“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”
Tarix: 09.05.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib


Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 26 il ötür. Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.
Əslində, alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində, hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.
Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.Haqverdiyevin, Q.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.
Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 26 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Amma bu, belə davam edə bilməz. Xalqımız əmindir ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun, düşmən tapdağından azad ediləcək. Ulu öndərimizin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

“Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq”
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar mətbuata açıqlama verib. O deyib ki, Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir: “Bu təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu Ermənistan tərəfindən gücdən istifadə edilməklə işğal edilib. İşğal olunmuş ərazilərdə bir milyondan çox azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.
25 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər, xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mənəvi və mədəni irsinə ağır zərbə vurulub”.
Açıqlamada bildirilir ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib: “Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib.
Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq. Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Şuşa şəhərinin azərbaycanlı sakinləri öz tarixi şəhərlərinə mütləq qayıdacaqlar və Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcək”.

Şuşa şəhərinin işğalının 26-cı ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət edilib
Onu da əlavə edək ki, ötən gün Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət edilib.
Ziyarətdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidlərin məzarına gül düzüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar. Daha sonra isə Şuşada şəhid olmuş tank komandiri, yəhudi əsilli Albert Aqarunoviç Aqarunovun məzarı da ziyarət edilib.
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu il Şuşanın işğalından 26 il ötdüyünü xatırladaraq bu 26 il dözməyin çətin olduğunu deyib: "Hər birimiz ümid edirik ki, işğal altında olan torpaqlarımıza qayıdacağıq. Zaman Azərbaycanın xeyrinə işləyir. Bəzi ikili standartlara baxmayaraq, hamımız bilirik ki, Ermənistan işğaldan əl çəkməlidir, başqa yolu yoxdur. Dövlət başçımız da həmişə vurğulayır ki, biz torpaqlarımızın sülh yolu ilə qaytarılmasını istəyirik. Sülh olmasa, başqa yollara əl atılacaq".
Bununla yanaşı, paytaxtda və regionlarda Şuşa şəhərinin işğalının 26-cı ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib. Belə tədbirlərdən biri də mayın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində keçirilib. Nümayəndəlikdən bildiriblər ki, əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək bildirib ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən, təbii gözəllikləri ilə seçilən milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Bəxtiyar Əsgərov qısa zamanda maddi-texniki bazasını yüksəltmiş, ən yüksək səviyyədə təchiz edilmiş və böyük ruh yüksəkliyinə malik Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da düşmənə layiqli cavab vermək üçün hər an əmr gözlədiyini qürur və iftixar hissi ilə qeyd edib. Bildirib ki, Naxçıvan və bu diyarın məğrur, vətənsevər insanları daha bir neçə il də Şuşasız yaşamaq fikrində deyil.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info