövləti və xalqı yalnız bundan sonra kompromisə gedə bilər.
Tədbirdə müxtəlif ölkələrin deputatları Azərbaycanla Ermənistanı qarşılıqlı dialoqa, əməkdaşlığa dəvət ediblər.
Türkiyədən olan deputatlar Oktay Vural və Mətin Lütfi Baydar bildiriblər ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlandığı müddətdə Türkiyə və Ermənistan arasında heç bir diplomatik əlaqə, təmas olmayacaq.

Səfirimiz ABŞ radiosunda Kəlbəcərlə bağlı xatirələrini bölüşüb

Yeri gəlmişkən, ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Müsahibə zamanı aparıcı səfirdən 25 ildir Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərlə bağlı xatirələrini bölüşməyi xahiş edib.
E.Süleymanov atasının geoloq olduğunu, mineral yataqlarının kəşf edilməsi məqsədilə Kəlbəcərə səfər etdiyini və onun da atası ilə birlikdə Kəlbəcərdə olduğunu bildirib. Kəlbəcərin olduqca gözəl bir diyar olduğunu bildirən diplomat buradakı dağların, kanyonların dünyanın ən gözəl təbiət mənzərələrindən olduğunu diqqətə çatdırıb. O, bu gözəl rayonun hazırda Ermənistanın işğalı altında olduğunu, etnik təmizləməyə məruz qaldığını bildirib.
Aparıcının həmin dövrdə Kəlbəcərdəki həyat şəraiti, oradakı evlər, əhalinin yaşayışı barədə sualını cavablandıran səfir, əsasən, kənd təsərrüfatının inkişaf etdiyi bu ərazinin öz orijinallığı ilə yadda qaldığını bildirib. Burada evlərin daşdan, əsasən, çay daşından tikilməsi, rayonun ümumilikdə dağlıq ərazi olması diqqətə çatdırılıb. Kəlbəcərdən keçən Tərtərçay və onun ətrafındakı kanyonun füsunkarlığından bəhs olunub.
Səfir bu ərazinin həm də olduqca zəngin təbii sərvətlərə malik olmasını diqqətə çatdırıb, Kəlbəcərdəki qızıl, mis yataqlarından danışıb. Diplomat gənc yaşlarında gördüyü qızıl mədənlərinin hazırda Ermənistan tərəfindən qeyri-qanuni şəkildə istismar edildiyini təəssüf hissi ilə qeyd edib.
Daha sonra aparıcı Kəlbəcərdə yaşayan əhalinin aqibəti ilə maraqlanıb, onların harada və necə olmalarını soruşub.

“Məcburi köçmüş azərbaycanlılar vətənlərinə qayıtmaq istəyirlər”
E.Süleymanov Kəlbəcərdə yaşayan əhalinin həmin ərazidən zorla çıxarıldığını, onların hazırda Kəlbəcər dağlarının digər tərəfində salınmış qaçqın düşərgələrində yaşadığını qeyd edib. Bu xüsusda səfir Amerika yazıçısı Tomaz Qoltzun çəkdiyi Kəlbəcərdən çıxmaq məcburiyyətində qalan əhali ilə dolmuş mülki helikopterin fotosunu xatırladıb. Bir sıra insanların isə qarlı, soyuq hava şəraitində Murov dağına qaçmağa məcbur olması və onların bir çoxunun ölümlə üzləşməsini ürək ağrısı ilə bildirib. Bu hadisənin faciəvi, lakin xalqın qəhrəmanlıq tarixi olmasını qeyd edib. Səfir UNHCR-də (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) işlədiyi dövrdə bu insanların bəziləri ilə təmaslar qurduğunu, onların çox ağır hekayələrinin olduğunu diqqətə çatdırıb.
Aparıcının onların hazırda öz vətənlərinə geri dönmək istəklərinin olub-olmaması sualını diplomat cavablandıraraq deyib ki, iki azərbaycanlı, o cümlədən Rusiya vətəndaşı olan həmvətənlərimizin öz valideynlərinin məzarını ziyarət etmək üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə keçməsi, lakin Ermənistan tərəfindən əsir götürülərək hələ də geri qayıtmamasını xatırladıb. Səfir bildirib ki, Kəlbəcərdə olmuş heç bir insan oradan geri dönmək istəmir və məcburi köçmüş azərbaycanlılar, əlbəttə ki, vətənlərinə qayıtmaq istəyirlər. O, Kəlbəcərdə olmasından uzun illər ötsə də, hələ də bu ecazkar diyarın təsiri altında olduğunu bildirib, onun gözəlliyini Amerikanın əfsanəvi Qrand Kanyonu (Grand Canyon) ilə müqayisə edib.
Aparıcı Sovet İttifaqının dağılmasına təsadüf edən, 1980-ci illərin sonundan başlayan münaqişənin 1994-cü ilin may ayında atəşkəsə dair sazişin imzalanmasına baxmayaraq, hələ də nəticəsiz qaldığını bildirib, təmas xəttində atəşkəsin pozulması hallarını xatırladıb. O, Azərbaycanın münaqişənin nəticəsiz qalması ilə bağlı BMT və ATƏT-ə müraciətlər etməsinə toxunub.
Azərbaycan səfiri münaqişənin həlli yolunda müəyyən irəliləyiş gözlədiyini, sülhün regiondakı bütün ölkələrin xeyrinə olduğunu bildirib. E.Süleymanov azərbaycanlılar və ermənilərin Azərbaycan torpaqlarında birlikdə, əvvəllər olduğu kimi, yaşayacağına ümidini ifadə edib. O bildirib ki, Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə Azərbaycanın beynəlxalq sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulub və məhz Kəlbəcərin işğalı nəticəsində BMT Təhlükəsizlik Şurası dərhal Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamə qəbul edib. Səfir E.Süleymanov Rusiya ilə yanaşı, münaqişənin həllində ABŞ-ın da fəal olmasının vacibliyini vurğulayıb.
C.Batçelor sonda bir gün səfir Elin Süleymanovun onu gənclik illərində atası ilə gəzdiyi Kəlbəcər torpaqlarına aparacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
22.10.2018
“Biz erməni xalqının içərisindən çıxmış cinayətkarları dünyaya tanıtdırmaq istəyirik”
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info