Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı təxribatlar davam edir
Tarix: 04.05.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Erməni separatçıları mütəmadi olaraq cəbhə bölgəsində dinc əhaliyə qarşı hərbi təcavüz edirlər. Dəfələrlə təkrarlanan bu kimi hallar ya ölümlə nəticələnib, ya da insanlar xəsarət alıblar. Eyni zamanda evlər, avtomobillər və s. əşyalar zədələnib. Erməni hərbçiləri mayın 2-də də axşam saat 20 radələrində Ağdamın Çəmənli kəndi ərazisində subartezian quyusunu təmir edən rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutublar. Nəticədə idarənin “KamAZ” markalı təmir aqreqatına 15-ə yaxın güllə dəyib. Aqreqatın sürücüsü Elvin Sadıqov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Çəmənli kəndinin yuxarı hissəsindəki subartezian quyusunu təmir etmək üçün əraziyə getmişdik. İşlər yekunlaşan zaman düşmən texnikamızı atəşə tutdu. Aqreqata dəyən güllənin biri yanğına da səbəb ola bilərdi. Xoşbəxtlikdən xəsarət almadıq. Düşmən tez-tez belə təxribata əl atır. Buna baxmayaraq, işimizi davam etdiririk”.
Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, idarə 35 min 400 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. İdarənin balansında olan 844 ədəd quyunun 401-i təmas xəttinə yaxın ərazilərdə yerləşir. “Erməni hərbçiləri Çəmənlidəki subartezian quyusunu gündüz saatlarında təmir etməyə imkan vermir, əməkdaşlarımızı hədəf alırlar. Ona görə də artezianı axşam saatlarında təmir etmək üçün işçilərimizi əraziyə göndərdik. Lakin hava qaralsa da, briqadamız kənd ərazisindəki subartezianı təmir edərkən yenə də atəşə məruz qaldılar. Düşmən məqsədli şəkildə belə təxribata əl ataraq, kənd sakinlərinin su təminatını ödəyən subartezianı düzəltməyə imkan vermir. Lakin erməni hərbçilərinin təxribatlarına baxmayaraq, idarəmizin əməkdaşları işlərini davam etdirir, istehlakçıların içməli və təsərrüfat suyuna tələbatını ödəyirlər”.
Qeyd edək ki, düşmən təmas xəttinə yaxın kəndləri mütəmadi olaraq atəşə tutur. Aprelin 18-də Ağcabədinin Yuxarı Qiyaməddinli kəndi də ermənilərin növbəti təxribatına məruz qalıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı bölmələrinin Ağdamda mülki şəxsləri atəşə tutmasına münasibət bildirib. Nazirliyin açıqlamasında qeyd olunub ki, 02-AC-416 dövlət nömrə-nişanlı “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda avtomobil hadisə yerindən çıxarılıb.
Müdafiə Nazirliyi bildirir ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır. Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

“Azərbaycanın Ermənistandan üstünlüyü getdikcə daha çox olur”
Yeri gəlmişkən, “Newtimes.az” saytında Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbləri ilə bağlı analiz aparılıb. Yazıda Rusiyanın analitik mərkəzlərindən birinin hazırladığı məruzədə ifadə edilən bir sıra fikirlər üzərində dayanılıb: “Ekspertlərin Cənubi Qafqazda geosiyasi mənzərənin yeniləşmə ehtimalı ilə bağlı irəli sürdüyü proqnozlar diqqəti çəkir. Onları ümumiləşdirsək, ortaq bir məqamı görmüş olarıq: bu regionda vəziyyət gərginləşə bilər! Fərqli səbəblər göstərilir, lakin, təəssüf ki, nikbin nəticə çıxaran yoxdur. Analitiklər, nədənsə, yalnız bədbin ssenarilərdən bəhs edirlər. Bunun səbəbi nədir?
Təbii ki, hər bir analitik mərkəzin öz maraqları var. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında subyektiv qənaətlərə yer verilir. Düşündürücüdür ki, onların böyük əksəriyyətində problemə obyektiv yanaşma gözə dəymir. Doğrudur, təcavüzkarın zəbt etdiyi torpaqların Azərbaycana məxsusluğu inkar edilmir. Ancaq mətnlərdə “dqr” ordusu kimi ifadələr işlədilir ki, bu da real mənzərənin tam təhrif olunmasıdır. Çünki münaqişə Ermənistan ordusunun xarici havadarlarının birbaşa yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meydana gəlib. Burada mifik "dqr" ordusu deyimi bu həqiqəti ört-basdır etməkdən başqa, bir şey deyil.
Bütün proqnozların təhrifi də həmin çıxış nöqtəsindən başlayır. Münaqişənin real mənzərəsini yaratmadan nə onun səbəbləri, nə də ədalətli həlli yolları barədə elmi proqnozlar vermək mümkün deyil. Burada başlıca olaraq hansısa dairələrin dəyirmanına su tökməkdən söhbət gedə bilər. Rusiyanın Strategiyalar və Texnologiyaların Analizi Mərkəzinin mütəxəssislərinin hazırladıqları "Tufan gözləntisi: Cənubi Qafqaz" adlı hesabat-məruzə də belə ciddi nöqsandan xali deyil”. Həmin məruzədə Dağlıq Qarabağ münaqişəsinin həm tarixinə nəzər salınır, həm də müəyyən proqnozlar verilir: “Lakin müəlliflər "dqr" adlanan qondarma qurumu münaqişə tərəfi kimi göstərməyə çalışır və onun "ordu quruculuğu"ndan Azərbaycanla müqayisədə bəhs edirlər. Belə təəssürat yaranır ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisində yaradılmış bir qanunsuz rejimi de-fakto və de-yure qəbul etməklə münaqişənin taleyinə baxmaq lazımdır. Xüsusilə Mixail Barabanovun "Gələcək müharibə: texniki üstünlük və insan kapitalı" adlı məqaləsində həmin qeyri-obyektiv və qərəzli mövqe daha qabarıq ifadə olunub. M.Barabanov Azərbaycanla Ermənistanın silahlanması prosesini təsvir etməyə çalışır. O, Azərbaycanın getdikcə daha çox texniki üstünlüyə malik olduğunu ifadə edir. Lakin bunun əsas olaraq kəmiyyət göstəricisi olduğunu vurğulayır. Yəni Azərbaycan neft gəlirlərindən istifadə edərək, Ermənistandan daha çox - ildə 3 milyard dollara qədər silah almağa pul xərcləyir. Ermənistan isə maksimum 450 milyon dollarlıq silah ala bilir. Doğrudur, 2016-cı ildən başlayaraq Azərbaycan silah almağa bir qədər az vəsait ayırmağa "məcbur olub". Ancaq Ermənistan daha pis vəziyyətdədir. Nəticədə, silahların kəmiyyəti və texniki göstəriciləri sahəsində Azərbaycanın Ermənistandan üstünlüyü getdikcə daha çox olur”.


“Aprel döyüşləri göstərdi ki, erməni əsgərlər savaşda bir-bir qaçıb aradan çıxırlar”

Araşdırmada bildirilir ki, gələcəkdə müharibə olarsa, Azərbaycan qısa müddətdə Ermənistanı məğlub edə bilər: “Savaş uzansa, Azərbaycanın qalib gəlmək şansı azalar. Səbəb? Sən demə, ermənilər azərbaycanlılara nisbətən daha "cəsarətlidirlər və keyfiyyətli" döyüşürlərmiş! Bax, buna deyərlər dünyanın ən böyük yalanı və uydurması! Birincisi, tarixən türklər mərd və cəsarətli döyüşçülər kimi tanınıblar. Türkləri Şərqdə də, Avropada da yaxşı tanıyırlar və yəqin ki, xatırlayırlar da! Ermənilər haqqında isə "Sən köləsən, sən qorxaqsan, sən ermənisən" (A.S.Puşkin) deyimi yaddaşlarda qalıb. İkincisi, Aprel döyüşləri də göstərdi ki, erməni əsgərlər savaşda bir-bir qaçıb aradan çıxırlar. Onlar, hətta paltarlarını atıb döyüş meydanını tərk edirlər. Üçüncüsü, heç kəsə sirr deyil ki, nə "dqr" ordusu var, nə də Ermənistan ordusu - reallıqda Rusiyanın və Qərbin böyük dövlətlərinin planları mövcuddur. Dağlıq Qarabağdakı vəziyyəti də onlar müəyyənləşdirirlər. Yuxarıda adıçəkilən məruzənin müəllifləri də yaxşı bilirlər ki, Azərbaycan Ordusu sürətlə erməni ordusunu darmadağın edər. Ancaq müəyyən xarici qüvvələr buna əngəl olurlar.
Bütün bunları nəzərə almadan Ermənistanın silahlanması zərurətini qabartmağa çalışırlarsa, burada xüsusi məqsəd var. Məruzə müəllifləri Azərbaycanın sayca silahlarını artırması fonunda daim vurğulayırlar ki, Ermənistan da silahlanmalıdır. Əks halda, məğlub ola bilər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info