Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
Tarix: 16.05.2018 | Saat: 19:22:00 | E-mail | Çapa göndər
“Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyin yaranmasına mane olur.” Bunu Milli Məclisin spikeri Oqtay Əsədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısında deyib. Ölkələr arasındakı münasibətlərin dərinləşdirilməsində parlament diplomatiyasının önəminə toxunan Oqtay Əsədov bu sahədə Azərbaycanın həm Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində, həm də ikitərəfli münasibətlərdə səmərəli işlər apardığını vurğulayıb. Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən beynəlxalq layihələri xatırladan Oqtay Əsədov bölgə ölkələri arasındakı münasibətlərin dərinləşdirilməsinə Ermənistanın işğalçılıq siyasətinin maneçilik törətdiyini deyib: “Münaqişələr bölgənin çiçəklənməsinə maneələr yaradır. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi nəinki ölkəmizin inkişafına mane olur, regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir. Əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövlətlər arasındakı münasibətlərin başlıca prinsipi olan sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində yaxın gələcəkdə həllini tapar. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması regional əməkdaşlığın yeni səhifələrini aça bilər”.


Ekspert: “Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi rolu yoxdur”

“Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi rolu yoxdur.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Brüsseldəki Avropa Siyasəti Mərkəzinin aparıcı eksperti Amanda Paul Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib. O bildirib ki, Aİ münaqişənin həllinə yalnız dəstək verə bilir: “Bu, birliyin mandatı çərçivəsində baş verir. Avropa İttifaqının Minsk qrupunda təmsil olunması mümkün deyil. Lakin ittifaqın xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Minsk qrupunun fəaliyyətinə daha güclü dəstək verməlidir”.
Aİ-nin “Şərq tərəfdaşlığı” təşəbbüsünə toxunan A. Paul qeyd edib ki, tərəfdaş ölkələr arasında strateji dialoq çox vacibdir və genişlənməlidir: “Təşəbbüsə üzv ölkələr çoxtərəfli və ikitərəfli münasibətləri daha da inkişaf etdirməlidir”. Qeyd edək ki, ikigünlük forumda Cənubi Qafqaz regionunda gedən proseslər, münaqişələr və onların həlli yolları müzakirə olunur. Forumda Avropa İttifaqı, NATO-nun təhlükəsizlik və müdafiə üzrə siyasəti, Qara dəniz bölgəsində təhlükəsizlik, “Şərq tərəfdaşlığı” ölkələrinin gələcəyi və digər mövzular ətrafında diskussiyalar təşkil olunacaq. Forumda Azərbaycan, ABŞ, Avropa, İran, Ermənistan, Rusiya və digər ölkələri təmsil edən aparıcı ekspertlər, diplomatik korpusun nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı ADA Universiteti İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov, ADA-nın dosenti, professor Anar Vəliyev və beynəlxalq məsələlər üzrə ekspert Əhməd Əlili təmsil edir.

Xələf Xələfov: “Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək”


BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının 3-cü dövri məruzəsinə baxış keçirilib. UDİ prosesi BMT sistemi daxilində insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin monitorinqi sahəsində ən mötəbər təcrübə hesab edilir. Beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin hər bir BMT üzvü dövlət tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətdə tövsiyələr verilir.
Tədbirdə ölkəmizi Prezident İlham Əliyevin sərəncamına əsasən, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirin əvvəlində nümayəndə heyətinin başçısı X. Xələfov açılış nitqi ilə milli hesabatı təqdim edib. Çıxışda X. Xələfov Azərbaycanda insan hüquq və azadlıqlarının təminatındakı əsasların hələ 100 il əvvəl müsəlman Şərqində ilk parlamentli respublika olan və qadınlara seçki hüququ tanıyan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulduğunu qeyd edib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan Respublikasının həmin dövrdə əsası qoyulmuş demokratik ənənələrə sadiq olduğunu bildirib.
X.Xələfov Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu və bu xüsusda BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində əməkdaşlıq edildiyini və dövri hesabatların vaxtlı-vaxtında təqdim olunduğunu qeyd edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və Azərbaycan Respublikası Hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsi haqqında İşçi Qrupunu məlumatlandırıb.
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran X.Xələfov ərazilərimizin 20%-nin Ermənistanın işğalı altında olmasını insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə qismində dəyərləndirib. X.Xələfov Ermənistanın Azərbaycana qarşı işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib və Ermənistanın davam edən təcavüzü nəticəsində ölkəmizə 818 milyard ABŞ dolları məbləğində zərər vurulduğunu əlavə edib.
Azərbaycan nümayəndə heyətinin təqdimatından sonra təşkil olunan interaktiv dialoq çərçivəsində dünyanın bütün regionlarını təmsil edən 106 BMT üzv dövlətin nümayəndələri çıxış edərək Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair münasibət bildirib və müvafiq tövsiyələrini səsləndiriblər. Çıxış edənlərin böyük əksəriyyəti insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu təcrübənin davam etdirilməsini tövsiyə ediblər. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması hüququnu xüsusilə işıqlandıran bir sıra dövlətlərin nümayəndələri Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirləri təqdir ediblər. Eyni zamanda iştirak edən dövlətlər korrupsiyaya qarşı mübarizə, xüsusilə “ASAN xidmət”in fəaliyyətini, eləcə də Azərbaycanda dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbəri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyi səsləndirən zaman Ermənistan nümayəndəsi çıxışa müdaxilə etməyə cəhd edib, lakin İHŞ sədri Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırıb. İHŞ-nin sədri Azərbaycan nümayəndə heyətinin öz çıxışında ölkəsi üçün vacib hesab edilən istənilən mövzunu qaldırmaqda sərbəst olduğunu Ermənistan nümayəndəsinə bildirib.
Bu xüsusda, X.Xələfov ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi və təşviqi sahəsində əsas çətinliklərin birbaşa olaraq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və bunun nəticəsində torpaqlarımızın 20%-nin Ermənistan hərbi qüvvələrinin işğalı altında olması ilə əlaqəli olduğunu bir daha nəzərə çatdırıb, Ermənistanın bu davranışını məqsədyönlü şəkildə Azərbaycanın Universal Dövri İcmal baxışının gedişatının pozulmasına cəhd kimi qiymətləndirib.
Ermənistanın ərazi iddialarının yalnız Azərbaycana qarşı deyil, digər qonşu ölkələrə qarşı da yönəldiyini xatırladan X.Xələfov hərbi ritorikadan istifadə edilməsinin yeni Ermənistan rəhbərliyi tərəfindən də davam etdirilməsinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mənfi təsir etdiyini bildirib. BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş 4 qətnamənin hələ də yerinə yetirilmədiyini qeyd edən nazir müavini, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcəyini vurğulayıb.
X.Xələfov Ermənistan hərbi-cinayətkar rejimi tərəfindən törədilmiş Xocalı soyqırımı və öz valideynlərinin qəbrini ziyarət etmək üçün işğal altında olan ərazilərimizə səfər edən Azərbaycan vətəndaşlarının erməni hərbçiləri tərəfindən girov götürülməsi məsələsini də qeyd edib və dünya ictimaiyyətini bu cür cinayətlərə biganə qalmamağa çağırıb. Ermənistanın bu cinayətlərə və təcavüzün ağır nəticələrinə görə məsuliyyət daşıdığını qeyd edən nazir müavini, Azərbaycanın öz suverenliyini bütün ərazilərində bərpa etməsi hüququnu özündə saxladığını vurğulayıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
“Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
24.05.2018
“Dağlıq Qarabağ münaqişəsi başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi özünü açıq-aşkar göstərirdi”
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9318

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 “Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
5 “AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə təqaüd proqramı elan edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info