Ermənistanın işğal siyasəti BMT-də ifşa olunub
Tarix: 03.05.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Hikmət Hacıyev:
“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaradır”


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edib. İclasda çıxış edən Hikmət Hacıyev ənənəvi və onlayn media, həmçinin sosial şəbəkələr vasitəsilə saxta xəbərlər, dezinformasiyanın yayılması və propaqanda fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu qeyd edib, “ideoloji təcavüz”, “informasiya müharibəsi” və ya “hibrid müharibəsi” kimi fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb. Bu xüsusda, XİN rəsmisi BMT Baş Assambleyasının hələ 1947-ci ildə 108-ci plenar iclasında “Propaqandaya qarşı tədbirlər” adlı qətnamə qəbul edərək sülhə qarşı təhdidi, sülhün pozulmasını və ya təcavüz aktını ruhlandıran bütün növ propaqanda formalarını qınadığını xatırladıb və Azərbaycanın təcrübəsi ilə bölüşüb.

“Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya “hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”
O deyib: “SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü “informasiya təcavüzü” və “informasiya müharibəsi” ilə üzləşmişdir. Ermənistan BMT nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan çox azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, propaqanda və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya “hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”.
Hikmət Hacıyev Ermənistanın beynəlxalq media nümayəndələrini çaşdıraraq müxtəlif bəhanələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edilməsi məsələsinə də diqqəti çəkib, bəzi hallarda bu kimi səfərlərin etik və obyektiv jurnalizm prinsiplərinə zidd olaraq, propaqanda məqsədilə istifadə olunduğunu diqqətə çatdırıb. “Biz beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşırıq. Amma, xüsusilə münaqişə zonalarında fəaliyyət zamanı dövlətlərin akkreditasiya qaydalarına, sərhəd-keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır” - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.

“BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrası vacibdir”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana qarşı olan yeganə propaqanda və dezinformasiya mənbəyi olmadığını deyən Hikmət Hacıyev birinci Avropa Oyunları dövründə ölkəmizə qarşı aparılan və hətta “psixoloji müharibə” səviyyəsinə çatdırılan propaqanda və dezinformasiya kampaniyaları barədə ətraflı danışıb və bir çox aparıcı media orqanlarının bu prosesdə iştirak etməsinin təəssüf və narahatlıq doğurduğunu vurğulayıb. O, hər hansı bir fakt ortaya qoymadan və cavab hüququna imkan vermədən ölkəmizə qarşı bu qəbildən olan qarayaxma və dezinformasiya kampaniyalarının hələ də aparıldığını BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu kimi propaqanda və dezinformasiya əməllərinə qarşı mübarizədə Azərbaycanın media plüralizminin inkişafı və medianın peşəkarlığının artırılmasının dəstəklənməsinə üstünlük verdiyini qeyd edən Hikmət Hacıyev medianın müstəqilliyini qorumaqla və ona hörmət etməklə ölkəmizin medianın inkişafı üçün müxtəlif proqramlar həyata keçirdiyi barədə danışıb. Həmçinin cəmiyyətin savadlılıq və məlumatlılıq səviyyəsinin yüksək olmasının, xüsusən, xaricdən qaynaqlanan propaqanda və dezinformasiyaya qarşı effektiv vasitə olduğunu bildirib. O, bu sahədə BMT-nin rolunun artırılmasının vacibliyinə toxunub və BMT-nin strateji kommunikasiya siyasətinə dəstək məqsədilə ölkəmizdə milli səviyyədə BMT-nin məqsəd və məramlarının, Davamlı inkişaf məqsədlərinin təşviq olunması istiqamətində media müstəvisində həyata keçirilən tədbirlər barədə məlumat verib. H.Hacıyev BMT-nin gələcək qlobal kommunikasiya fəaliyyətində multikulturalizm və sivilizasiyalararası dialoq məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. Bununla bərabər, o, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrinin yerinə yetirilməməsinin Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaratdığını qeyd edib, BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrasının vacibliyini diqqətə çəkib. Qeyd edək ki, BMT Baş Assambleyasının informasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasiya məkanının yaradılması ilə sülhün gücləndirilməsinə töhfə vermək kimi məsələlər daxildir.

“Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir”

Onu da qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər Azərbaycan və San-Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edib, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes-forumların keçirilməsinin vacibliyini bildiriblər. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Nazir Elmar Məmmədyarov ölkəmizin “Ekspo 2025”-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib. Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş məlumat verib, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Söhbət zamanı nazirlər kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar. Sonda tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə San-Marino Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info