General Safonov: “Heydər Əliyev hakimiyyətdə olsaydı Qarabağ münaqişəsi baş verməzdi”
Tarix: 01.05.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsinin əvvəlində, o vaxt hələ SSRİ-nin tərkibində olan Azərbaycanın nə nizami ordusu vardı, nə də Müdafiə Nazirliyi. Bu günlərdə Bakıda olmuş, 1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı, general-mayor Vladislav Safonov və 1981-1989-cu illərdə Azərbaycan daxili işlər nazirinin operativ milis işi üzrə müavini, Qarabağda milisin separatçılarla mübarizə bölmələrinin rəhbəri olmuş general-mayor Kamil Məmmədov həmin illərdə Dağlıq Qarabağda baş verən hadisələr barədə fikirlərini və xatirələrini KİV-ə bölüşürlər.
Prinsipial və dəyanətli bir insan kimi tanınmış general-mayor Vladislav Safonov deyir: “Əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsini israrla tələb etsəydi, bu gün sizin Qarabağ probleminiz olmazdı...”. Məhz bu keyfiyyətlərinə və SSRİ Konstitusiyasına əməl etməklə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasını istədiyinə görə Qarabağ separatçıları general Safonova nifrət edirdilər, hətta dəfələrlə ona qarşı sui-qəsd hazırlamışdılar.
General Safonov deyir: “Əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, ermənilər bu məsələni qaldırmazdılar. Mən bunu yüz faiz əminliklə deyirəm. Mən, həmçinin buna da əminəm ki, əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı və bu məsələ hansı şəkildəsə qaldırılmış olsaydı belə, Heydər Əliyev məsələni tezliklə və əsaslı şəkildə həll edərdi. Biz bu cür özbaşınalığa və provokasiyalara imkan verməzdik. Qətiyyətli hərəkət edərdik. Ona görə ki, ölkə Konstitusiyasına uyğun hərəkət etmək lazım idi, Konstitusiyada isə ərazinin bölünməzliyi haqqında maddə təsbit edilmişdi. Bu, birmənalı və başlıca tələb idi. Heydər Əlirza oğlu heç bir şübhə üçün yer qoymazdı. O, bir komendant olmağım etibarilə mənə, habelə digər xüsusi xidmətlərə imkan yaradardı ki, xalqın mənafeyi naminə işləyək, qan tökülməsin, hüquqazidd əməllərə yol verilməsin. Qarabağ probleminin genişlənməsini gözləmək lazım deyildi, onu başlanğıcda həll etmək olardı. Bunun üçün rəhbərin əzmkarlığı, gücü və zəkası lazım idi. Amma ovaxtkı Azərbaycan rəhbərliyində bunların heç biri yox idi”.

“...Onların Qarabağa getməyə və məsələləri yerində həll etməyə cəsarətləri çatmırdı”
Sabiq komendant Azərbaycanın ovaxtkı rəhbərlərini xatırlayaraq deyir ki, onlardan bəziləri, hətta Qarabağda olmamışdı, yalnız Bakıda əyləşib sərəncam və göstərişlər verirdilər. Onların Qarabağa getməyə və məsələləri yerində həll etməyə cəsarətləri çatmırdı. Safonov hesab edir ki, Qarabağ Sovet İttifaqının dağıdılması üçün sınaq poliqonu oldu: “Mənim yaddaşımda yalnız Xüsusi İdarəetmə Komitəsinin sədri təyin edilmiş Viktor Petroviç Polyaniçko barədə işıqlı xatirələr qalıb. O, möhkəm əli ilə qayda yaratmağa çalışırdı, lakin artıq gec idi və MK-nın ikinci katibi olmasına baxmayaraq, mərkəzdən xüsusi dəstək almadı. Artıq nəyisə dəyişmək, nəsə etmək çətin idi. Mən Konstitusiyaya əməl olunmasını ən başlıca və müqəddəs borc hesab edirdim. Özü də bu, təkcə Azərbaycanın deyil, bütün Sovet İttifaqının mənafeyinə uyğun idi. Əgər, ilk növbədə Mixail Qorbaçov tərəfindən qətiyyət və prinsipiallıq göstərilsəydi, vəziyyət bu həddə çatmazdı. Mənim rəhbərlik etdiyim qrupun şəxsi heyətində müxtəlif vaxtlarda 5 mindən 20 minə qədər insan - Sovet İttifaqının bütün ali milis məktəblərinin yığma batalyonları, digər qüvvələr vardı. Bu, çox sanballı qrup idi, əvvələn, vətəndaş müharibəsinə, ikincisi, qan tökülməsinə və toqquşmalara imkan verməzdi. Qarabağ Ermənistandan təchiz olunurdu, silahlıları da orada hazırlayırdılar. Bütün bunların qarşısını almaq olardı”.
Vladislav Nikolayeviç Şuşanın süqutuna hələ də inana bilmir: “Şuşanı necə vermək olardı? Şuşa qaladır! Mən artıq öz evimdə, Volqoqradda olarkən eşitdim ki, Şuşanı veriblər, inanın, gözlərim yaşla doldu. Oraya bircə bölük göndərmək kifayət idi ki, yeganə yoldan heç kəs keçə bilməsin. Bu, əsl satqınlıq olub. Bunu kim edib? Araşdırmaq lazımdır. Yaxud Xocalını götürək. Axı oraya köçürülmüş insanların qayğısına qalmaq, müdafiə qarnizonları yaratmaq lazım idi. Lakin ovaxtkı rəhbərlik heç nə etmədi və axırı belə oldu...”.
Vladislav Safonovun döyüş yoldaşı, Azərbaycan daxili işlər nazirinin sabiq müavini, general-mayor Kamil Məmmədov deyir ki, Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdə Heydər Əliyev hakimiyyətdə deyildi. Generalın fikrincə, əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, Qarabağ münaqişəsi, ümumiyyətlə, baş verməzdi.

Döyüş generalları özlərinin ictimai fəaliyyəti ilə Qarabağ münaqişəsinin tənzimlənməsinə töhfə vermək istəyirlər
General Kamil Məmmədov həmin günləri xatırlayaraq deyir: “1988-ci il fevralın 12-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ovaxtkı birinci katibi Kamran Bağırov mənə dedi ki, Qarabağ erməniləri Ermənistanla birləşmək istəyirlər, sən orada qayda yaratmalısan. Mən Ağdama uçdum, oradan Xankəndiyə getdim, vəziyyəti öyrəndim. Bakıdan özümlə xüsusi təyinatlılar götürmüşdüm, onları Xankəndinin həndəvərində qoyub gəldim. Axı o vaxt Azərbaycan hələ SSRİ-nin tərkibində idi və bizim nə nizami ordumuz vardı, nə də Müdafiə Nazirliyimiz. Ön xətdə milis bölmələri vardı, onlara mən rəhbərlik edirdim. Vilayət icraiyyə və partiya komitələrinin binaları qarşısındakı meydanda təxminən 200-300 nəfər toplaşmışdı. Onlar gecə-gündüz “miatsum” (birləşmə) deyə qışqırır və Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. Özlərinin bu arzusunun səbəbi kimi həyat səviyyəsinin aşağı olmasını göstərirdilər. Əslində isə Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının əsas göstəriciləri həm Azərbaycanda, həm də Dağlıq Qarabağın can atdığı Ermənistanda respublika üzrə orta göstəricilərin səviyyəsindən yüksək idi. Mən xüsusi təyinatlıların köməyi ilə bu kütləni bircə saat ərzində asanlıqla qova bilərdim və bununla iğtişaşlara son qoyulmuş olardı. Vəziyyət barədə Bakıya məruzə etdim. Mənə bildirdilər ki, Azərbaycan Kommunist Partiyası MK-nın ikinci katibi Vasili Konovalov vəziyyəti öyrənmək və tədbir görmək üçün Xankəndiyə gedir(AZƏRTAC).
Xüsusi təyinatlılar Xankəndinin yaxınlığındakı Malıbəyli kəndində idi. Bu, xüsusi vasitələr, odlu silah və zirehli transportyorlarla təchiz olunmuş xüsusi bölmə idi. Konovalov Bakıdan gələn kimi mənə xəbərdarlıq etdi: “Bizim komandamız olmadan heç nə etməyin - güc və silah işlətməyin. Əks halda, bunun nəticələri pis olacaq, sizi dövlət əleyhinə əməllərdə ittiham edəcəklər və hərbi tribunal sizi mühakimə edəcək”. Konovalov qayıdandan sonra mənə heç bir komanda verilmədi... Buna görə də Qarabağ problemi bugünkü həddə çatdı”
Döyüş generalları bu gün də özlərinin ictimai fəaliyyəti ilə, xalq diplomatiyasının imkanlarından istifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə töhfə vermək istəyirlər. General Vladislav Safonov münaqişənin dinc yolla həllinin üç variantını görür, lakin hərbçi kimi, hərbi qüvvə tətbiq olunmasını da istisna etmir.
General-mayor Kamil Məmmədov da Qarabağ probleminin dinc yolla nizamlanmasının tərəfdarıdır. Kamil Məmmədovun Qarabağ müharibəsinə dair şəxsi arxivi var. Bu arxivdə zamanın təsirindən saralmış qəzetlər, foto və videomateriallar, 30 illik tarixi olan sənədlər toplanıb. General deyir: “Mən öz arxivimi dövlətə hədiyyə etmək istərdim. Axı bu sənədlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin əsl xronikasıdır. Lakin tarix baxımından dəyərli olan bu arxivin hansısa bir müəssisənin “zirzəmisində”, sadəcə, “yatıb qalmasını” istəməzdim. Mən istəyirəm ki, tədqiqatçılar, tarixçilər, pedaqoqlar bu arxivdən istifadə etsinlər, münaqişənin mahiyyətini açıqlasınlar, uşaqları vətənpərvərlik ruhunda tərbiyə etsinlər”.





 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info