Xaçmaz və Xızıda yeni yollar və sosial obyektlər istifadəyə verilib
Tarix: 05.05.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezidentə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib. Prezident Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.
“Azərxalça” ASC-nin Xaçmaz filialının açılışı olub
Prezident “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına burada görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, burada 150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək. Sonra Prezident müəssisənin kollektivi ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib. Prezident çıxışında qeyd edib ki, son iki il ərzində artıq dördüncü xalça fabriki açılır və bu proses davam etdiriləcək: “Burada 100-dən çox iş yeri açılıbdır, gələcəkdə 150 iş yeri yaradılacaq, bunun üçün hər cür şərait vardır”. Prezident deyib ki, gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaq: “Azərxalça”nın qarşısında bir vəzifə də qoyulub ki, xalçanın istehsalında istifadə edilən bütün xammal yerli xammal olsun. Bu məqsədlə indi ölkəmizin müxtəlif yerlərində yun tədarükü mərkəzləri yaradılır. Baramaçılıq sürətlə inkişaf etdirilir ki, ipək xalçalar da toxunsun. Sumqayıt şəhərində yunəyirici-boyaq fabriki inşa edilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, bundan sonra xaricdən xammalın gətirilməsinə heç bir ehtiyac qalmayacaq. Yüz faiz yerli məhsul olaraq Azərbaycan xalçası dünyaya təqdim ediləcək. Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.
Prezident deyib ki, Xaçmazın inkişafına böyük diqqət göstərilir: “Son illər ərzində 40-a yaxın məktəb tikilib və ya təmir edilmişdir, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuşdur. Mən onun açılışında iştirak etmişəm. Olimpiya İdman Kompleksinin açılışında da iştirak etmişəm. Ümumiyyətlə, bu səfər mənim Prezident kimi Xaçmaza sayca 8-ci səfərimdir və bütün səfərlər zamanı gözəl müəssisələrin, obyektlərin açılışları olmuşdur. Onu da qeyd etməliyəm ki, Xaçmazda digər infrastruktur layihələri icra edilir, qazlaşdırma artıq 80 faizdən çoxdur, yeni yollar salınır”. Prezident deyib ki, ölkəmizdə kənd təsərrüfatına böyük diqqət göstərilir, 40-dan çox aqropark yaradılır: “Birinci aqropark mənim iştirakımla Xaçmaz rayonunda açılmışdır. Yalama aqroparkı indi uğurla fəaliyyət göstərir. Orada da çoxlu iş yerləri yaradılır. Əlbəttə ki, Xaçmaz rayonunun turizm potensialı çox böyükdür və zəngindir. Buraya həm ölkəmizin müxtəlif yerlərindən, həm də xarici ölkələrdən gələn turistlərin sayı artır, bir çox istirahət mərkəzləri vardır”.
Xaçmaz şəhərinin su təchizatı sistemi yenidən qurulub
Prezidentin iştirakı ilə Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışı olub. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşən “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq. Hazırda sutkalıq məhsuldarlığı 20 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba, Qusar şəhərlərinin, həmçinin Şahdağ Qış-Yay Turizm Kompleksinin də tullantı suları təmizlənib kənarlaşdırılacaq. Dövlət başçısına məlumat verilib ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Qobustan və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Ümumilikdə 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. Prezident Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını da edib.

“Sosial sahədə maksimum şəffaflıq təmin edilməlidir”
Prezident dünən Xızı rayonuna da səfər edib. Dövlət başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezidentə məlumat verib. Dövlət başçısı “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib. Prezident əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı görüşdə deyib ki, Xızı şəhərində içməli su problemi həmişə insanları narahat edirdi. Artıq bu məsələ öz həllini tapıb: “Xızıda içməli su layihəsinin başa çatması ilə biz demək olar ki, şimal zonasının bütün şəhərlərinin içməli su problemini həll etmiş oluruq. Əvvəlki dövrlərdə Qusar, Quba, Şabran, Siyəzən şəhərlərinin, bu gün isə biz Xaçmaz şəhərinin içməli su layihəsinin açılışını qeyd etdik. Yəni, şimal zonasının şəhərlərinin içməli su ilə bağlı problemləri öz həllini tapıb”. Prezident deyib ki, ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir. Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan, əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilmişdir, Xızıda da həmçinin”. Prezident bildirib ki, Taxtakörpü su anbarının tikintisi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması nəticəsində bütövlükdə bu bölgədə 30 min hektar torpaq sahəsi su ilə təmin ediləcək. Prezident qeyd edib ki, həm məhsuldarlıq artacaq, həm də yeni sahələrin dövriyyəyə cəlb edilməsi nəticəsində yeni iş yerləri yaradılacaq. Ölkəmizin ümumi sosial-iqtisadi inkişafının çox müsbət olduğunu deyən Prezident vurğulayıb ki, bu günə qədər bir çox sosialyönümlü layihələr həyata keçirilib: “Bu layihələrin həyata keçirilməsi davam etdiriləcək, eyni zamanda, bütün sosial sahədə tam şəffaflıq yaradılmalıdır. Bu, yeni dövrün tələbidir. Əvvəlki dövrlərdə də mən qarşıya bu vəzifəni qoymuşam və bu gün bir daha çox ciddi tapşırıq verirəm ki, sosial sahədə maksimum şəffaflıq təmin edilməlidir. Əminəm ki, ediləcək və sosial ədalət tam bərqərar olmalıdır”.

Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli su verilib
Sonra “Azərsu” ASC sədri Qorxmaz Hüseynov dövlət başçısına layihə barədə məlumat verib. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən cəmi 6,3 min nəfər faydalanacaq. Layihə çərçivəsində Xızı şəhərində və Altıağac qəsəbəsində 52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin, həmçinin şəbəkə üzərində 1513 baxış quyusunun inşası başa çatdırılıb, hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Sonra Prezident Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsini bildirən düyməni basıb. Layihə çərçivəsində Xızı Sukanal İdarəsi üçün müasir tipli inzibati bina da inşa olunub.

Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yolun açılışı olub
Prezident Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib. 600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol ikizolaqlıdır. Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir.






 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Azərbaycan Prezidenti İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib
14.11.2019
İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ olub
14.11.2019
Prezident Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14.11.2019
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14.11.2019
Bu gecə Almaniya və Bavariyadan xeyli azərbaycanlı “siyasi mühacir“in deport olunacağı gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info