“Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”
Tarix: 15.05.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) arasında görüş olub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də qatıldığı görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunub.

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə də görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bir daha vurğulayıb və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.
Elmar Məmmədyarov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Avropa İttifaqının mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir”
Yeri gəlmişkən, müdafiə naziri general-polkovnik Zakir Həsənov da Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Azərbaycanla Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir.
Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə önəm verdiyini və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.
Xatırladaq ki, Beynəlxalq Böhran Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabat-məruzə hazırlayıb. “Newtimes.az” saytındakı məqalədə qeyd olunur ki, orada müəllif münaqişə ilə əlaqəli üç mümkün ssenaridən bəhs edir: “İlk baxışdan obyektiv təhlil təsiri bağışlayan məruzəyə daha diqqətlə yanaşdıqda, ortaya başqa məqamlar çıxır. Onlar üzərində daha geniş dayanmağa ehtiyac görürük. Çünki Azərbaycan haqqında yanlış təsəvvürlər formalaşdırmaq kimi bir məqsədin olduğunu duyuruq.
Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra analitik mərkəzlər Cənubi Qafqazda geosiyasi proseslərlə bağlı müxtəlif proqnozlar verməyə çalışırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yarana biləcək yeni situasiyanı xarakterizə etməyə cəhd edirlər. Kütləvi informasiya vasitələri bu bağlılıqda Beynəlxalq Böhran Qrupunun (BBQ) təhlil və proqnozları haqqında məlumatlar yayıb”.
Saytda vurğulanır ki, BBQ müstəqil, qeyri-kommersiya və çoxmillətli təşkilat kimi təqdim olunur: “Onun 5 qitədə 80-dən çox əməkdaşının olduğu bildirilir. Təşkilat yerlərdə situasiyanın analizi və aktiv surətdə hüquq müdafiəsi işləri ilə məşğuldur. Bununla təhlükəli münaqişələrin qarşısını almağa çalışır. Fəaliyyətində BBQ həm də analitik materiallar dərc etməyi nəzərdə tutur, hətta siyasi qərarlar qəbul edən liderlərə belə praktiki tövsiyələr göndərməyə cəsarət edir.
Ancaq bütün bunlar məsələnin, necə deyərlər, rəsmi tərəfidir. BBQ heç də həmişə obyektiv və dərin məqamlara toxunan təşkilat təsiri bağışlamır. Bir sıra hallarda qərəzli və subyektiv mövqe ortaya qoyur. O cümlədən Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarında xeyli dərəcədə sünilik özünü göstərib. Buna baxmayaraq, BBQ Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar zaman-zaman geniş material dərc edir ki, orada müəyyən proqnostik məqamlar da yer alır. Deyək ki, 2013-cü il sentyabr ayının 26-da bu təşkilat "Azərbaycan və Ermənistan: risklər mövsümü" adlı hesabat-məruzə hazırlamışdı. Bu məruzədə müəlliflər əsaslandırmağa çalışıblar ki, münaqişə riskli, həssas və təhlükəli bir mərhələyə daxil olub. Əsas səbəblər tərəflərin öz mövqelərində qalmaları, 2011-ci ildən başlayaraq danışıqların faktiki olaraq dalana dirənməsi və ATƏT-in Minsk qrupunun lazımi səviyyədə səmərəli fəaliyyət göstərməməsi ilə bağlıdır. Bunlara məruzə müəllifləri Ermənistan və Azərbaycanın daxili siyasi vəziyyətini də əlavə edirlər”.

Beynəlxalq Böhran Qrupunun növbəti oyunbazlığı
Saytda bildirilir ki, ölkələrdən hər hansında daxili situasiyanın qeyri-müəyyənliyə meyilliliyi Dağlıq Qarabağ məsələsinə hiss ediləcək təsir göstərə bilər: “Məsələn, Ermənistanda siyasi vəziyyət kəskinləşdiyi halda, müəyyən siyasi qüvvələr Dağlıq Qarabağ faktorundan öz xeyrinə yararlanmağa çalışa bilərlər. Azərbaycanla bağlı bunu deyə bilmirlər, çünki burada daxili siyasi vəziyyət kifayət qədər sabit və dayanıqlıdır.
Əvəzində başqa məqamı qabartmağa cəhd edirlər. Onlar Azərbaycanın güclənməsinin Ermənistan tərəfindən işğal edilmiş torpaqların hərbi yolla azad olunmasına təkan verəcəyindən bəhs edirlər. Başlıca diqqət yetiriləsi məqam da məhz bundan ibarətdir. Çünki BBQ də daxil olmaqla, "beyin mərkəzləri" və beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etməsi variantını qəbul etmək istəmirlər. Bunu sanki aksiom kimi qafalarına yerləşdiriblər”.
Məqaləyə qeyd olunur ki, məqsəd Ermənistanın işğal etdiyi əraziləri ermənilərin xeyrinə müxtəlif üsullarla və dolayısı ilə qanuniləşdirmək, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə imkan verməməkdir: “BBQ və ona bənzər təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etmək cəhdlərini risk adlandırmağa çalışırlar. Budurmu obyektiv, müstəqil analiz? Yaxud proqnoz? Əsla elə deyil, sadəcə, növbəti dəfə təcavüzə haqq qazandırmaq və münaqişənin ədalətli həllini ləngitmək üçün növbəti beyin hücumu ediblər. Üçüncü "proqnoz"dan da bu aydın hiss edilir.
Orada yazılır ki, "bütün tərəflər gərginlik yarada biləcək hər hansı addımlardan qaçmalıdırlar" (bax: Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018). "Bütün tərəflər" dedikdə, Dağlıq Qarabağdakı separatçılar da tərəf kimi nəzərdə tutulur. Əlavə olaraq, yenə də təcavüzkar Ermənistan "günahsız"dır, Azərbaycan isə vəziyyəti nəzarətdən çıxara biləcək addım ata bilər. Axı öncəki iki "proqnoz"da qeyri-sabitliyi Azərbaycanın hücumlarının yarada biləcəyi sətiraltı olaraq vurğulanıb, Ermənistanın işğalçılığı haqqında bir söz belə deyilməyib!
Belə çıxır ki, yenə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən narahat olanlar vardır. Onlar hər nə olsa da, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini istəmir və bunun üçün bütün vasitələrdən yararlanmağa cəhd göstərirlər. Yəni Azərbaycan, əslində, yalnız Ermənistanla mübarizə aparmır, əsas onun arxasında dayanan qüvvələrdir. Beynəlxalq Böhran Qrupunun "proqnoz"ları da məhz həmin qüvvələrin növbəti oyunbazlığıdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9903

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info