Hikmət Hacıyev: “Ermənistanın yeni baş naziri danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”
Tarix: 11.05.2018 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


“Ermənistanın yeni baş naziri ilk addım kimi, Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə, Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir.” Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri N.Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasına dair şərh verərkən deyib. O qeyd edib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib. “Xatırlatmaq istərdik ki, ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb. Münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nin qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.
H.Hacıyev bildirib ki, Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan, xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir: “Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir. Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə ATƏT-in Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur. Helsinki Yekun Aktının 8-ci bəndində isə öz müqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib. Həmçinin Helsinki Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib”.
XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində “daxili” öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər: “Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur. Biz hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaqdır. Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər və bundan da, ilk növbədə Ermənistan əhalisi faydalana bilər. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır”.


Paşinyanın teni ideyaları yoxdur


“Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ ərazisinə səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyaları yoxdur.” Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, N.Paşinyan Ermənistanın keçmiş siyasi rəhbərliyinin fikirlərini təkrarlayır: "Belə çıxır ki, Paşinyan bu məsələ ilə bağlı yeni fikirlər də səsləndirmək istəmir. Paşinyanın danışıqlar prosesində maraqlı olması, lakin bu prosesdə qondarma rejimin tərəf kimi iştirakı ilə bağlı fikirləri onun münaqişənin həllində konstruktiv mövqe tutacağına inamı azaltdı. Qondarma rejim münaqişənin həllində heç vaxt tərəf kimi iştirak edə bilməz. Çünki bu münaqişəni də, qondarma rejimi də yaradan işğalçı Ermənistandır. Ona görə də danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır. Burada Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi artıq onun legitimliyinin qəbul edilməsi anlamına gələ bilər. Bu fikir heç bir halda qəbul edilə bilməz və münaqişənin həllinin dalana dirənməsinə gətirib çıxara bilər".
N.Paşinyanın qondarma rejimin müstəqilliyinin tanınması üçün səylərin artırılması ilə bağlı fikirlərinə gəlincə, deputat bildirib ki, yeni baş nazirin bu fikirləri də Serj Sarkisyanın fikirləri ilə eynidir: "Əslində, Sarkisyan qondarma rejimin müstəqilliyi ilə bağlı məsələdə Paşinyan qədər israrlı deyildi. Paşinyan Ermənistanla Türkiyə sərhədlərinin də açılmasında maraqlı olduğunu bildirib və bunu Ermənistan üçün vacib hesab edib. Amma Türkiyənin şərti odur ki, Ermənistan işğalçılıq siyasətinə son qoysun, Azərbaycan torpaqlarını azad etsin və sonra bu məsələ barədə müzakirə aparıla bilər. Hesab edirəm ki, Paşinyan ölkəsinin iflic, bərbad vəziyyətə düşməsinin ilkin səbəbinin nə olduğu sualına cavab tapa bilməyib. Bu da məlumdur ki, Ermənistanın bərbad vəziyyətə düşməsinin birinci səbəbi Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsidir. Həmin səbəbdən Ermənistan ağır blokada şəraitinə düşüb. Bu blokada çərçivəsində Azərbaycan və Türkiyə Ermənistana həm enerji, həm iqtisadi, həm də nəqliyyat istiqamətləri üzrə sanksiyalar tətbiq edir". E.Nəsirov deyib ki, ümumilikdə N.Paşinyan münaqişənin həlli ilə bağlı heç bir səy göstərmir.

Los-Ancelesdə Azərbaycan haqqında kitab nəşr edilib

Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədilə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən ABŞ-da ingilis dilində Azərbaycan haqqında kitab nəşr etdirilib. Bu barədə baş konsulluq məlumat yayıb. Nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan və “Azərbaycan – Əbədi Miras, Ruhlandırıcı Harmoniya” (“Azerbaijan – Everlasting Heritage, Inspirational Harmony”) adlı kitabda Azərbaycanın coğrafiyası, təbii sərvətləri, qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu və xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, ADA Universiteti, “ASAN xidmət” və digər maraq kəsb edən mövzular barədə geniş məlumatlar öz əksini tapıb. Bakı şəhərinin və ölkəmizin müxtəlif gözəl guşələrinin rəngarəng şəkilləri kitabın müxtəlif bölmələrini bəzəyir.
Kitabın “Azərbaycan torpaqlarının qanunsuz işğalı” bölməsində Dağlıq Qarabağın tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq və etnik təmizləmə siyasəti haqqında geniş məlumat verilir. Bildirilir ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ tarixən müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynayıb. Sözügedən bölmədə, həmçinin Kürəkçay və Türkmənçay müqavilələrinin vurduğu ağır zərbələrdən danışılır, bu müqavilələr nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırıldığına diqqət çəkilir. Bundan başqa, vurğulanır ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri, ABŞ dövlət rəsmilərinin və Dövlət Departamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi bəyanatları və digər hüquqi sənədlər də kitabda öz əksini tapıb.
Sözügedən bölmədə Xocalı soyqırımı xüsusi olaraq vurğulanır. Bildirilir ki, soyqırımı nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla günahsız dinc Xocalı sakinləri Ermənistan qoşunları tərəfindən qətlə yetiriliblər. Həmçinin Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyi diqqətə çatdırılaraq, bu qətliamın dünyanın artıq bir çox dövləti, eləcə də ABŞ-ın 20-dən çox ştatı tərəfindən pislənildiyi bildirilir.
Kitabın ABŞ-da hökumət və qeyri-hökumət qurumları, biznes dairələri, elm, təhsil və mədəniyyət ocaqları, KİV-lər, eləcə də digər təşkilatlara və ictimai xadimlərə göndərilməsi nəzərdə tutulur.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
“Biz erməni xalqının içərisindən çıxmış cinayətkarları dünyaya tanıtdırmaq istəyirik”
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10306

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info