Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın böyük potensialı var
Tarix: 08.06.2013 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Bakıda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə “Avropa Birliyi-Azərbaycan: təhlükəsizlik və inteqrasiya” mövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə açan SAM-ın direktoru Fərhad Məmmədov vurğuladı ki, bu, Avropa Siyasi Mərkəzi ilə birgə təşkil olunan ilk tədbir deyil.

“Azərbaycandakı inkişaf çox möhtəşəmdir”

Tədbirdə çıxış edən Avropa Siyasi Mərkəzinin icraçı direktoru Hans Martens Avropada maliyyə böhranına toxunaraq qeyd etdi ki, 2 ildən sonra orada iqtisadiyyatda artım müşahidə olunmağa başlayıb. Azərbaycandakı inkişafla bağlı fikirlərini bildirən H.Martens bildirdi ki, buradakı inkişaf çox möhtəşəmdir: “15 il əvvəl burda, demək olar, heç nə yox idi. Lakin bu gün biz buradakı inkişafın şahidi oluruq”.
Tədbir panel müzakirələri ilə davam etdi. “Cənubi Qafqazı AB-yə yaxınlaşdırmaq: uğurlar və çağırışlar” mövzusunda olan panelin məruzəçiləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Şərq Tərəfdaşlığı üzrə fövqəladə və səlahiyyətli səfir Vaidatos Verba (Litva), Qafqaz Tədqiqat Resurs Mərkəzinin ölkə üzrə direktoru Gürsel Əliyev oldular.
“Dağlıq Qarabağ münaqişəsi: AB-yə çağırış” mövzusunda olan paneldə isə Beynəlxalq Təhlükəsizlik Araşdırmalar Mərkəzinin direktoru, səfir Metyu Brayza (Tallin, Estoniya), Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Viktors Makarovs, Avropa Siyasi Mərkəzinin siyasət üzrə eksperti Amanda Paul, SAM-ın direktor müavini Gülşən Paşayeva məruzələrlə çıxış etdilər. .
“Cənubi Qafqazı AB-yə yaxınlaşdırmaq: uğurlar və çağırışlar” mövzusunda panelində çıxış edən AB-nin Azərbaycandakı nümayəndəliyin rəhbəri Roland Kobia bildirdi ki, Avropa Birliyinin Azərbaycanla enerji sahəsində yaxşı əməkdaşlığı var: “ Biz inanırıq ki, bu əməkdaşlıq lokomotiv rolunu oynayaraq hər iki tərəfi digər sahələr üzrə də yaxınlaşdıracaq”. R.Kobia qeyd etdi ki, Azərbaycanla AB arasında əməkdaşlığın böyük potensialı var: “Azərbaycan müxtəlif sivilizasiyalar, iqtisadi, sosial, dini modellərin kəsişməsində yerləşir. Viza sadələşməsi məsələsinə toxunan R.Kobia vurğuladı ki, bu, insanlararası əlaqələrlə bağlı bir məsələdir: “Biz insanları yaxın gətirmək istəyirik. Çox vacibdir ki, insanlar rahat şəkildə Avropaya gedə və bir-birini yaxşı tanıya bilsinlər”.

“Münaqişənin həllində əsas məsələ tərəflərin siyasi iradəsidir”
R.Kobia çıxışında onu da bildirdi ki, Avropa Birliyinin əldə etdiyi ən böyük uğur sülhdür: “Avropanın tarixində bu qədər uzun müddət davam edən sülh heç vaxt olmamışdı. Biz buna nail olmuşuq və bunu Cənubi Qafqaza, Azərbaycana gətirmək istərdik”. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa Birliyi ATƏT-in Minsk qrupunu dəstəkləyir: “Minsk qrupu əlindən gələni edir. Biz bundan da artıq şeylər edə bilərdik. Azərbaycanda olduğum 4 il ərzində məndən soruşurdular ki, Avropa Birliyi niyə bu prosesdə iştirak etmir. Lakin əgər dəvət edilməmişiksə, bunu etmək çox çətindir. Minsk qrupunda AB-nin Fransa kimi üzvü var, üstəlik, bizim Cənubi Qafqaz üzrə xüsusi təmsilçimiz Filip Lefort da var. Biz Azərbaycanla Ermənistan arasında etimadın qurulmasına çalışırıq. Çünki əgər düşmənçilik meyilləri artsa, fəsadlar çox ola bilər.” R. Kobia bildirdi ki, əsas məsələ tərəflərin siyasi iradəsidir.

Amanda Pol: “Avropa Birliyi Dnestryanı münaqişəyə daha çox diqqət yetirir, nəinki Dağlıq Qarabağ münaqişəsinə”
“Dağlıq Qarabağ münaqişəsi: Avropa Birliyi üçün çağırış” adlı panelində Avropa Siyasət Mərkəzinin eksperti Amanda Pol bildirdi ki, Avropa Birliyi Dnestryanı münaqişəyə daha çox diqqət yetirir, nəinki Dağlıq Qarabağ münaqişəsinə.
A. Pol qeyd etdi ki, AB Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət yetirməlidir: “Niyə Avropa Birliyi Dnestryanı münaqişəyə çox diqqət ayırır? Bu münaqişə birliyin sərhədlərində yerləşir və onun həllinə bir sıra aparıcı ölkələr dəstək verir. Halbuki Dağlıq Qarabağ münaqişəsi bütün region və onun hüdudlarından kənarda yerləşən ölkələr, enerji və nəqliyyat dəhlizləri üçün təhlükədir. Bu gün münaqişənin həllində ötən illərdən fərqli olaraq daha çox durğunluq müşahidə olunur. AB hələ özünü dəstəkləyici qüvvə kimi qiymətləndirir, nəinki münaqişənin həllində aparıcı oyunçu kimi”.
Latviya Xarici İşlər Nazirliyinin parlament məsələləri üzrə katibi Viktors Makarovs isə qeyd etdi ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsində hələ çox iş görə bilər, təşkilatın potensialı yüksəkdir: “AB Cənubi Qafqazda daha aktiv olmalıdır, onun bu regionda mövcudluğu genişlənməlidir. AB-nin təcrübə və potensialı çoxdur və təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynamasa da, əsas məsələ münaqişənin həllində irəliləyişin olmasıdır. Madrid prinsipləri nəzərə alınmalı və canlandırılmalıdır, beynəlxalq hüququn tələbləri əsas götürülməlidir. Latviya Azərbaycanın dostu olaraq Azərbaycan ilə AB münasibətlərinin daha da genişlənməsini istəyir və AB-yə inteqrasiyanı dəstəkləyir”.

Metyu Brayza:
“Avropa Birliyi və ABŞ Ermənistan-Türkiyə yaxınlaşmasını Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla böyük səhvə yol verdilər”

Konfransda çıxışında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi ki, “Avropa Birliyi və ABŞ 2009-cu ildə Ermənistanla Türkiyə arasındakı fəal yaxınlaşma dövründə bu prosesi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla böyük səhvə yol verdilər”. O qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə Ermənistan-Türkiyə əlaqələrinin düzəlməsi prosesi bir-biri ilə əlaqəlidir və bunlara bir-birindən ayrı baxmaq yanlışdır. Diplomatın sözlərinə görə, İrəvanda anlamalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın Türkiyə ilə yaxınlaşmasına gətirib çıxaracaq: “Anlamaq vacibdir ki, bir istiqamətdə tərəqqi digər istiqamətdə də tərəqqiyə səbəb olacaq”.

“ABŞ Minsk qrupuna daimi
həmsədr təyin etməklə nizamlanma prosesində səylərini artırmış olar”

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəqqi yoxdur. Amma bu o demək deyil ki, ATƏT-in Minsk qrupunun həmsədrləri səylər göstərmirlər”. Bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirdi. O qeyd etdi ki, Azərbaycan və Ermənistan prezidentləri bir-birinə etibar etmirlər: “Bu etibarı kimsə yaratmalıdır. Bunu yaradan Barak Obama administrasiyası da ola bilər, dövlət katibi Con Kerri də ola bilər. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında səylərini artırması ilk növbədə Minsk qrupuna daimi həmsədr təyin etməsi ola bilər. Bundan sonra Con Kerri münaqişənin nizamlanması prosesində daha önəmli rol oynaya bilər”. Diplomat seçkilərə qədər münaqişənin nizamlanma prosesində irəliləyiş gözləmədiyini dedi. Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə danışan Metyu Brayza bildirdi ki, seçkilərdə Azərbaycan seçicisinin gözləntilərinin özünü doğruldacağına ümid edir: “Ümidvaram ki, ATƏT və digər beynəlxalq qurumlar bu seçkiləri ən demokratik və şəffaf seçkilər elan edəcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Pensiyaçılara şad xəbər
24.03.2019
Dağıstanda kütləvi zəhərlənmə baş verib
23.03.2019
“Ölkəmizi tanıyaq”: maarifləndirici tur-aksiyanın iştirakçıları Qubada
21.03.2019
“Cananı sevərmən” adlı kitab özbək dilində
20.03.2019
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info