Söz ömrünə calanan ömür
Tarix: 22.05.2018 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Vaqif Məmmədov-70

Naxçıvan ədəbi mühitinin yetirməsi və çağdaş poeziyamızda özünəməxsus yeri olan Vaqif Məmmədovun yaradıcılıq yolu ötən əsrin 70-ci illərindən başlayır. Bu illərdə artıq ümumazərbaycan ədəbi mühitində tanınan və Naxçıvanda yeni ədəbi mühitin formalaşmasında və inkişafında mühüm rol oynayan Hüseyn Razı, Əliyar Yusifli, Müzəffər Nəsirli, Adil Qasımov, Həsən Fətullayev, Əbülfəz Muxtaroğlu, Kəmalə Ağayeva, Elmira Qasımova, Validə Hüseynova kimi şairlər, xalq yazıçısı Hüseyn İbrahimov, Həmid Arzulu, Möhsün Möhsünov, Novruz Nehrəmli, Əbülfəz İnfiloğlu, Bayram İsgəndərli, Akif Axundov kimi nasirlər, necə deyərlər, söz meydanında idilər. Vaqif Məmmədov, bu mənada yanaşanda, ədəbiyyata, böyük poeziyaya belə bir mühitdə qədəm qoydu və az bir müddətdə ədəbi nəsildaşları içərisində bir qələm adamı kimi tanınmağa, sayılıb-seçilməyə başladı. Sonralar şeirləri dünyanın bir sıra ölkələrində - Türkiyədə, İranda, İraqda, Yunanıstanda, ABŞ-da, Rusiyada, Ukraynada, Belorusda, Özbəkistanda, Almaniyada, Bolqarıstanda çap olunan Vaqif Məmmədov 21 şeir, 15 elmi-publisist, 12 kitabın tərtibçisi oldu və haqqında 7 kitab yazıldı.
Yaradıcılığının erkən çağlarından ədəbi-elmi mühitin aparıcı simalarının diqqətini çəkən V.Məmmədov az bir zamanda öz yaradıcılıq kredosunu formalaşdıra bildi. Xüsusilə ötən əsrin 80-ci illərinin sonlarında bədnam ermənilər tərəfindən başlanan və bu günə qədər davam edən ədalətsiz Qarabağ hadisələrindən sonra bütün elmi, ədəbi, ictimai mühitimizin aparıcı mövzusu Vətən, Xalq, Azadlıq amalı olduğu kimi, V.Məmmədovun da yaradıcılığının əsas qayəsi, başlıca amalı Vətən, Xalq, Azadlıq mövzuları oldu. Ən başlıcası da, Vaqif Məmmədovun doğulub boya-başa çatdığı Azərbaycan torpağının qeyrət qalalarından birinə çevrilən Sədərəyə erməni faşistlərinin 1990-cı ilin yanvar ayının 18-19-da başladığı ilk hücumları (bu hücumlar 1993-cü ilə qədər 14 dəfə davam etdi və bu döyüşlərdə 100-dən çox şəhid, 500-dən çox döyüşçü və mülki şəxs yaralanaraq müxtəlif dərəcələrdə əlil oldular) və bu hücumlara qarşı gedən vətən oğullarının döyüş anları, mərdlik və cəsarət nümunələri Vaqif Məmmədov yaradıcılığının baş mövzusuna çevrildi. Bir məktəb direktoru, bir qələm və söz adamı kimi daima xalqın içərisində olmaq, “müsəlləh bir əsgərə” dönmək, etiraf edim ki, o dövrün çox “qələm adamlarına” nəsib olmadı. Vaqif Məmmədov, bəlkə də, o dövrdə Azərbaycanda yeganə qələm adamı idi ki, Sədərəyin ölüm-dirim məsələsi həll olunanda Vətən, Millət, Qeyrət naminə ailəsini, uşağını müəllim əməyi ilə min əzabla tikdiyi evindən çıxarıb evini, halal ocağını hərbi qərargaha çevirdi, Sədərəyin müdafiəsi üçün bütün döyüş əməliyyatları o halal müəllim ocağından idarə edilirdi. Təkcə bu fədakarlığına görə Vaqif Məmmədov şairliyindən, alimliyindən daha çox, bir vətəndaş kimi, M.Araz demişkən, bir “vətən daşı” kimi yaddaşlara köçüb, sağlığında əbədiləşdi. V.Məmmədovun o dövrdə qələmə aldığı şeirlər, publisistik yazılar zamanın, Vətənin haqq səsi, harayı idi. Elə buna görə də akademik Ziya Bünyadov Vaqif müəllimin Sədərəklə, Sədərək döyüşləri ilə bağlı şeirlərini oxuyandan sonra yazmışdır: “Vaqif Məmmədovun Sədərək haqqında şeirlərini oxudum. Çox təsirləndim. Eşq olsun qəhrəman Sədərək xalqına”.
Xalq şairi Bəxtiyar Vahabzadə isə “Mədəniyyət” qəzetinin 17.09.1992-ci il tarixli sayında yazırdı: “Sədərəkdən - Vaqif Məmmədovdan bir məktub aldım. İçində bir neçə şeir vardı. Ah dolu, aman dolu bu şeirlərdən üzümə alov vurdu, vərəqlər əlimi yandırdı. Bu şeirlər Sədərəyin bugünkü müsibətinin sabah üçün tarixidir”.
Doğrudan da, bu, belədir. Yazılarımın birində əsl qələm adamlarının yazdıqlarını “zamanın qara qutuları” adlandırmışdım və əlavə də etmişdim ki, təyyarələrin uçuş zamanı qəfil qəzaya uğramasının əsl səbəbini araşdırmaq üçün təyyarəyə yerləşdirilmiş qara qutuların rolu nə qədər böyük və əvəzolunmazdırsa, müəyyən bir dövrün, zamanın ictimai-siyasi mənzərəsinin əsl mahiyyətinin özündən sonrakı nəsillərə olduğu kimi çatdırılmasında zamanında yaşamış qələm və söz adamlarının yaratdıqları da o qədər dəyərli və əvəzolunmazdır. V.Məmmədovun bir şair, publisist, alim və ictimai xadim kimi (o həm də birinci çağırış Naxçıvan Ali Məclisinin Sədərəkdən seçilmiş deputatı idi) yaradıcılığının əsas qayəsini yaxın keçmişimizin ictimai-siyasi həyatı və o hadisələrin xalqımızın milli yaddaşında oyatdığı təbəddülatlar təşkil edirdi. Çünki V.Məmmədov bir şair, ictimai fikir və düşüncə adamı kimi xalqın içindən çıxmış, onun mənəvi yükünün daşıyıcısına çevrilmişdir. Elə buna görə də akademik İsa Həbibbəyli V.Məmmədovun yaradıcılığından danışarkən doğru olaraq qeyd edir: “Vaqif Məmmədov Azərbaycan və türk dünyasında tanınan şairdir. Yüksək hazırlıq səviyyəsi, şeirə, sənətə vaqiflik, elmə dərindən bələdçilik Vaqif Məmmədovun sənətini və elmi yaradıcılığını daima irəli aparır”.
V.Məmmədov torpağa, vətənə, xalqa bağlı olan milli duyğulu, milli düşüncəli şairdir. Poetik duyğularında daima milli əxlaqi, mənəvi duyğular tərənnüm edən şair bir azca çətinlik görən kimi minillik ata-baba ocağını ataraq “xoş günlər eşqilə” torpağını tərk edənlərə qarşı çıxaraq yazırdı:
Nə havaydı gəldi sənin başına,
Dönük çıxdın torpağına, daşına.
Yaraşmırdı bu köç sənin yaşına,
Bu torpağın ahı səni tutacaq.
(“Bu torpağın ahı səni tutacaq” şeirindən )
Yaxud da Sədərək döyüşlərinin qanlı-qadalı günlərində qələmə aldığı və bu gün də Vətən uğrunda döyüş ruhunda yazılmış ən layiqli poetik nümunələr içərisində bədiiliyini, ideya-siyasi dəyərini qoruyub saxlayan “Qeyrət qalası” şeirində bir səngər şairinin könül duyğularının narahat notlarını görməkdəyik:
Dəyanət dəmiydi, qeyrət dəmiydi,
Yolumuz haqq işə uzanan yolsa,
Sədərək ümmanda batan gəmiydi,
Qeyrətsiz olsaydıq, silaha qalsa...
Bu və bu kimi misralar bir daha göstərir ki, V.Məmmədov xalqın Vətən və torpaq uğrunda silahdan çox qeyrətə, namusa sığındığı ,arxalandığı bir dövrün şairidir. Müşahidələr göstərir ki, 90-cı illərin ağrılı illərində V.Məmmədovun yaradıcılığında sevgi şeirlərinə, məhəbbət duyğulu misralara rast gəlmək mümkün deyil. Çünki Vaqif bir şair, vətəndaş kimi bütün varlığını, hiss və duyğularını, maddi və mənəvi dəyərlərini yalnız Vətəninə basqın etmiş erməni cəlladlarının hücumuna qarşı mübarizə üçün səfərbər etmişdir.
Burada böyük xalq şairimiz Xəlil Rza Ulutürkün məşhur “məndən başlanır Vətən” misrasını xatırlamaq, fikrimizcə, çox yerinə düşərdi. Vətənin bütövlüyü Vətən əsgərinin silahının gücüylə Vətən şairinin qələminin qüdrətinin vəhdətindən
yaranır desək, heç də səhv etmərik. Bu həqiqəti bir şair kimi dərindən dərk edən və özünün yaradıcılıq amalına çevirən Vaqif “Sərhəddə düşüncələr” şeirində yazırdı:
Bu sərhəddi, mərdlər durub keşikdə,
Talan olar, yoxsa bəhər-bar gedər.
Körpələr də uyumazlar beşikdə,
Vətən gedər, namus gedər, ar gedər.

...Sərhəd Məkkə, sərhəd ocaq, sərhəd pir,
Yad baxış da sərhədlərə tuşlanır.
Sərhəd dəniz, sərhəd hava, sərhəd yer,
Vətən elə sərhədlərdən başlanır.
Vətən və Azadlıq mövzularının məntiqi davamı kimi V.Məmmədov yaradıcılığının çoxçalarlılığına yeni bir rəng verən, çalar gətirən başlıca mövzulardan biri də, daima böyük hərflə yazılmağa layiq olan Şəhidlik mövzusudur. Yeni dövr ədəbiyyatında, publisistikasında bu şərəfli mövzuya ilk müraciət edənlərdən biri də V.Məmmədov oldu. Onun muxtar respublikada ilk təşəbbüs kimi 1998-ci ildə nəşr etdirdiyi və ədəbi-ictimai mühitdə rəğbətlə qarşılanan “Sədərək şəhidləri” kitabı (bu kitab 2007-ci ildə “Şexidi Sadaraka” adı ilə Novosibirskidə rus dilində nəşr edildi) şairin yaradıcılığında yeni bir dövrün başlanğıcından xəbər verirdi. Bu mövzu çox çəkmədi ki, Vaqif Məmmədovun lirikasında da özünə vətəndaşlıq haqqı qazandı. Onun bu mövzuda yazdığı bir sıra şeirləri, o cümlədən “Vətənin müdafiəsində qəhrəmanlıqla şəhid olan Azərbaycan Milli Ordusunun kapitanı “Ceyhun Pirəli oğlu Orucəliyevin xatirəsinə” epiqrafı ilə qələmə aldığı “Şəhid” şeiri bu cəhətdən diqqətəlayiqdir:

Şəhidlik adında ünvanımız çox,
Şəhidin ruhu da bakirə, təmiz.
Zülmətdən işığa addım-addım yox,
Sanki şəhid-şəhid yol gedirik biz.
Nümunə gətirdiyimiz təkcə bu bəndin 3-cü və 4-cü misralarının məna yükünün açımı şairin bu mövzuya yeni baxışının təzahürü kimi dəyərlidir...
*
Kamil qələm adamlarının ömrü, sözün əsl mənasında, insanlığın ən ali məqamı olan Sözün ömrü qədər sonsuzdur. Sözün ömrü İnsanlığın, İnsanlığın ömrü Sözün ömrü qədərdir. Çünki söz insanı, insan da sözü yaradıb. Bu baxımdan yanaşdıqda, nə qədər insan və insanlıq yaşayırsa, söz, nə qədər söz yaşayırsa, bir o qədər də insan və insanlıq yaşayacaq. Vaqif Məmmədov ömrü də söz ömrünə calanan əbədi bir ömürdür, bir şair ömrüdür, bir vətəndaş ömrüdür...
2018-ci il iyunun 28-də unudulmaz qələm dostumuzun 70 illiyidir. Ancaq Vaqif 67 yaşında bu “gəlimli-gedimli, son ucu ölümlü” dünya ilə vidalaşdı...
*
Həsrəti saçımda qırovdu, dəndi,
Əbədi yandıran göz dağı oldu.
Vüsalın elə tez bitdi, tükəndi...
Həsrətin tükənmir, duz dağı oldu.
Bu kövrək, duyğulu misralar da Vaqif Məmmədovundur. Dostlarına və Vaqifsevərlərə 70 illiyinin ağrılı, acılı nisgilini yaşadan Vaqf Məmmədovun!..
Xanəli Kərimli
Filologiya üzrə fəlsəfə doktoru, dosent





 
Bölməyə aid digər xəbərlər
24.06.2018
Bakıda Yoqa festivalına start verib
24.06.2018
Xaçmazda Qara Qarayevin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub
24.06.2018
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək
23.06.2018
İran Milli Orkestri ilk dəfə olaraq Bakıda çıxış edəcək
22.06.2018
Milli irsimizin yorulmaz tədqiqatçısı

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9462

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info