Firdovsiyyə Əhmədova: “Nərimanov hesab edirdi ki, xalqı maarifləndirməklə onu xoş gələcəyə çatdırmaq olar”
Tarix: 07.05.2018 | Saat: 19:21:00 | E-mail | Çapa göndər
Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Firdovsiyyə Əhmədovadır.
- Bildiyimiz kimi, Azərbaycan cəmiyyətində Nəriman Nərimanova həddindən artıq böyük maraq var. Öncə N.Nərimanovun gənclik illərindən, daha doğrusu, onun Tiflis həyatından və ailəsindən söhbət açardınız.
- Nəriman Nərimanov Tiflis şəhərində dünyaya gəlmiş çoxsaylı ziyalılarımızdan biridir. Qafqaz canişinliyinin, Tiflis quberniyasının və digər idarəetmə orqanlarının mərkəzi burada yerləşirdi. Bu baxımından, təbii ki, Cənubi Qafqazın əksər bölgələrinə nisbətən daha mütərəqqi ab-havası olacaqdı. Belə bir mühitdə azərbaycanlı ziyalının öz fəaliyyətini daha da genişləndirmək imkanları böyük idi. N.Nərimanovun ailəsi mütərəqqi insanlar olublar. Nərimanovun xatirələrində xüsusi qeyd olunur ki, anası Həlimə xanım çox söhbətcil, mehriban insan olub. Həmçinin əmisi Əlimirzə qələm əhli kimi kifayət qədər tanınmış ziyalı idi. Xüsusən, böyük qardaşı Salmanın adını çəkə bilərik.
Nərimanovun ulu babaları Səfəvi və Gürcü knyazının sarayında qulluq sahibi insanlar olublar. Bu baxımdan, sənədlərdə Nəriman bəy Nərimanbəyov kimi yazılır. Yəni sənədlər Nərimanovu əsilzadə bir nəsildən olan şəxs kimi təqdim edir. Sənədlərdə bu, müraciət forması kimi yox, onun statusunu göstərən anlayış kimi yer alıb.
Kərbəlayı Nəcəf Nərimanovun atasıdır. Sonralar Nərimanov yeganə oğluna atasının adını verir. Böyük qardaşı Salman vəfat etdiyindən Nərimanov erkən yaşlarından ailənin bütün maddi və mənəvi yükünü üzərinə götürür.
Nərimanov məktəbə getməmiş Əlimirzənin, Salmanın yanında ilk mənəvi qidasını almışdı. 1870-ci ildə Tiflisdə dünyaya gələn Nəriman Nərimanov artıq 1879-cu ildə Qafqaz Şeyxülislamının nəzarətində olan altısinifli məktəbə daxil olur. Məktəbdə şəriət, ərəb və fars dilləri də keçirilirdi. Bu məktəbdə oxuyarkən ciddi mütaliə ilə məşğul olduğu Nərimanın özünün və müasirlərinin xatirələrində əksini tapıb. Təbii ki, təhsilini davam etdirməsi üçün dəstək ailəsi və əmisi tərəfindən verilirdi.
Nərimanov 1885-ci ildə Zaqafqaziya müəllimlər seminariyasına daxil olur, 1890-cı ilin may ayında müəllimlik şəhadətnaməsini alır. Bu ocaq Cənubi Qafqaz müsəlmanları üçün çox mütərəqqi təhsil mühiti idi. Qori Müəllimlər Seminariyasının şəhadətnaməsini alan kimi, Nəriman yoldaşları ilə birgə “Kəşkül” qəzetinin mətbəəsinə gəlir. Bu barədə “Kəşkül” qəzetində dərc olunub: “Bunlardan biri də tiflisli N.Nərimanzadədir. Müəllimlik şəhadətnaməsi alanlar bu günlər mətbəəmizə dəxi gəlib, irəlidə vətən və əbnayi-vətənə xidmətlər edəcəklərini vəd vermişdirlər”. Bu artıq müsbət göstəricidir ki, Nərimanov və gənc yoldaşları tək müəllimlik şəhadətnaməsini alıb öz karyeralarını düşünmür və Vətənə xidməti özlərinin qarşısına məqsəd qoyurlar.
-Tanınmış ictimai-siyasi xadim Nəriman Nərimanovun pedaqoji fəaliyyəti bu gün də ziyalıların diqqətini cəlb edir. Bu kontekstdən Nərimanovun pedaqoji fəaliyyətindən söhbət açardınız. Həmçinin Nərimanovun pedaqoji fəaliyyətə başlaması ilə Tiflis həyatı sona yetir.
-1890-cı ilin sentyabrında Nərimanov Borçalının Qızılhacılı kəndinə təyinatla müəllim göndərilir. Təbii ki, Nərimanın bütün həyatı Qori Müəllimlər Seminariyasını başa çatdırana kimi Tiflis mühitində keçib. Bu dövrə kimi Nəriman Nərimanovun Tiflisi tərk etməsi haqqında tarixi sənədlərə rast gəlmirik. Nəriman Qori Müəllimlər Seminariyasında mükəmməl təhsil alaraq rus və Avropa yazıçılarının əsərlərini mütaliə etməyə meyilli insan olub. Lakin seminariyanı bitirməzdən 2 ay əvvəl qəflətən atası Nəcəf vəfat edir. Sonralar Nərimanov yazırdı ki, “bu itki mənə çox ağır təsir etdi. Mən təhsilimi davam etdirmək arzusundan əl çəkdim”.
Əlbəttə, Qızılhacılı kənd mühitində böyük amalla yaşayan bir gənc üçün çox çətin idi. Kənd mühiti Nərimanovda xalqının necə yaşadığını, daha çox xurafat içərisində olduğunu, hakim sinif tərəfindən istismar olunduğunu birbaşa gözləri ilə görməyə imkan verirdi. Bəlkə, Tiflis şəhərində yaşasaydı bu qədər təzadı görə bilməzdi. Qızılhacılı kəndi Nəriman Nərimanovun gələcək siyasi düşüncəsinin formalaşması üçün bir məktəb oldu. Özü də yazırdı ki, bəşəriyyətin geri qalmış hissəsinə bacardığım qədər kömək etmək fikri ilk dəfə burada - Qızılhacılı kəndində yaranmışdır. Nərimanovun kənddə insanları maarifləndirməsi, onların haqqını müdafiə etməsi yerli bəylər tərəfindən xoş qarşılanmır. Onların təqibləri Nərimanovun Qızılhacılını tərk etməsinə səbəb olur. 1891-ci ildə Nərimanov Bakıya gəlir.
- Firdovsiyyə xanım, N.Nərimanovun Bakıya gəlişi onun həyatında ciddi dönüşlər yaratdı. Bakı mühiti Nərimanovun yetişməsində misilsiz rol oynayır. İndi isə Nərimanovun Bakı həyatından söhbət açardınız.
- N.Nərimanov 1891-ci ildə Bakıda müəllim kimi fəaliyyətə başlayır. Sinif mürəbbilərinin ştatlı köməkçisi vəzifəsinə təyin olunur, eyni zamanda türk (Azərbaycan) dilini tədris edir. Nəriman Nərimanov müəllim kimi çalışanda hiss edirdi ki, Azərbaycan dili üzrə dərs vəsaiti çatışmır. “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabça yazır. Ruslar üçün Tatar dilini (yəni Azərbaycan dilini) və əksinə, azərbaycanlılar üçün isə rus dilini öyrənmək üçün kitabçalar (daha doğrusu, dərs vəsaitləri) nəşr etdirir. 1892-ci ildə Qoqolun “Müfəttiş” əsərini Azərbaycan dilinə tərcümə edir. Nərimanın həmin əsərə müraciət etməsi məqsədyönlüdür. Özü şəxsən bu əsərdə rol alaraq onun nümayiş olunmasına nail olmuşdu. Nərimanov xalqı oyatmaq üçün teatrı ən mühüm silah kimi görür və bu haqda ayrıca məqalələri də var.
-Azərbaycanda həmin dövrdə milli mətbuatın inkişafı üçün Nəriman Nərimanovun çoxşaxəli fəaliyyəti mövcuddur. Xüsusilə də ilk dəfə milli qiraətxananın açılışında Nərimanovun xidmətləri misilsizdir. Oxucularımız üçün bu haqda məlumat verərdiniz.
- Nərimanov düşünürdü ki, xalqı maarifləndirmək üçün ana dilində mətbuata ehtiyac var. “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi qəzetlər həmin dönəmdə bağlanmışdı. Türkcə mətbu orqanı yox idi. Rusiya ərazisində İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetində tatarca, rusca məqalələr dərc olunurdu. Qəzet və jurnallar çap etmək üçün Nərimanov dəfələrlə hökumət qurumlarına müraciət edir. Nərimanov “yox” cavabı almasına baxmayaraq, ümidsizliyə qapanmır və növbəti bir addım atır. 1894-cü ildə Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası açır. Milli mətbuat açmaq baxımından təşəbbüsləri nəticə verməsə də, xalq qiraətxanası açması öz müsbət nəticələrini verir. Bu, maarifçilik tariximizdə izi olan bir hadisədir. Qiraətxanaya Şərq ölkələrindən qəzet, jurnal, kitablar gətirilirdi. Şərq ölkələrindən gətirilən əsərlərdə çar Rusiyası əleyhinə, panislamizm, pantürkizm kimi fikirlər yer alır və bunlar Nərimanovu narahat edirdi. O çalışırdı ki, bu fikirlərə görə xalqı bir əzabdan digərinə sürükləməsin. Bakının Qorçakov küçəsində açılan qiraətxananın yeri darısqal olduğu üçün Lalayevin mülkü kirayə edilir və qiraətxana buraya köçürülür. Qiraətxanada dövrün ziyalıları bir araya toplanır, teatr səhnələri təşkil edilir və toplantılar keçirilirdi. Göründüyü kimi, bura maarif ocağına çevrilmişdi. Mövcud hakimiyyət üçün təhdidə çevrilmə qorxusuna görə qiraətxananın fəaliyyəti dayandırılır.
Nərimanovun fəaliyyəti çoxşaxəli idi. Müəllimlik edir, publisistik fəaliyyətini davam etdirir, teatr tamaşaları göstərirdi. M.Ə.Rəsulzadə yazırdı ki, 1905-ci ilə qədər Azərbaycanda milli şüur milli mətbuat və milli məktəbdən irəli getməmişdir. Ziyalılarımız bu dövrdə mətbuat, teatr və məktəb səviyyəsində maariflənmə işləri həyata keçirirdi. Bunlardan başqa, onların real imkanları və çıxış yolları yox idi. Nərimanov da hesab edirdi ki, xalqı maarifləndirməklə onu xoş gələcəyə çatdırmaq olar.
Qeyd edək ki, 1894-cü ildən “Nadanlıq” əsəri ilə Nərimanovun bir yazıçı kimi fəaliyyəti başlayır. Bu dövr Nərimanın ədəbi yaradıcılığının intensiv dövrüdür. Bilirsiz ki, Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında “Nadir şah” əsəri ilə tarixi dram janrının əsasını qoyur. Sonralar çar senzurası “Nadir şah”ı zərərli bir əsər hesab etmiş, tamaşaya qoyulmasını qadağan etmişdir. Daha sonralar Nərimanovun yaradıcılığında publisistikanın ağırlıq etdiyinin şahidi oluruq. Bakıda dərc olunan qəzetlərdə silsilə məqalələri çap olunur. Məqalələri, əsasən, ictimai-siyasi mövzularda olduğu üçün həmin yaradıcılığı ictimai-siyasi publisistika kimi dəyərləndirə bilərik. Yazılarında təkcə Bakıda, Rusiyada baş verən proseslərlə kifayətlənmir, Avropada, Şərqdə baş verən hadisələri yerli məkanla uzlaşdırırdı.
-N.Nərimanov cəmiyyətdə ictimai-siyasi xadim, ədəbiyyat insanı ilə yanaşı, həm də gözəl həkim kimi tanınır. Onun həkimlik fəaliyyəti bu gün də müzakirə olunur. Oxucularımıza Nərimanovun tibbi təhsil almasından söhbət açardınız.
- 1896-cı ilin mayında Bakı realnı məktəbində ştatlı müəllim vəzifəsinə təyin olunmuş Nərimanov 1902-ci ildə Odessaya ali təhsil almağa gedir. Ali təhsil almaq onun böyük arzusu idi. O, 32 yaşında Odessada tibbi təhsilə başlayır . Maddi durumu çətin olan Nərimanov ən uzunmüddətli və çətin təhsil almaq yolunu seçir. Bununla o xalqın tibbi güzəranını yaxşılaşdırmağı və ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətə düşməməyi düşünürdü. Onun təhsili Hacı Zeynalabdin Tağıyevlə bağladığı müqavilədən irəli gələn təqaüdlə baş tutdu.
Odessa mühiti Nərimanovun siyasi fəaliyyətinə və bu dövrdən sonrakı dönəminə ciddi təsir etdi. Şübhəsiz ki, Odessa bir liman şəhəri idi. Bakı kimi Odessa da Rusiyada olan iri bolşevik təşkilatlarının fəaliyyət göstərdiyi azsaylı şəhərlərdən sayılırdı. Burada inqilabi ovqat yüksək idi. Nərimanov maarifçilik missiyasını Odessada da davam etdirir.
(ardı var)

Söhbəti qələmə aldı:
Mahmud Əyyublu




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
“Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
18.05.2018
“İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
01.05.2018
İdarə olunan “virtual qəhrəmanlar”
23.04.2018
Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu!
17.04.2018
“Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9318

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 “Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
5 “AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə təqaüd proqramı elan edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info