Trampın İran qərarı yeni qarşıdurmalara səbəb olacaq
Tarix: 11.05.2018 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Donald Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. ABŞ Prezidenti bununla bağlı keçirilən mətbuat konfransındakı çıxışında ölkəsinin İranla bağlanan nüvə sazişindən çıxdığını və yeni saziş üzərində müttəfiqləri ilə işləməyə hazır olduğunu deyib. ABŞ Prezidenti ölkəsinin İrana qarşı tətbiq etdiyi və 2015-ci ildə qaldırılan sanksiyaların yenidən həyata keçiriləcəyini açıqlayıb. Trampın bu qərarı bir neçə dövlət istisna olmaqla dünyada narazılıq yaradıb. İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn Trampın qərarını dəstəklədiklərini bəyan ediblər. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bəyan edib ki, ABŞ-ın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxması sabitsizliyə və yeni qarşıdurmalara səbəb olacaq. O qeyd edib ki, çoxtərəfli razılaşma digər ölkələrlə davam etdiriləcək. Türkiyə nüvə silahının hər növünə qarşıdır və bu mövqeyində qalır. Yaponiya da ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxmasından təəssüfləndiyini bildirib. Belə ki, bu, həmin razılaşmanın həyata keçirilməsinə mane ola bilər. Yaponiyanın xarici işlər naziri Taro Kononun bəyanatında deyilir: “Biz bunun əldə edilmiş şərtlər çərçivəsində nüvə razılaşmasının həyata keçirilməsinə böyük təsir göstərəcəyindən təəssüfləndiyimizi bildiririk. Yaponiya Yaxın Şərqdə sabitliyin qorunmasına xidmət edən nüvə silahının yayılmaması barədə beynəlxalq razılaşmanı dəstəkləyir. Yaponiya İranın nüvə proqramı problemi ilə əlaqədar iştirakçı ölkələrlə imzalanmış müqavilənin qorunması üçün danışıqları davam etdirəcək”. İran prezidenti Həsən Ruhani ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasına münasibət açıqlayarkən deyib ki, ölkəsi nüvə sazişinin bütün maddələrini tətbiq edib və anlaşmaya zidd addım atmayıb. Həsən Ruhani bildirib ki, İran nüvə sazişinə bundan sonra digər beş ölkə ilə davam edəcək. O, ABŞ-ın razılaşmadan geri çəkilməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb. Həsən Ruhani dövlət televiziyası ilə xalqa müraciət edib. Ruhani deyib ki, İran uranın zənginləşdirilməsini məhdudiyyətsiz davam etdirməyə hazırdır. Prezident Ruhani müraciətində bildirib ki, İranın nüvə enerjisi təşkilatına zərurət yarandıqda uranın məhdudiyyətsiz zənginləşdirilməsini tapşırıb. O qeyd edib ki, İran ABŞ-ın tələblərini rədd edərək qitələrarası ballistik raket istehsalını da davam etdirəcək: “Dünyanın heç bir dövləti öz müdafiə qabiliyyətini beynəlxalq ictimaiyyətin müzakirəsinə vermir. İran da müdafiə qabiliyyətini nəinki müzakirəyə çıxarmayacaq, onun möhkəmləndirməsini davam etdirəcək”.
Merkel, Makron və Mey: “İran ilə sazişin yerinə yetirilməsinə sadiq qalırıq”
Trampa ilk sərt reaksiya Avropa İttifaqından gəlib. Aİ-dən verilən açıqlamada ittifaqın beynəlxalq birlik olaraq nüvə sazişini qoruyacağı vurğulanıb. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada ABŞ Prezidenti Trampın qərarının digər Aİ dövlətlərinin rəhbərləri ilə müzakirə ediləcəyini və birgə addım atılacağını bildirib. AFR Kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Tereza Mey Tehranı nüvə proqramına dair 2015-ci ildə bağlanmış sazişdən imtina etməməyə çağırıblar. Üç dövlətin liderlərinin elan olunmuş birgə bəyanatında qeyd edilir ki, İran rəhbərliyi həmin saziş üzrə öz öhdəliklərinin yerinə yetirilməsini davam etdirməlidir. Merkel, Makron və Mey göstəriblər ki, onların hökumətləri İran ilə sazişin yerinə yetirilməsinə sadiq qalır və sazişin şərtlərinin yerinə yetirilməsinin davam etdirilməsi üçün digər iştirakçılarla işləmək niyyətindədirlər: “Buraya İran xalqı üçün həmin sazişlə əlaqədar iqtisadi üstünlüklərin qorunub saxlanması məsələləri daxildir”.

Yukiya Amano: “İran nüvə ilə bağlı öhdəliklərini həyata keçirir”
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru İranın nüvə proqramına dair “altılıq” (BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) ölkələri, Avropa İttifaqı və İran arasında bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (İranın nüvə proqramını dinc məqsədlər üçün istifadəsinə dair saziş) ilə bağlı bəyanat verib. Bəyanatda BAEA-nın Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə bağlı hadisələrin inkişafını diqqətlə izlədiyi qeyd olunur. Bildirilir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən tələb olunduğu və 2015-ci ildə BAEA-nın İdarə Heyəti tərəfindən razılıq verildiyi kimi, BAEA bu saziş çərçivəsində İranın nüvə sahəsində öhdəliklərini həyata keçirməsinə nəzarət edir və yoxlamalar aparır. Bəyanatda, həmçinin qeyd edilib ki, İran bu saziş çərçivəsində dünyada nüvə verifikasiyası üçün ən ciddi qaydalar rejimi altındadır: “Bu gündən etibarən BAEA təsdiqləyə bilər ki, İran nüvə ilə bağlı öhdəliklərini həyata keçirir”.
Amerikalı səfirin çağırışı alman biznes nümayəndələrinin kəskin tənqidinə səbəb olub
Almaniyanın iqtisadiyyat naziri Peter Altmeyer ABŞ-ın İran ilə nüvə sazişindən çıxmasının iqtisadi nəticələrinin minimuma endiriləcəyinə ümid edir. Altmayer ziyanın məhdudlaşdırılmasını nəzərdə tutduğunu etiraf edib. Nazir bu sazişin gələcəyi məsələsini Fransadan və Böyük Britaniyadan olan həmkarları ilə müzakirə etməyə hazırlaşır. Altmayer ZDF ictimai-hüquq telekanalına müsahibəsində onu da bildirib ki, iş yerlərinin qorunub saxlanması üzrə tədbirlər görülməsi üçün İranda işləyən alman firmaları ilə də dialoqa başlamaq niyyətindədir. AFR İqtisadiyyat Nazirliyində bildiriblər ki, əgər antiiran sanksiyalar firmalara təsir edərsə, həmin firmalara kompensasiya ödənilməsi məsələsi Aİ səviyyəsində müzakirə ediləcək. Bundan bir gün əvvəl ABŞ Prezidenti İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunacağını vəd edəndən sonra ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell AFR-i İran ilə əməkdaşlığa “dərhal” son qoymağa çağırıb. Səfirin bu çağırışı alman biznes nümayəndələri tərəfindən kəskin tənqidə səbəb olub.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Rəcəb Tayyib Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
18.09.2019
Səudiyyə Ərəbistanı Kralı açıqlama verdi
18.09.2019
Ağ Ev bәyanat yaydı
18.09.2019
ABŞ-lı millət vəkillərinin Kəşmirlə bağlı çağırışı
18.09.2019
Özbəkistanda azad iqtisadi zona yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info