Ermənilərin Özbəkistanda törətdiyi vəhşiliklər haqqında olan kitab rus dilində
Tarix: 28.04.2018 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Arye Qut: “Beynəlxalq hüquq normalarına müvafiq olaraq, Bakı yalnız özünümüdafiə hüququna deyil, həm də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini azad etmək hüququna malikdir”

Ermənistanın işğalçılıq siyasəti özünə iqtisadi və siyasi cəhətdən zərər vurmaqla yanaşı, bu ölkənin vətəndaşları üçün də böyük başağrısına çevrilib. Təsadüfi deyil ki, xalq da artıq yürüdülən siyasətdən, iqtisadi çətinliklərdən bezdiyini göstərdi, insanlar küçələrə çıxıb ölkə rəhbərinin dəyişməsinə nail oldu. Ümumilikdə isə hazırda Ermənistan üçün Dağlıq Qarabağ probleminin həll edilməməsi bu ölkəni uçuruma aparır. Ermənistanın məlum işğalçılıq siyasəti, tarixən bu xalqın digər millətlərə qarşı aqressiv yanaşmasını artıq dünya ölkələrində daha yaxşı anlamağa başlayırlar.
Belə olmasaydı ayrı-ayrı ölkələrdə erməni vəhşiliklərini əks etdirən kitablar çap edilməzdi, tədbirlər keçirilməzdi. Buna misal olaraq Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə özbək tarixçisi, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlasın “Süqut. Millətçilik-antoqonizm” kitabının Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı tərəfindən rus dilində çap edilməsini göstərmək olar. Qeyd edək ki, kitabın məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Nemat Pavlonov, rəyçisi professor Utkam Mavlonovdur.
Əsərdə rus imperiyasının Orta Asiya və Qafqazda zaman-zaman yürütdüyü siyasət, bu torpaqların ruslar tərəfindən işğalı, erməni daşnaklarının Azərbaycanda və Özbəkistanda həyata keçirdikləri soyqırımları haqqında məlumat verilir. Kitabda SSRİ-nin süqutu ərəfəsində Moskvadan göndərilmiş Qdlyan və İvanovun Özbəkistandakı qanunsuz hərəkətləri, yüzlərlə günahsız insanın həbsi, onlara işgəncələrin verilməsi məsələləri də yer alıb.
Topluda Azərbaycanın tarixi, ölkəmizdəki xanlıqlar haqqında söhbət açılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin ölkəmizdə həyata keçirdikləri soyqırımları haqqında danışılır.
Xatırladaq ki, bundan əvvəl səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə alimin “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər”, “Qarabağ: ideyalar müharibəsi” və “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabları rus və özbək dillərində işıq üzü görüb.
“Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabı əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.

“Rəsmi Bakı sübut edib ki, heç kəs Azərbaycanla ultimatum dilində danışa bilməz”

Digər məqam isə ondan ibarətdir ki, xarici ölkələrlə sıx əməkdaşlıq, diplomatik əlaqələr qura bilməyən Ermənistanın düşdüyü bu ağır vəziyyətin fonunda Azərbaycan dünya gücləri ilə əlaqələrini genişləndirir, Dağlıq Qarabağla bağlı həqiqətləri dünyaya daha rahat çatdıra bilir. Elə əcnəbi siyasətçilər də bunu deyirlər.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında populyar israilli aparıcı Vladimir Rav Tsionla söhbətində deyib ki, bu gün Azərbaycan regionda inkişaf edən, güclənən ölkə kimi parlayır: “Əminəm ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri yeni islahat və nailiyyətlərin başlanğıcı və hərəkətverici qüvvəsi olacaq. Hesab edirəm ki, seçkilərdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirdi, Azərbaycanda seçkilər açıq və şəffaf keçirildi”.
İsrailli ekspert qeyd edib ki, bu gün güclü və müstəqil Azərbaycan çoxvektorlu xarici siyasəti uğurla həyata keçirir. “Uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində Azərbaycan regionun güclü geosiyasi mərkəzinə və liderinə çevrilib. Onun iştirakı və razılığı olmadan dünyanın strateji regionu olan Cənubi Qafqazda heç bir siyasi, iqtisadi və nəqliyyat layihələri reallaşdırıla bilməz. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü qüvvə və lokomotivdir. Yaddan çıxarmayaq ki, Azərbaycan respublikası bu gün çox mürəkkəb geosiyasi əhatədədir və çoxvektorlu xarici siyasət yürüdür.
Bugünkü reallıq belədir ki, Avrasiyada və bütün müsəlman dünyasında Azərbaycan qədər İsraillə sıx əlaqəsi olan ölkə yoxdur. İki dövlət arasında diplomatik münasibətlərin 26 illik tarixi ərzində yəhudi dövləti və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dövlət arasında strateji münasibətlərin zəruriliyi və yaşamaq qabiliyyəti sübut edilib. Bizim dost dövlətlərimiz, həqiqətən də, əsl səmimi və etibarlı strateji tərəfdaş kimi qarşılıqlı əlaqədədir. Faktiki olaraq azərbaycanlılar və yəhudilər nəinki yanaşı yaşaya bilər, həm də əsl dost ola bilər, öz münasibətlərini inkişaf etdirə və möhkəmləndirə bilərlər”, - deyə Arye Qut vurğulayır.
Arye Qutun fikrincə, mürəkkəb geosiyasi labirintdə Azərbaycanın özünəməxsus yeri var. O deyib: “İsrail və Azərbaycan arasında ən yüksək səviyyədə və etimada əsaslanan siyasi dialoq mövcuddur. Ciddi iqtisadi zəmin var - ticarət dövriyyəsi təxminən 5,7 milyard dollardır. Lakin İsrail-Azərbaycan münasibətlərində ən başlıcası isə çox vacib olan insan amilidir, mən deyərdim ki, bu amil ikitərəfli münasibətlərin əsas sütunlarından biridir.
Biz İsraildən olan müşahidəçilərlə birlikdə Azərbaycanda yəhudilərin yaşadıqları Qırmızı Qəsəbədə olduq. Müşahidəçilərin sırasında Uzi Dayan Azərbaycanda yəhudilərə dünyanın heç bir yerində olmayan qayğıkeş və səmimi münasibətə heyran qaldığını bildirdi. Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır və Azərbaycan bundan qürur duyur. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır, onları ortaq tarix və tale birləşdirir. Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Azərbaycan, həqiqətən, sabitlik, multikulturalizm və tolerantlıq adasıdır”.
Ekspert qeyd edir ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycanın xarici siyasətinin təməl daşıdır. Rəsmi Bakı sübut edib ki, heç kəs Azərbaycanla ultimatum dilində danışa bilməz. Əcnəbi tərəfdaşlarla əməkdaşlıq və tərəfdaşlıq müstəsna olaraq qarşılıqlı maraqlara əsaslanır.

“Sarkisyan Azərbaycanın Xocalı şəhərindəki soyqırımı aktının təkcə ideoloqu deyil, həm də təşkilatçısı olub”
Ermənistan-Azərbaycan münaqişəsinə və Serj Sarkisyanın istefası məsələsinə toxunan Arye Qut qeyd edib ki, Ermənistan 25 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır və bunun nəticəsində ölkədə 1 milyon qaçqın yaranıb. O deyib: “Rəsmi Bakı çoxdan bildirib ki, indiki status-kvo ilə razılaşmayacaq. Bundan başqa, beynəlxalq hüquq normalarına müvafiq olaraq, Bakı yalnız özünümüdafiə hüququna deyil, həm də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini azad etmək hüququna malikdir. Serj Sarkisyanın istefasına gəldikdə, bu insan tarixdə çox dəhşətli qanlı izlər qoyub. Xatırladım ki, Sarkisyan Azərbaycanın Xocalı şəhərindəki soyqırımı aktının təkcə ideoloqu deyil, həm də təşkilatçısı olub. Orada bir gecədə 613 azərbaycanlı dinc sakin, o cümlədən uşaq, qoca və qadınlar qətlə yetirilib. Azərbaycan xalqı bu cinayəti Sarkisyana heç vaxt bağışlamayacaq.
Bəs Sarkisyan öz xalqına nə qoydu? Onun on illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionunda özünü təcrid etmiş Ermənistan əsassız ərazi iddialarına, xüsusən də Azərbaycan torpaqlarını işğal etməsinə və davam edən hərbi təcavüzünə görə geosiyasi, geoiqtisadi, nəqliyyat və logistika, Xəzər dənizinin neft-qaz ehtiyatları ilə bağlı layihələrdən tam kənarda qalıb. Ermənistanın Cənubi Qafqazda ən asılı ölkə olması danılmaz faktdır. Ermənistan bu gün Rusiyanın xarici siyasi və iqtisadi ambisiyalarına tamamilə bağlıdır və ondan asılıdır”.
Arye Qutun sözlərinə görə, Ermənistanın iqtisadiyyatı acınacaqlı vəziyyətdədir, bu da onun tədricən Rusiyanın peykinə çevrilməsi və çevriləcəyi ilə nəticələnir. “Əgər 10 il əvvəl Ermənistanın 3 milyon əhalisi var idisə, hazırda orada təxminən 1,5 milyon nəfər qalıb. İnsanlar Ermənistanı tərk edirlər, çünki oranın gələcəyini görmürlər. Kütləvi köç əhvali-ruhiyyəsinin səbəbi Ermənistanın iqtisadi durumudur. Ermənistan əhalisi ölkədə reallaşdırılan iqtisadi siyasəti mənfi qiymətləndirir, çıxış yolunu buranı tərk etməkdə görür.
Hakimiyyət orqanlarının rəvac verdiyi cəzasızlıq mühiti o vəziyyətə gətirib çıxarıb ki, ölkənin taleyi dayaz, bəsit təfəkkürlü insanların və diletantların ixtiyarına buraxılıb. Başqa sözlə, onlar Serj Sarkisyanın “döyüş şücaətinə” görə mükafatlandırdığı şəxslərdir. Sarkisyan ölkəyə 10 il rəhbərlik etsə də, ilk iş fəaliyyətinə başladığı vaxtlardakı kimi, elə çilingər olaraq qalıb. Belə bir vəziyyətdə xalq ayağa qalxdı və istefa tələb etdi, Sarkisyan da getməyə məcbur oldu. Azərbaycanda ümid edirlər ki, Ermənistanda hakimiyyətə sağlam düşüncəli, ağır vəziyyətdə olan xalqını və ölkəsini düşünən adam gələcək”, - deyə, Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında fikrini belə yekunlaşdırıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info