“Direktorların qadın olması qızların təhsilinə ciddi nəzarət etməyə şərait yaradır”
Tarix: 30.04.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər
Zaqatalanın Aşağı Tala kənd 1 nömrəli orta məktəbin direktoru Məhnurə İsmayılova: “Əgər cəmiyyətin savadlı olmasını istəyirsənsə, orada qadınlar təhsilli olmalıdırlar”

Təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifələrdəndir. Dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində, o cümlədən müəyyənləşdirilmiş strateji istiqamətlərin məqsədlərinə nail olunmasında pedaqoji kadrlar mühüm rol oynayır. Bu gün yalnız paytaxtda deyil, bölgələrdə fəaliyyət göstərən ümumi təhsil müəssisələri yenidən qurulur və ya təmir olunur, eləcə də şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində baş verən irəliləyişlərin nəticəsidir ki, yüksək balla ali məktəblərə daxil olan abituriyentlərin sayı ildən-ilə artır. Bu istiqamətdə əsas vəzifələrdən biri də məktəb rəhbərliyinin üzərinə düşür. Müsahibimiz Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli orta məktəbin direktoru Məhnurə İsmayılovadır:

- Mən 1971-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşam. 1999-cu ildən Aşağı Tala kənd 1 nömrəli orta məktəbinə rəhbərlik edirəm. Bu gün Azərbaycan təhsili dünya təhsil sisteminə çox yüksək səviyyədə inteqrasiya edir.
Son illər ərzində Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədilə dövlət proqramları qəbul edilib, layihələr həyata keçirilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilib, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunub.
- Hazırda rəhbəri olduğunuz məktəbin fəaliyyəti ilə bağlı məlumat verərdiniz. Ötən müddətdə hansı uğurlar əldə etmisiniz?
- Bildiyimiz kimi, təhsilin əsas məqsədi cəmiyyətə yararlı, Azərbaycanın qanunlarına hörmət edən vətənpərvər, savadlı bir şəxsiyyət yetişdirməkdir. Bu sahədə işlərimizi çox ciddi şəkildə izləyirik və istədiyimizə nail olmaq üçün bütün bilik və bacarığımızdan maksimum istifadə edirik. Ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir. Məzunlarımızdan bir qismi hər il 600 baldan yuxarı bal toplayaraq məktəbimizin üzünü ağ edir, qızıl medal alanlarımız var. 2012 - 2013-cü tədris ilində məktəbimiz “İlin məktəbi” adına layiq görülüb. Uğurlarımızı saymaqla qurtarmaz.
- Bu gün təhsil ocağının paytaxtdan kənarda, bölgədə yerləşməsi hər hansı çətinlik yaradırmı?
- Əlbəttə, məktəbimizin paytaxtdan kənarda olması bəzi çətinliklər yaradır. Məsələn, müəllimlərimiz kurslarda, müəyyən tədbirlərdə, seminarlarda və s. istədikləri kimi iştirak edə bilmirlər.
- Bölgələrə müəllim kimi çalışmağa getmək istəyənlərin sayı o qədər də çox deyil. Sizin məktəbi seçən gənc müəllimlərin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bəzi gənclərin bölgələrə getməmək istəməmsi şəhər həyatına olan meyillilikdən, bölgədə yaşamaq qorxusundan irəli gəlir. Bizim kollektivə son beş-altı ildə müəllim gəlməyib. Sadəcə, onu demək istərdim ki, bəzi gənclərimizdə məsuliyyət hissi hələ, demək olar ki, tam formalaşmayıb. Nəinki iş sahəsində, digər sahələrdə də belədir.
- Hazırda qadın məktəb rəhbərlərinin sayı üstünlük təşkil edir. Sizcə, məktəbə rəhbərlik etmək asandırmı?
- Hər şeydən öncə qadın anadır, qadın böyük qüvvədir. Əgər cəmiyyətin savadlı olmasını istəyirsənsə, orada qadınlar təhsilli olmalıdırlar. Direktorların da qadın olması bu məsələlərə daha önəm verərək qızların təhsilinə ciddi nəzarət etməsinə şərait yaradır. Məktəbə rəhbərlik etməyə gəldikdə isə, əksinə, çox asandır, eyni zamanda çox məsuliyyətlidir və çox qürurvericidir.
Məktəbdə uğur qazanmanın ən birinci amili kollektivdə sağlam aura yaratmaq, ədalətsiz, haqsız qərarların verilməməsi və s-dir.
- Məktəbinizin müasir texnologiyalarla təmin edilməsi hansı səviyyədədir?
- Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur. Məktəbimiz bütün yeni avadanlıqlarla təmin edilib.
- Məktəblərdə direktor vəzifəsinə imtahanların keçirilməsini necə qiymətləndirirsiniz? Eyni zamanda diaqnostik qiymətləndirmə müəllimləriniz üçün hansı imkanlar açır?
- Müsbət qiymətləndirirəm. Çünki işinə, savadına güvənən müəllim gələcəkdə direktor olmaq üçün imtahandan keçirilir ki, onun bilik və qabiliyyəti həmin imtahan vasitəsilə üzə çıxır. Bunun üçün direktorların biliyinin imtahanla qiymətləndirilməsi təqdirəlayiqdir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi onu göstərdi ki, hər bir müəllimin biliyi bu imtahan nəticəsində üzə çıxır və kimin hansı biliyə malik olması bu imtahan vasitəsilə aşkar olunur. Belə imtahanların keçirilməsi müəllim üçün əlverişlidir ki, o, imtahanda özünün hansı biliyə malik olduğunu bu imtahan vasitəsilə öyrənmiş olur. Eyni zamanda məktəb rəhbəri olmaq üçün ilk öncə öz vəzifə səlahiyyətlərini dərindən mənimsəməyi bacarmalıdır. Müəllimlərin savadlı olması ən vacib amillərdən biridir.
- Məktəbdə hansı tədbirləri reallaşdırırsınız?
- Məktəbimizdə davamlı olaraq bir çox tədbirlər təşkil edirik. Bilik günü, Müəllimlər günü, Müstəqillik günü, Yeni il ,20 Yanvar, Xocalı faciəsi və digər tədbirləri göstərmək olar. Bu tədbirlər vasitəsilə şagirdlərin tarixi günlərimizi unutmamasına, eyni zamanda vətənpərvərlik hisləri aşılamağa çalışırıq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
“Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
14.05.2018
Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
12.05.2018
“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək”
10.05.2018
“Düşmənlərimizi susdurmaq üçün milli birliyimizi daim gücləndirməliyik”
10.05.2018
Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info