İordaniya televiziyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı veriliş yayımlanacaq
Tarix: 02.05.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev aprelin 30-da bu ölkənin Dövlət Radio və Televiziya Müəssisəsinin baş direktoru Feras Nusir ilə görüşüb. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə baş direktor F.Nusir ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini ifadə edib, xalqımızın bu müdrik seçiminin İordaniya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Səfir R.Rzayev təbriklərə və xoş sözlərə görə minnətdarlığını ifadə edib, Kral II Abdullahın dövlət başçımıza ünvanladığı təbrik məktubunun, habelə seçkilərlə bağlı İordaniya televiziyasının yayımladığı reportajların əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərə müsbət təsirini xüsusi qeyd edən səfir Azərbaycanın İordaniya ilə müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Baş direktor prezident seçkilərini müşahidə etmək məqsədilə İordaniya Dövlət Televiziyasının Azərbaycanda səfərdə olmuş əməkdaşlarının seçkilərin demokratik, şəffaf və ədalətli şəkildə keçirildiyindən çox razı qaldıqlarını, qədim tarixə və zəngin mədəniyyətə malik olan, mühüm strateji əhəmiyyətli coğrafi mövqedə yerləşən Azərbaycanın siyasi, iqtisadi, sosial, ticarət, investisiya və mədəni sahələrində böyük nailiyyətlər əldə etdiyinin şahidi olduqlarını diqqətə çatdırıb.
Görüşdə İordaniya Dövlət Radio və Televiziya Müəssisəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin və hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, habelə İordaniya Dövlət Televiziyası ilə Əmmandakı səfirliyimiz arasında gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycan haqqında mühüm məlumatların, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə verilişlərin, səfirliyimiz tərəfindən keçiriləcək tədbirlərin İordaniya Dövlət Televiziyasında yayımlanması barədə razılıq əldə edilib.
F.Nusiri cari ilin oktyabr ayında keçiriləcək növbəti Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunacağı təqdirdə böyük məmnunluqla Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsi başlayır

Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin bununla yanaşı, hər hansı münaqişə baş verərsə, işğalçı tərəfə öz ordusu ilə də cavab verməyə hazırdır. Bu məqsədlə də Azərbaycan dövləti öz ordusunu daim gücləndirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsinə start verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupları ön xətdə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edəcəklər. Hərbi vətənpərvərlik həftəsi çərçivəsində tematik gecələr, “Qəhrəmanlıq dərsləri”, idman yarışları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il mayın 1-dək 90 milyon 425 min 728,04 manat, 213 min 577,88 ABŞ dolları, 11 min 36 avro və 5 min rubl vəsait yığılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

N.Paşinyan: “Ermənistan Azərbaycana nisbətən hərbi sahəyə az vəsait ayırır”

Ermənistan müxalifətinin rəhbəri Nikol Paşinyan da Dağlıq Qarabağla bağlı öz fikrini bildirib. Belə ki, Ermənistanda etiraz aksiyalarının lideri, deputat Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Ermənistanın hazırkı hakimiyyətindən daha sərt mövqeyə sahibdir. O, Qarabağdakı qondarma rejimin Azərbaycanla danışıqlarda əsas tərəf olmasını və Ermənistanın bu prosesdən kənarda qalmasını istəyir: "Azərbaycanı məcbur etmək lazımdır ki, Qarabağ konfliktinin həlli ilə bağlı konstruktiv danışıqlar masasına qayıtsın”.
Onun sözlərinə görə, Bakı "İrəvanın ələ keçirilməsi”ni bəyan etdikcə effektiv danışıqlar aparmaq mümkün olmayacaq. Paşinyan bildirib ki, Azərbaycan "aqressiv siyasət” aparır, buna görə də ordunu gücləndirəcək. Müxalif lider baş nazir seçiləcəyi təqdirdə ilk işi kimi Qarabağdakı operativ situasiya ilə tanış olacağını deyib.
Ermənistan müxalifətinin lideri Rusiya Dövlət Duması nümayəndə heyəti ilə görüşü zamanı da Dağlıq Qarabağ problemindən danışıb: "Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır. Azərbaycanın məqsədi Ermənistanın və Dağlıq Qarabağın kapitulyasiyasıdır. Və mən düşünürəm ki, ilk növbədə dialoq, danışıqlar üçün müvafiq atmosfer yaratmaq lazımdır. Biz hesab edirik ki, bunu mütləq etmək lazımdır. Həm Ermənistan, həm, ümumiyyətlə, dünya birliyi bununla bağlı müəyyən nəticələr çıxarmalıdır”.
Dünən o, sonuncu açıqlamasında Ermənistanın hərbi xərclərinin artırılmasının vacib olduğunu bildirib. Onun fikrincə, Ermənistan Azərbaycana nisbətən hərbi sahəyə az vəsait ayırır. İndi isə iki dövlət arasındakı hərbi xərclərdə balans yaratmağın vaxtı çatıb. Atalar sözü var: “Avazın yaxşı gəlir, əgər oxuduğun “Quran” olsa... Paşinyandan soruşmaq lazımdır ki, Ermənistanın 7 milyard dollar xarici borcu var, artıq bu borcu qaytarmaq gücündə deyil. İndi hansı vəsaitlə hərbi xərcləri artıracaq?

“Gənclər Qafqazda sülh istəyir!”
Qeyd edək ki, dünən Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında azərbaycanlı, gürcü və erməni gənclərinin sülh çağırışlı aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə “Gənclər sülh hökm sürən Qafqaz naminə” şüarı altında keçirilmiş aksiyada müxtəlif ali məktəblərin tələbələri və gənclər təşkilatlarının üzvləri iştirak edib. Aksiya iştirakçıları əllərində 3 dildə “Gənclər Qafqazda sülh istəyir!”, “Sülh və gələcək naminə”, "Azərbaycan və Ermənistan gəncləri Qafqazda sülh istəyir", “Yeni nəsil sülhü seçir!” şüarları tutaraq bölgədə müharibə əleyhinə olduqlarını nümayiş etdiriblər. Aksiyaya Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze də dəstək olub. Yaxşı olardı ki, mitinqdə iştirak edən gürcü gəncləri Qafqazda sülhü pozanın kimlər olduğunu daha dəqiq öyrənəydilər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info