ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
Tarix: 23.05.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib. Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri və həmin zaman verdiyi açıqlamalar Bakıda tənqidlə qarşılanıb. Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, eləcə də təmas xəttində baş verən təxribatlara ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev də münasibət bildirib: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq".
A. Quliyev bildirib ki, ATƏT hazırda münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə təşkilatdır: "Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni yenə qaldıracağıq. Nikol Paşinyanın addımları və Ermənistanda yaranmış mövcud duruma gəlincə, əlbəttə, biz bu gün onu hiss edirik ki, Paşinyan və komandası çox populist və pafoslu bəyanatla çıxış edir. Təbii ki, bu, inqilabın yaratdığı eyforiyadır. Heç şübhə etmirəm ki, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək, bu cür boş və mənasız bəyanatlardan çəkinəcək. Çünki bu boş bəyanatlar, ritorika heç bir halda sülhə xidmət etmir, problemin sülh yolu ilə həllinə yardım etmir. Ermənistan rəhbərliyi bunu anlamalıdır. Təəssüflər olsun ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilmədi. Bu, bizi qane etmir, bizi çox ciddi şəkildə narahat edir. Şübhəsiz ki, ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə toxunacağıq".
Yeri gəlmişkən, Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub. “Aysor.am” saytının verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi çərçivəsində sülh yolu həllinə dair fikir mübadiləsi aparıblar. S. Lavrov bu vəzifəyə yeni təyin olunmuş həmkarını yaxın zamanlarda Moskvaya rəsmi səfərə dəvət edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə brifinq zamanı deyib ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaqda davam edəcək. Rusiya XİN-in nümayəndəsi bildirib: “Rusiya həmişə bu məsələdə fəal rol oynayıb. Qəbul olunmuş və səmərəliliyi sınanmış üsullar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var. Biz çox aktiv rol oynamışıq və bunu tərəflərlə sıx əlaqədə davam etdirəcəyik”.


“Ermənistanın taleyinin həlli erası başladı”
Bu arada politoloq Mübariz Əhmədoğlu ermənilərin Naxçıvan istiqamətində təxribat planlarından danışıb. Onun sözlərinə görə, N.Paşinyanı hakimiyyətə gətirən Qərb S.Sarkisyanın Naxçıvan istiqamətində təxribat planlarından axıradək xəbərdar idi: “Ona görə N.Paşinyan D.Tonoyanı müdafiə naziri təyin etdi. Çünki D.Tonoyan belə planların hazırlanmasında həmişə öndə olub. Onun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyini ikinci hərb nazirliyə çevirməsində məqsəd bu idi. D.Tonoyan bu işi ABŞ və NATO-nun dəstəyi ilə reallaşdırırdı. Müdafiə nazirinin müavini işlədiyi dövrdə D.Tonoyan “statik müdafiədən çevik cilovlamaya” konsepsiyasını ortalığa qoydu. Nəticədə, 2016-cı ilin aprel təxribatlarını yaratdı. Ermənilər aprel təxribatı zamanı məğlub olsa da, bu, D.Tonoyanın təxribatçılıq mahiyyətini zərrə qədər dəyişmədi. Yeni baş nazir N.Paşinyan tərəfindən müdafiə naziri təyin olunan kimi, ilk səfərini Naxçıvanla sərhədə etdi və bu zaman özü ilə yeni Xarici İşlər Naziri Z.Mnatasakyanı da götürdü. Erməni məntiqinə görə D.Tonoyan və Z.Mnatsakyan ilk səfərlərini Dağlıq Qarabağa etməli idilər.
Beləliklə, N.Paşinyan D.Tonoyanın rəhbərlik etdiyi ordunun ona qarşı üsyan etməyəcəyindən tam arxayındır. D.Tonoyanın Qərblə əlaqələrini, antirusiyaçılığını, təxribat törətmə potensialını nəzərə alaraq onu müdafiə naziri təyin etdi. İki erməni nazirinin Naxçıvan istiqamətindəki Azərbaycan dövlət sərhədinə yaxınlaşması təxribatların praktiki mərhələsinin təməlini qoydu. Azərbaycanlı hərbçi şəhid oldu. Rəsmi Bakı Müdafiə və Xarici İşlər nazirlikləri vasitəsilə operativ və düzgün mövqe ortalığa qoydu”.
Politoloq bildirib ki, Azərbaycanla təkbətək üz-üzə qalmaqdan qorxan Ermənistan iri dövlətləri qarşı-qarşıya qoymaqla Naxçıvan istiqamətində hərbi təxribatlar hazırlayır: “Naxçıvan istiqamətindəki erməni təxribatlarına Azərbaycanın verəcəyi cavab Ermənistanın coğrafiyasını dəyişəcək. Naxçıvandan Mehriyədək olan məsafə təxminən 40 km-dir.
Ermənistanın öyündüyü məsələlərdən biri onun torpaq itirməyən yeganə Cənubi Qafqaz dövləti olması idi. Ermənistan bu öyünmək mənbəyindən məhrum ola bilər.
Ermənistanın taleyinin həlli erası başladı. Budəfəki proseslər yalnız Ermənistanın və ermənilərin ziyanına olacaqdır. N.Paşinyanın komandası və özünün fəaliyyəti bunu deməyə tam əsas verir”.


“Avropa İnsan Haqları Məhkəməsi D. Əsgərov və Ş. Quliyevin işinə baxılmasını tezləşdirəcək”
Məlum olduğu kimi, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ötən gün Vəkillər Kollegiyasının sədri, D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə edən Anar Bağırov deyib ki, yaxın vaxtlarda Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxacaq: “Erməni girovluğundakı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər tərəfimizdən Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Biz lazım olan işləri vaxtında həyata keçiririk".
O bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi D. Əsgərov və Ş. Quliyevin işinə baxılmasını tezləşdirəcək: "Biz buna ancaq ümid edə bilərik. Avropa Məhkəməsinin öz prosedurları var. Burada söhbət yalnız insanların qanunsuz həbsindən getmir, onlara işgəncə də verilib. Bu insanların səhhətində ciddi problem var".
A. Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası D. Əsgərov və Ş. Quliyevlə bağlı bütün lazımi tədbirləri görür: "Biz bu məsələdə sona kimi mübarizə aparacağıq. Hesab edirəm ki, yaxın aylar ərzində Avropa Məhkəməsi bu məsələyə baxacaq, ədalətli və düzgün qərar qəbul edəcək. Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsinin nüfuzuna təsir edən məsələdir. Avropa Məhkəməsi bu məsələdə öz prinsipiallığını nümayiş etdirməlidir".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”
21.06.2018
“Həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur”
20.06.2018
Hikmət Hacıyev: “Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır”
14.06.2018
“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
13.06.2018
Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9459

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info