Bu il Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə istifadəyə veriləcək
Tarix: 22.05.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Prezidentin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqlardan və aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki çıxışından irəli gələn tapşırıq və vəzifələrin icrasına dair İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin və davamlı islahatların reallaşdırılması nəticəsində, əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin I rübü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, bu dövrdə ÜDM 2,3%, qeyri-neft sektoru təqribən 3%, qeyri-neft sənayesi 10%, kənd təsərrüfatı 4,2%, artıb. 2018-ci ilin I rübündə valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları artaraq 44,2 milyard ABŞ dollarına çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici investisiyalardır. Əhalinin gəlirləri təxminən 10% artıb, inflyasiya 4% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib.

Neftçala Sənaye Məhəlləsində işləyənlərin sayı 500-ə çatdırılacaq
Şahin Mustafayev bildirib ki, 17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələrə rezidentlər tərəfindən 3 mlrd. dollara yaxın sərmayə qoyulacaq. Hazırda Sənaye Parkında 6 müəssisə fəaliyyət göstərir. 2018-ci ildə 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur. Balaxanı Sənaye Parkının hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir, digər 6 rezident isə yaxın zamanlarda fəaliyyətə başlayacaq. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların BSP-yə göstərdiyi maraq nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 2018-ci ilin fevralında pambıq-poliester və iplik istehsal edən 2 fabrik istifadəyə verilib. Sənaye Parkında boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə də müəssisələrin yaradılması nəzərdə tutulur. Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur.
Pirallahı Sənaye Parkında hazırda tikinti işləri aparılır və 3 müəssisəyə rezident statusu verilib. Azərbaycan-Rusiya birgə müəssisəsi olan əczaçılıq zavodunun layihələndirmə işləri davam etdirilir, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun açılışı bu ilin 4-cü rübündə gözlənilir. Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. Hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada işləyənlərin sayı 500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti – “Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyətə başlayacaq. Masallı Sənaye Məhəlləsində tikinti işləri tam başa çatıb. Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi dəyəri 7,1 mln. manat olan 9 layihə icra ediləcək.
Hacıqabul Sənaye Məhəlləsində həyata keçirilən tikinti işləri 2018-ci ildə başa çatacaq. Daxil olmuş təkliflər araşdırılıb və “ATEF Sənaye Kompleksi” MMC və “Plassttech” MMC-nin Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı kimi qəbul edilməsi qərara alınıb. Sabirabad Sənaye Məhəlləsində də tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.
Kollegiya iclasında Şahin Mustafayev sənaye parkları və məhəllələrinin təşkili və genişləndirilməsi işlərinin davam etdirilməsi, digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırılması, sənaye zonalarına yeni rezidentlərin cəlb olunması, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin özünü maliyyələşdirməsi məsələsinin araşdırılması, Mingəçevir Sənaye Parkında yeni müəssisələrin yaradılmasına, “Khazar” Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərin bazarda daha geniş şəkildə təqdim olunmasına dair təkliflərin hazırlanması barədə nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib.

“Azərbaycan xalçası” brendi yaradılır
Kollegiya iclasında qeyd olunub ki, ölkəmizdə ənənəvi sahələrdən olan xalçaçılığın inkişafı məqsədilə artıq 10 rayonda xalça müəssisələrinin tikintisi yekunlaşıb. Hazırda daha 10 müəssisənin, 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi işləri davam etdirilir və bu müəssisələrin 2018-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. 2017-ci ilin sonunda dövlət başçısı tərəfindən Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş Yunəyrici Boyaq Fabrikinin tikintisi isə 2019-cu ildə başa çatacaq. Şahin Mustafayev dövlət başçısının 28 fevral 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrasının sürətləndirilməsi, “Azərbaycan xalçası” (“Azerbaijan carpet”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması barədə tapşırıqlar verib.

Geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kredit veriləcək

İclasda vurğulanıb ki, hazırda ölkənin 30 rayonunda 45 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 3 aqroparkda birinci mərhələ üzrə nəzərdə tutulmuş işlər başa çatdırılıb, 15-i isə 2018-ci ildə istifadəyə veriləcək. Qeyd olunub ki, 2018-ci ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən layihələrinin ümumi dəyəri 371 milyon manat olan 397 sahibkara geri qaytarılan kreditlər hesabına 64,4 milyon manat güzəştli kredit verilib. Bunun 69%-i aqrar sektorun, 31%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına, 92%-i regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Ümumiyyətlə, indiyədək 35 mindən çox sahibkara 2,2 mlrd. manat həcmində dövlətin güzəştli krediti verilib ki, bunun 1 mlrd. manatı dövlət büdcəsinin, digər hissəsi isə qaytarılan kreditlərin payına düşür.
Kollegiyanın sədri Şahin Mustafayev qeyd edib ki, 2018-ci ilin I rübündə sahibkarlara dəstək məqsədilə digər mexanizmlərdən də səmərəli istifadə olunub. Belə ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 241 sahibkarlıq subyektinə 271 investisiya təşviqi sənədi verilib. Bu layihələr nəticəsində yerli istehsala 2,5 mlrd. manat investisiya yatırılacaq, 18 mindən çox yeni iş yeri açılacaq.

Yaxın vaxtlarda Latviya və Ukraynada Ticarət evləri, Şanxayda isə Azərbaycan Şərab Evi açılacaq

İclasda qeyd edilib ki, ixracın stimullaşdırılması üçün 2018-ci ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixracı müqabilində sahibkarlara 1,5 mln. manat, indiyədək isə 4,6 mln. manat ixrac təşviqi ödənilib.
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair fərmana uyğun olaraq, 2018-ci ilin ötən dövründə Azərbaycan şirkətləri dövlət büdcəsi hesabına “Beynəlxalq Yaşıl Həftə”, “Prodexpo”, "Fruit Logistica", “Gulfood” və “Sial China” beynəlxalq ərzaq sərgilərində vahid ölkə stendi ilə iştirak ediblər. Ümumilikdə indiyədək 13 ixrac missiyası (Çin, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı) təşkil olunub. Bu ildən xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq, ixracla məşğul olan sahibkarlara daha çox dəstək göstəriləcək. Qeyd edilib ki, artıq Azərbaycanın Belarusda Ticarət Evi fəaliyyət göstərir və indiyədək bu Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib. Yaxın vaxtlarda Azərbaycanın Latviya və Ukraynada Ticarət evləri fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır.
Kollegiya iclasında qeyd edilib ki, şərab Azərbaycanın əsas ixrac potensialı olan məhsullarındandır və yaxın vaxtlarda Çinin Şanxay şəhərində Azərbaycan Şərab Evi açılacaq. Nazir Pekində də Azərbaycan Şərab Evinin açılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb, şərab istehsalçıları ilə mütəmadi görüşlərin keçirilməsinə dair müvafiq tapşırıqlar verib. Dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-ci ildə də sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, işsizliyin aşağı səviyyədə saxlanılması, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidən qurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. Dövlət İnvestisiya Proqramında sosial obyektlərin tikintisi və təmiri üçün müvafiq vəsait nəzərdə tutulub. Vurğulanıb ki, bu il 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulur ki, bu da ucqar kəndlərdə belə məktəb probleminin tam həll olunmasını təmin edəcək. Modul tipli məktəblər Neftçala Sənaye Zonasında hazırlanacaq. Kollegiya iclasında dövlət başçısının andiçmə mərasimindəki çıxışından irəli gələn tapşırıq və vəzifələrin icrasına dair xüsusi Tədbirlər Planı təsdiq edilib, Prezidentin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9455

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info