“Bizim həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir”
Tarix: 25.04.2018 | Saat: 21:05:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. İclas başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzalayıblar.
Tərəflər arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı, elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu”, Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında saziş və şəxsi heyətin mübadiləsinə dair Protokol imzalanıb.

“Azərbaycan Türkiyədə ən böyük investora çevrilir”
İmzalanma mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Türkiyə Prezidenti bəyanatında İlham Əliyevi prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib: “İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir. Xatırladığınız kimi, mən də Prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana etmişdim. Bunun ənənə halı alması aramızdakı qardaşlıq əlaqələrinin ən gözəl, ən konkret nümunəsidir. İnşallah, iyunun 24-dən sonra mən də ilk xarici səfərimi Azərbaycana etmək niyyətindəyəm”. Ərdoğan deyib ki, ötən il oktyabrın 30-da - Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasından əvvəl Azərbaycanın paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı olub: “Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu xəttin səmərəli şəkildə istifadəsi istiqamətində işlərimiz davam edir. İnşallah, bu fəaliyyətimizi çox qısa müddətdə başa çatdıracağıq. Gələcək üçün yeni layihələrimiz var, onları da həyata keçirəcəyik. Təbii ki, bunlardan ən mühümü iqtisadi sahədə milli valyutaya keçməyimiz olacaq. Bununla yanaşı, yenə də birlikdə həyata keçirməyi nəzərdə tutduğumuz layihələr var ki, bunlar çox əhəmiyyətlidir. Təbii ki, hazırda önümüzdəki ən böyük layihə məlumdur. Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq. Bu, seçkiöncəsi həm xalqımıza, həm də bütün dünyaya bizim ən yaxşı müjdəmiz olacaq”. TANAP layihəsinin bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini deyən Ərdoğan qeyd edib ki, hazırda İzmirin Əliağa rayonunda inşası davam edən “Star” neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq: “İnşallah, onun da açılışını sentyabr-oktyabr aylarında yenə qardaşımla birgə həyata keçirəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq”. Ərdoğan bildirib ki, ikitərəfli əlaqələrlə yanaşı, Azərbaycanla birlikdə Gürcüstan, Türkmənistan, İran və Pakistanla yaradılan üçtərəfli əməkdaşlıq formatı da çox mühüm əhəmiyyət kəsb edir. 2018-ci il mayın 28-də 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunacağını deyən Türkiyə Prezidenti bu münasibətlə Azərbaycan xalqını təbrik edib: “Eyni zamanda bu müstəqilliyin möhkəmlənməsində və Azərbaycanın sərhədlərinin müəyyənləşməsində töhfəsi olan Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb. 2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımi hazırlıq işləri görür. “Bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu kəlama görə Heydər Əliyevi rəhmətlə anırıq. Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çanaqqala dastanında Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid oluruq. Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortaq mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afrində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı il 15 iyun xain dövlət çevrilişi cəhdindən dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub. Azərbaycan bu gün başda “FETÖ” olmaqla, terror təşkilatları ilə mübarizəmizdə bizə ən çox dəstək verən ölkədir. Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu. Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığımızı da gücləndirməkdə qərarlıyıq”.

“Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmayıb”
Azərbaycan Prezidenti bəyanatında qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir: “Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Fürsətdən istifadə edərək, əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın. Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun”. Prezident deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmayıb: “Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəkləyir, Türkiyənin terrorla mücadilə yolunda hər zaman həmrəylik göstərmişdir, hər zaman Türkiyənin yanında olduğunu ifadə etmişdir”. Prezident deyib ki, bu gün Türkiyə və Azərbaycan bizim bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir: “Əziz qardaşımın dediyi kimi, Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq”. Prezident deyib ki, bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub. Müdafiə sahəsində birgə hərbi təlimlər həyata keçirildiyini deyən Prezident qeyd edib ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və biz ordumuzun ehtiyacını, o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik: “Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq”. Prezident deyib ki, bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik: “Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq”.




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Goranboyda xalça emalatxanası yaradılacaq
22.05.2018
Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib
22.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin milli iqtisadi modeli
22.05.2018
Azərbaycan Turizm və Menecment Universiteti təhsil əlaqələrini genişləndirir
22.05.2018
Şəhid əsgər “Şücaətə görə” medalı ilə təltif olunub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info