Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
Tarix: 15.05.2018 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


(əvvəli ötən sayımızda)

Müsahibimiz Aşıq Hüseyn Bozalqanlı irsinin tədqiqatçısı Fəxrəddin Quliyevdir.

Aşığı bir neçə dəfə Bakıya çağırırlar. Mirzə İbrahimov bir dəfə Tovuza qonaq gəlir və Aşıq Hüseyn Bozalqanlının ifalarına qulaq asır. Mirzə İbrahimov deyir: “Ay Hüseyn, biz də sənətkarıq. Başa düşə bilmədim ki, sən bir gecədə neçə dənə bədahətən şeir dedin. Gəl, Bakıya gedək və orada ədəbi mühitdə ol”. Hüseyn deyir: “Ay oğul, mənim Bakıda nə işim var. Mən kənd adamıyam”. Mirzə İbrahimov Hüseyn Bozalqanlını Bakıya dəvət etsə də, o, kənddə qalır. Bu fakt bir daha Hüseyn Bozalqanlının bədahətən şeir deməsinin təsdiqi və Mirzə İbrahimovun aşığa verdiyi yüksək qiymətdir. Aşıq Hüseyn Bozalqanlı ilə ən çox yaxşı münasibətdə olan, onu sevən Səməd Vurğun olub. Səməd Vurğun onun bədahətən şeir deməsinə işarə vuraraq Hüseyn Bozalqanlını “Əli qılınclı şair” adlandırıb.
Aşıq Hüseyn Bozalqanlının əlimizdə lent yazısı yoxdur. Onun, hələ ki, yəni lent yazısına rast gəlməmişik. O, məclisdə, adətən, şeir deyər və şəyirdləri qarşısında dirijorluq edərdi. İfaları, deyilənə görə, gözəl olub və məlahətli səsə malik idi. Həmçinin şəyirdlərinin hansı ifanı daha gözəl oxuduğunu bilir və onları ifalara uyğun məclisdə oxutdururdu.
- Aşıq Hüseyn “Koroğlu” dastanının qollarını kimdən öyrənib?
- Aşıq Hüseyn savadlı olub, həmişə öyrənməyə çalışıb. Əvvəlki müsahibədə dediyimiz kimi, ilk dəfə məclislərə ustad aşıq Öysüzlü Səmədlə gedib. Sənətkar kimi ondan eşidib.
Digər tərəfdən, unutmayaq ki, “Koroğlu” dastanı Gəncə-Qazax zonasında, o cümlədən Borçalıda geniş yayılmışdı, el ağsaqqalları bu dastanın, hətta müəyyən variantlarını bilirdilər. Aşıq Hüseyn “Koroğlu” dastanını bu səviyyədə el ağsaqqallarından öyrənib.
-Aşıq Hüseyn Bozalqanlının aşıq havalarına, ifaçılıq sənətinə münasibəti haqda bəzən yersiz söhbətlər gedir, guya Aşıq Hüseyn Bozalqanlı aşıq havalarını yaxşı bilmirdi. Buna münasibətinizi bilmək istərdik.
- Belə fikirlər Aşıq Hüseyn Bozalqanlının yaradıcılığına dərindən bələd olmamaqdan irəli gəlir. Aşıq Hüseyn aşıq havalarını mükəmməl bilir, ifaçılıq sənətinə çox ciddi yanaşırdı.
Aşıq Hüseynin sevimli şəyirdlərindən olan və Koroğluxan aşıq kimi ad qazanmış aşıq Ələkbər Əsgərov öz xatirələrində danışır: “Aşıq Söyünə dörd il qulluq elədim. Dörd ildən sonra bir dəfə aşıq Söyün məni öz öyündə oxutdu. Mən oxuyub qurtarandan sonra o dedi:
-Sən artıq-əskik ölçürsən, düz oxumursan.
Bir aydan sonra mən gəlib bir də oxudum. Bu dəfə aşıq Söyün belə dedi:

- İndi sən çəkiynən satırsan. Daha sənin artıq-əskiyin çıxıb, gedib”.
Onun şəyirdləri aşıq havalarının təkmilləşdirilməsi və yeni aşıq havaları yaradılması sahəsində qiymətli işlər görmüşlər. Sarı Zülfüqarın “Zülfüqar dübeytisi”ni böyük şairimiz Səməd Vurğun çox sevirdi, Sarı Zülfüqarı çağırtdırıb dəfələrlə bu havanı dinləyib. Öz gözəl səsi ilə seçilən aşıq Mirzə Bayramovun öz havası, “Mirzə dübeytisi” var.
Aşıqların bülbülü adını qazanmış aşıq Əkbər Cəfərov “Cəngi dübeyti”, “Atüstü dübeyti” saz havalarını yaratmış, “Təxmis”, “Osmanlı divanisi”, “Aşıq təsnifləri”, “Sallama gəraylı”, “Heca dübeyti” və başqa havaları təkmilləşdirmiş, onlara yeni ruh vermişdir.
Aşıq havalarından Koroğlu havalarının ifası sahəsində Tovuz aşıq məktəbinin və məxsusi olaraq Aşıq Hüseynin şəyirdləri və şəyirdlərinin şəyirdləri təqdirəlayiq işlər görmüşlər. Çox geniş diapazonlu və gur səsi ilə seçilən Bozalqanlı Hüseynin sevimli şəyirdlərindən olan Dəmirçi Hüseynin (Səsli Hüseyn (mərhum şair Şəmşad Rzanın atası) adını xüsusilə qeyd etmək istərdim.
-Aşıq Hüseyn Bozalqanlı Azərbaycan folklorunun inkişafında mühüm rol oynayıb, bəs onun yaratdığı məktəb bu sahədə hansı işlər görüb?
- Şübhəsiz ki, Aşıq Hüseyn qüdrətli şair idi. Onun üçün bədahətən şeir qoşmaq adi iş idi. O, dərin mənalı şeirləri daha çox sevir, təcnisə daha çox üstünlük verirdi. Bu səbəbdən Tovuz aşıq məktəbində təcnis yaradıcılığı yüksək səviyyədə olub. Aşıq Hüseynin öz təcnisləri ilə yanaşı, Xəyyat Mirzənin, Şail Vəli Bozalqanlının, Əlimərdanlı Nəcəfin, bunlardan ilham alan sonrakı nəslin nümayəndələri Mülkülü Həsən, Əziz Məftun, Şair Fətəli, Azaflı Mikayıl, Yunis Oruclu, Məhərrəm Hüseynli və onlarla başqa Tovuz şairlərinin təcnisləri bu gün də sevilə-sevilə oxunmaqdadır.
Novatorluq baxımından Aşıq Hüseynin şəyirdinin şəyirdi Təcnis Xalıqverdini (Xalıqverdi Bozalqanlını) xüsusi vurğulamaq lazımdır. Təcnis Xalıqverdi indiyə qədər 124 təcnis forması yaratmış yeganə sənətkar kimi qalmaqdadır.
-Aşıq Hüseynin Şirvanlı Aşıq Mirzə Bilalla görüşü də oxucularımız üçün maraqlıdır. Bu haqda söhbət açardınız.
- Aşıq Hüseynlə Mirzə Bilalın ilk görüşü Aşıqların Birinci qurultayında olub. İlk tanışlıqdan onların arasında qarşılıqlı hörmət yaranıb. Adətən, sinədəftər şairlər bir-birinə şeirlə müraciət edirlər. Aşıq Hüseynlə Mirzə Bilal da bir-birinə səmimi münasibətini şeirlə ifadə ediblər (Seyfəddin Qəniyev, Şirvanlı Aşıq Mirzə Bilal. Bakı, Nurlan, 2003, səh.279-283). Bu tarixi görüş haqqında professor Qara Namazov yazıb.
Mirzə Bilal aşıq Hüseynə belə müraciət edir:
Sorağını alıb gəldim bu bəzmə,
Deyim mətləbimi, al, ay Hüseyn!
Səbəb nədir, bikef dəydin gözümə?
Danış, söhbət eylə, gül, ay Hüseyn!
Aşıq Hüseyn Mirzə Bilala belə cavab verir:
Bizdən salam olsun Aşıq Bilala,
Qoy salım boynuna, qol, Aşıq Bilal!
Bikef deyiləm, bir az yorğunam,
Məni əldən salıb yol, Aşıq Bilal!
Aşıq Hüseynin süfrəsi həmişə açıq olub, əsl dostu, dostluğu çox sevib. Dostluqda da etibarlı olub. Mirzə Bilalın səmimi münasibətinə cavab olaraq şeirləşmənin sonunda aşıq Hüseyn Mirzə Bilalı Tovuza dəvət edir:
Bir yanı Şəkidir, bir yanı Şirvan,
Adım Hüseyndir, yurdum Bozalqan.
Uzaqdır fitnədən, o qeyli-qaldan,
İstəsən o yana gəl, Aşıq Bilal!
Mirzə Bilal da öz növbəsində Aşıq Hüseyni öz yurduna dəvət edir:
Xudam verib sənə əqli-kəmalı,
Vətənim Qəşəddir, Şirvan mahalı.
Təşrif gətir, sevindir sən Bilalı,
Beş-on gün Şirvanda qal, ay Hüseyn!
Şeirlərin hər bir misrasında bir ustadın digər ustada qarşılıqlı məhəbbətinin şahidi oluruq. Biz şeirlərə diqqət yetirəndə gördük ki, Mirzə Bilalda beş, aşıq Hüseyndə dörd bənddir. Səbəbini bilmək üçün mərhum professor Qara Namazova müraciət etdik. Onun cavabı belə oldu: “Gəl universitetə, orada danışarıq”(Qara müəllim universitetdə dekan işləyirdi).
Biz xatirənin kim tərəfindən verildiyini, mərhum professorun onu necə qələmə aldığını təfsilatı ilə bilmirik. Bu səbəbdən də bu şeirləşmə Aşıq Hüseynin əsərlərinin birinci cildinə daxil edilmədi. Yeri gəlmişkən Şirvan əhlinə, ziyalılarına Aşıq Bilalı sevən, onun şəxsiyyətinə dərin hörmət bəsləyən bir ziyalı kimi müraciət edirəm. Bu görüş barəsində bilgisi olan varsa, bizə yazsın, biz bu görüşü çap olunacaq “Aşıq Hüseyn Bozalqanlı haqqında xatirələr“ kitabına daxil edək.
-Siz Aşıq Hüseyn Bozalqanlının ikicildlik seçilmış əsərlərini çap etdirmisiniz, bu barədə də məmumat verərdiniz.
- Aşıq Hüseyn Bozalqanlının əsərlərinin birinci cildi millət vəkili Qənirə Paşayeva, xeyriyyəçi Məhəmməd Mustafayevin dəstəyi ilə 2008-ci idə “Nurlan” nəşriyyatında çap olunub. Elmi redaktorlar, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, rəyçilər akademik Teymur Bünyadov, filologiya elmləri doktoru Vilayət Cəfər, mərhum şair Bağban Baba olub. Kitabın təqdimatı Qənirə xanım Paşayevanın dəstəyi ilə Musiqili Komediya teatrında keçirilib.
İkicildlik “Seçilmış əsərlər”in nəşri Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 09.01.2015-ci il tarixli iclasının (protokol №1) qərarı ilə çap olunur. Kitabın elmi redaktoru Əməkdar elm xadimi Məhərrəm Qasımlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədovadır. Birinci cildə şeirlər (yeni şeirlərdə əlavə olunub), ikinci cildə dastanlar, səfərlər daxil edilib.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info