“İşğalçılıq siyasətindən əl çəkməyincə Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür”
Tarix: 08.05.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılması ən vacib amillərdən biridir və bu istiqamətdə tədbirlər davam edir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının San-Dieqo Dövlət Universitetinin dəvəti ilə həmin universitetdə keçirilən elmi konfransda Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun məlumatına görə, universitetin İnformasiya Birliyi və Strategiyası Mərkəzinin keçirdiyi və tanınmış şirkətlərin nümayəndələrinin və mütəxəssislərin iştirak etdikləri konfransda ticarət, təhlükəsizlik, səhiyyə, ətraf mühit və yüksək texnologiyalar üzrə müzakirələr aparılıb.
N.Ağayev Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib. O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi inkişafın bu gün uğurla davam etdiyini vurğulayan baş konsul ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanda xarici sərmayələrin yatırılması üçün əlverişli şəraitin yaradıldığını və ölkəmizin infrastrukturunun və coğrafi mövqeyinin böyük regional bazarlara çıxış imkanı verdiyini bildirən diplomat Azərbaycanın regionda aparıcı iqtisadi göstəricilərə malik olduğunu qeyd edib.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri barədə məlumat verən baş konsul ötən il açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi və strateji önəmini qeyd edərək, bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu vurğulayıb. Şimal-Cənub nəqliyyat dəhlizi haqda da danışan baş konsul bütün bu layihələrin nəticəsində Azərbaycanın dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcəyini diqqətə çatdırıb.
Təqdimatda N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da bəhs edərək, bu işğalçılıq nəticəsində bu gün Ermənistanın bölgənin ən zəif dövlətinə çevrildiyini, bütün regional meqalayihələrdən kənarda qaldığını diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, məhz bu yarıtmaz siyasətin nəticəsində Ermənistan müstəqilliyini əldə etdikdən sonra bir milyondan çox əhalisini itirərək, tamamilə xarici yardımlardan asılı vəziyyətə düşüb. N.Ağayev bildirib ki, işğalçılıq siyasətindən əl çəkməyincə Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür.
Sonda baş konsul konfrans iştirakçılarının suallarını cavablandırıb.

Əli Əhmədov:
“Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə qarşısında işıqlı yol olmayacaq”

“Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman qarşısında işıqlı yol olmayacaq.” Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, Ermənistanda hökm sürən daxili qarşıdurma uzun müddət davam edəcək.
Baş nazirin müavini vurğulayıb ki, Ermənistandakı qarşıdurma, gərginlik və problemlərin yaranmasına rəvac verən ziddiyyətləri bir neçə gün, bir neçə ay ərzində, hətta bir neçə il ərzində aradan qaldırmaq mümkün deyil:
"Ermənistanda kimin baş nazir seçilməsindən asılı olmayaraq, onların qarşısında duran çətinliklər aradan qalxmayacaq. Çünki bu çətinliklərin, bu tənəzzülün yaranması üçün əsas olan problem - işğalçılıq siyasəti aradan qaldırılmayıb. Nə qədər ki, Ermənistan təcavüzkar kimi mövcud olacaq, o qədər də Ermənistan qarşısında ciddi çətinliklər və məşəqqətlər yaradan problemlər qalacaq”.

Elmar Məmmədyarov:
“Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə, İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur”
“İslam dünyasının ağrılı məsələlərindən biri dünyada ən böyük qaçqın böhranı olan Rohinca müsəlmanlarının vəziyyətidir. 2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinca müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və biz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcəyik.” Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasındakı çıxışında bildirib.
Diqqətə çatdırılıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğu, həmçinin bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır: “Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilib və təhqirə məruz qalıb. Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə, İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur. İƏT-ə üzv ölkələrinin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edirəm”.

Valeh Ələsgərov:
“Dağlıq Qarabağ əhalisi Azərbaycana qarşı çıxmasaydı, həyat səviyyələri bundan yüksək olardı”
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh əldə edilsə, bunun iqtisadi faydalarının nədən ibarət olacağı ilə bağlısualın cavablandırılmasını istəyərdim”.
APA-nın məlumatına görə, bunu dünən Bakıda keçirilən Avropa İttifaqı -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala bildirib.
H. Hautala Azərbaycanda neft-qaz dönəmindən sonra bərpa edilən enerji mənbələri ilə bağlı planın olub-olmaması ilə də maraqlanıb.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə deyib ki, sovet dövründə Dağlıq Qarabağda yaşayan əhalinin sosial vəziyyəti Azərbaycanın digər bölgələrində yaşayan insanların və Ermənistan əhalisinin vəziyyətindən yaxşı olub: “Əgər bu gün Dağlıq Qarabağ əhalisi Azərbaycana qarşı çıxmasaydı, həyat səviyyələri bundan yüksək olardı. Bir məqamı da qeyd edim. Dağlıq Qarabağ adlı oyuncaq qurumun seçki komissiyası elan etmişdi ki, 41 min seçici var. Ancaq sonra elan edilib ki, 44 min hərbçinin iştirakı ilə hərbi təlim keçirilir. Bu, necə ola bilər?”.
V. Ələsgərov qeyd edib ki, postsovet məkanında mövcud münaqişələrdə böyük oyunçular var: “Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Donetsk münaqişələri niyə yaranıb? Bu münaqişələrlə Gürcüstanı, Ukraynanı Avropa İttifaqına qəbul edə bilərlər?”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info