Putin Əsədi Soçiyə niyə çağırmışdı?
Tarix: 23.05.2018 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Rusiyadan tələb: İran qoşunları Suriyanı tərk etsin!

Son günlər səslənən bəyanatlar Suriyadakı atəşkəsin təminatçısı olan Rusiya, Türkiyə və İran arasında gərginlik yaşandığını göstərir

Anton Mardasov: Rusiyanın İrana təzyiq aləti var – bu, İsraildir. Ona görə də İsrailin endirdiyi zərbələr Rusiya üçün sərfəlidir”

Son vaxtlar Suriya münaqişəsinin həlli ilə bağlı müzakirələrdə bağlı qapılar arxasında qalan bəzi məqamlar mətbuat səhifələrinə yol tapıb. Daha doğrusu, Suriya münaqişəsinin həlli ilə bağlı yaradılan Rusiya-Türkiyə-İran alyansında münasibətlərin heç də göründüyü kimi olmadığı bəlli olub. Tərəflər artıq bu gərginliyi bağlı qapılar arxasında saxlamaq diplomatiyasından vaz keçərək açıq danışmağa başlayıblar. Rusiyanın açıq mətnlə İrandan qüvvələrini Suriya ərazisindən çıxarmasını tələb etməsi Rusiya ilə ABŞ arasında müəyyən razılaşma elementi kimi dəyərləndirilir. Bəşər Əsədin təcili şəkildə Soçiyə çağırılaraq Putin tərəfindən qəbul edilməsi də həmin gərginliyin nəticəsi kimi qəbul edilməlidir. Məsələ ondadır ki, İran bir neçə gün əvvəl bəyan etdi ki, Suriyanı tərk etmək fikrində deyil və oraya rəsmi Dəməşqin dəvəti ilə gəlib. Nə baş verir? Ekspertlərin böyük əksəriyyəti hesab edirlər ki, Vaşinqton-Moskva sövdələşməsində İran qüvvələrinin Suriyanı tərk etməsi əsas məsələyə çevrilib. Yəni Vaşinqtonun Moskvadan əsas tələblərindən biri İrana təzyiq etməsidir. Bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında bildirib ki, terrorizm mövcud olduqca və rəsmi Dəməşq istədikcə, İran Suriyada qalacaq. Rusiyanın istəyi ilə əcnəbi qüvvələrin Suriyadan çıxmasına dair yayılan məlumatlara münasibət bildirən B. Qasımi qeyd edib ki, heç kim İranı hansısa işi görməyə məcbur edə bilməz: “Suriya hökumətinin icazəsi olmadan həmin ölkəyə girənlər Suriyanı tərk etməlidir”. İranı belə bir açıqlama verməyə vadar edən səbəb isə Putinin Soçidə Əsədlə görüşdən sonra səsləndirdiyi fikir olub. Putin bildirmişdi ki, Suriya ordusunun terrorçular üzərində qazandığı qələbələr və siyasi proseslərin daha aktiv fazaya qədəm qoyması ilə bağlı xarici qüvvələr Suriya ərazisini tərk edəcək. Daha sonra Putinin sözlərinə aydınlıq gətirən onun Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev əmin olduğunu bildirib ki, “hər şey kompleks halda həyata keçiriləcək”. Lavrentev “RİA Novosti”yə deyib ki, Moskvanın çağırışı bütün xarici qüvvələrə aiddir: “Bu çağırış amerikalılara, türklərə, “Hizbullah”a və təbii ki, iranlılara da aiddir”. Xüsusi nümayəndə onu da bildirib ki, bu, Rusiya kontingentinə aid deyil. Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının üzvü Anton Mardasov “Nezavisimaya qazeta”ya dəyərləndirməsində bildirib ki, səslənən bəyanatlar Suriyadakı atəşkəsin təminatçısı olan Rusiya, Türkiyə və İran arasında gərginlik yaşandığını göstərir. Ekspert deyib ki, rəsmi Dəməşq ölkənin böyük bir hissəsinə nəzarəti ələ keçirib: “İndi isə postmünaqişə dövründə həmin ərazilərin idarə edilməsi və digər əraziləri nəzarətdə saxlayan qüvvələrlə kompromis əldə edilməsi məsələsi gündəmə gəlib. Qərblə, ABŞ-la danışıqlarda əsas problem İran faktorudur. İstisna deyil ki, Moskva Ağ Evlə danışıqlar aparır ki, onlar həm Suriyadakı iştirakını minimuma endirsinlər, həm də kürd məsələsini həll etsinlər. Bunun əvəzində İranın Suriyadakı varlığı minimuma enməlidir. Belə bir sövdələşmə təkcə ABŞ-la deyil, Körfəz ölkələri ilə də aparıla bilər”. Mardasov bildirib ki, İran məsələsi ilə bağlı Rusiya ilə Qərb arasında kompromis İordaniyada əldə edilən razılaşmada da əks olunmuşdu: “Rusiya həmin razılaşmaya əsasən İrana təsir etməli idi. Amma bu, baş vermədi. İrandan qüvvələrini Suriyadan çıxarmasını tələb etmək mənasızdır. Tehran istənilən anda dəstək verdiyi müxtəlif qruplaşmalarla iştirakını davam etdirəcək. İranın iştirak səviyyəsi bir qədər azala bilər, amma İran qoşunları oranı tərk etməyəcək. Rusiyanın İrana təzyiq aləti var – bu, İsraildir. Ona görə də İsrailin endirdiyi zərbələr Rusiya üçün sərfəlidir”. Ekspert qeyd edib ki, Vaşinqton İrana təzyiq edilməsini müntəzəm şəkildə tələb edir. ABŞ-ın yeni dövlət katibi Maykl Pompeo “Heritage” fondundakı çıxışında bildirmişdi ki, İranın köməyi ilə “Hizbullah” Suriyada yerüstü əməliyyatları genişləndirir. Pompeo hesab edir ki, Əsəd rejimi İran üçün Aralıq dənizinə dəhliz açmaqla məşğuldur: “İran istəyir ki, həmin dəhliz vasitəsilə İsrailə doğru qırıcıları, silahlı qüvvələrini irəli aparsın”. Onun bu açıqlamasına cavab verən İran XİN bəyan edib ki, bu, daxili işlərə qarışmaq deməkdir: “İstənilən destruktiv, qanunsuz hərəkətlərə görə bütün məsuliyyəti ABŞ üzərinə düşür”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Əfqanıstan Prezidenti Qurban bayramı ilə əlaqədar “Taliban”la atəşkəs elan edib
19.08.2018
Suriyada İŞİD terrorçuları ilə ABŞ əsgərləri arasında qarşıdurma olub
19.08.2018
Erməni ekspertlər: Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq
18.08.2018
Putindən Avstriya nazirinə toy hədiyyəsi: rəsm əsəri, qədim yağçəkən və Tula samovarı
18.08.2018
Vladimir Putin Berlinə səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info