“İxrac üçün “ABAD” suvenir sexlərinin açılışı nəzərdə tutulur”
Tarix: 27.04.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


İradə Əmiraslanova: “ABAD” xalq sənətkarlığının inkışafında yeni nəfəsdir”

Azərbaycan bəşər sivilizasiyasının ilk ünvanlarından biri kimi çox zəngin mədəni-mənəvi irsə malikdir. Xalqımızın qədim mədəniyyəti özünün müxtəlif inkişaf mərhələlərini keçərək yüksək səviyyəyə gəlib çatıb. Misgərlik, dulusçuluq, ağacoyma, dəmirçilik, xalçaçılıq, ipəkçilik, toxuma, hörmə və digər sənət növləri xalqımızın ruhunun daşıyıcısı kimi bu gün də yaşayır. Lakin qloballaşan dünyaya öz adət-ənənəsi, mədəniyyəti ilə daxil olan Azərbaycanda bu sənətlərin yaşadılması ilə yanaşı, onlardan fayda götürülməsi də prioritet məsələdir.
 “ABAD” publik hüquqi şəxsin dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri İradə Əmiraslanovanın bununla bağlı müsahibəsini təqdim edirik:
- İradə xanım, mədəni irsin qorunub saxlanılması və səmərəli idarə olunması baxımından “ABAD” öz fəaliyyət istiqamətini necə qurub?
- “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində yaradılıb. Hazırda “ABAD” kənd təsərrüfatı və dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətlərində fəaliyyət göstərir. Dekorativ-tətbiqi xalq sənətkarlığına başlayarkən gələcək planlarımızla bağlı çox ruhlandıq. Bilirsiniz ki, regionlarımızda gözəl əl işləri olan sənətkarlarımız çoxdur. Məsələn, Lahıcda çox gözəl misgərlər, eləcə də çox gözəl misgərlik məktəbi var. Lakin Azərbaycan bu gün dünyada öz xalçaçılıq sənəti ilə tanınır. Bizim borcumuz isə digər sənət məktəblərini də tanıdıb təbliğ etməkdir.
- Azərbaycanın bölgələrində nadir sənət növləri ilə məşğul olan ustaların üzə çıxarılmasında “ABAD” hansı addımlar atır?
- Əlbəttə, əsas məqsədimiz insanların regionlarda məşğulluğa cəlb edilməsi, eləcə də əl işlərinin genişləndirilməsi idi. Çünki xırda əl işlərinə tələbat daha çoxdur. Milli ruhda işlənən əl işləri birinci növbədə satışa buraxıldı. Lakin ustalarımızın bir çoxu öz məhsullarını köhnə üsullarla, yəni, kustar üsullarla hazırlayırdılar və bazar qanunlarına uyğun satışları çox da ürəkaçan deyildi. Bizim rəssamlarımız onlar üçün xüsusi dizayn tərtib etdilər, boya seçimində məsləhətlər verdilər, dülgərlər, dulusçular və digər sənətkarlar isə bunların əsasında suvenirlər düzəltməyə başladılar. Məsələn, şanapipik, at formasında qəndqabı, armudu stəkanlar, cizgi filmlərimizdən xan pişikləri, tıq-tıq xanım və s. Biz “ABAD” olaraq dəstək göstəririk və bazara rəqabətqabiliyyətli məhsul çıxarırıq.
- “ABAD”çıların istehsal etdikləri məhsullara tələbat nə yerdədir?
- Hazırda ən çox alıcı qüvvəmiz, demək olar ki, 90 faiz əcnəbi turistlərdir. Məsələn, Masallı rayonundan bir misgərimiz var. Biz onun əl işlərinin yüksək səviyyədə olması üçün məsləhət gördük ki, xırda suvenirlər, məsələn, sərnic, səhəng, qədim mətbəximizə xas atributlardan suvenirlər düzəltsin. Yeni məmulatlar satışa çıxarıldı və bu gün onların satış dövriyyəsi çox yüksəkdir.
“ABAD” hər bir ustaya, sənətkara hər cür dəstək göstərir. Eyni zamanda, “ABAD”çılarımız Dövlət Sosial Müdafiə Fonduna köçürmələr edirlər ki, bu da gələcəkdə pensiya üçün zəruridir. Bu istiqamətdə maliyyə-hesabat, hüquqi təminat, maarifləndirmə sahəsində işlər aparılır. “ABAD” hər bir sənətkarla müqavilə əsasında işləyir. Dəstək proqramına daxil olan bütün xidmətlərdən başqa, hər bir sənətkarın əl işinin ərsəyə gəlməsi prosesi butiklərimizdə böyük monitorlarda işiqlandırılır, alıcı sənətkarın əməyini görür, autentliyinə (orijınallığına) dəyər verir.
Məlum olduğu kimi, fəaliyyətimiz sosialyönümlüdür. Biz regionlarda ustad dərsləri keçir, əl işinə maraq göstərənlərə dizayn üzrə məsləhətlər veririk. Bizimlə işləmək arzusunda olanlara daim öz üzərlərində işləməyi, biliklərini təkmilləşdirməyi məsləhət görürük.
- “ABAD”ın gələcək planları barədə məlumat vermənizi xahiş edirik.
- Şəkidə Keramika və Tətbiqi Sənət Mərkəzinin yaxın zamanda rəsmi açılışı olacaq. Şəkidəki gil məhz unudulmuş dulusçuluq sənətimizin inkişafına kömək edəcək. İkinci mərkəzimiz Nardaranda açılacaq. Bu mərkəzlərdə Azərbaycanın qədim mətbəxinə aid qablar istehsal olunacaq. Biz istəyirik ki, nəsildən-nəslə keçən bu qədim qablarımız bu gün də yaşasın.
Bu gün bizim yaddan çıxan bədii tikmələrimiz var. Məsələn, pilək milli geyimlərdə, bəzək əşyalarında və aksessuarlarda çox nazik misdən işlənilən pul formasında, dalğa formasında döymələrdir. “ABAD” olaraq unudulmuş tikmələrimizi bir dekor kimi bizim milli paltarlarımızda işlətmək istəyirik. Quşgözü, güləbətin kimi tikmələrimizi milli geyimlərimizdə görmək istəyirik. Bununla bağlı gələcəkdə “ABAD Ev” və “ABAD Geyim” istiqamətlərini inkişaf etdirmək üzrə işlər aparılır. “ABAD Geyim”də söylədiyim kimi, bədii tikmələrimizlə bəzədilmiş geyim növləri təqdim etmək planımızda var. “ABAD Ev” isə interyerin bəzəyidir, yəni, bizim milli naxışlarla bəzədilmiş, stilizə olunmuş tikmə süfrələrimiz, tikmə yataq dəstləri, pərdələrimiz ola bilər.
“ABAD” bir çox sənət üzrə müxtəlif regionlarda nəzəri və tətbiqi təlimlər keçirilməsinə start verib. Bu cür layihələr regionlarımızda suvenir istehsalının inkişafına daha da böyük təkan verəcək. Bundan başqa, böyük bazar üçün və hətta ixrac üçün “ABAD” suvenir sexlərinin açılışı da nəzərdə tutulur.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”
04.12.2018
Azərbaycan həmsədrlərin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır
03.12.2018
Nizami Muradoğlu: “Xalq yaradıcılığından gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info