İbrahimbəyovun əməlinin bir adı var-xalqa xəyanət
Tarix: 25.05.2018 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


“Rüstəm İbrahimbəyovu özünə lider seçən siyasi müxaliflərdən cavab gözləyirəm”

Məlum olduğu kimi, ssenari müəllifi Rüstəm İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmi ciddi narazılığa səbəb olub. Çünki filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunublar.
Bir vaxtlar müxalifətin, az qala, milli qəhrəman səviyyəsində cəmiyyətə təqdim edib özlərinə rəhbər seçdikləri Rüstəm İbrahimbəyovun öz xalqına qarşı belə nifrət qoxuyan ssenari yazması və filmi ərsəyə gətirməsi haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır.
Film və Rüstəm İbrahimbəyovun bu satqınlığı idmançısından tutmuş, siyasət adamı, ziyalısına qədər insanlar arasında dərin hiddətə səbəb olub. İctimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən də ssenaristin bir zamanlar siyasətçi kimi yaratdığı və hələ də fəaliyyətini davam etdirən “milli şura” başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər. Hamı eyni sözü deyir-Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları”, ermənipərəst əməli milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.
Onu da qeyd edək ki, filmdə azərbaycanlı obrazını yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar canlandırırlar. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib.
İctimaiyyət nümayəndələri bildirirlər ki, bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətin və düşmən münasibətin təzahürüdür.
Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələyə reaksiya verərək deyib: “Rüstəm İbrahimbəyov bu filmi ilə istedadını, görün, nəyə xərcləyir! Xalqını mədəniyyətsiz, barbar, qorxaq kimi təqdim etməyə! Təzada baxın, bu mədəniyyətsizlik və barbarlıq ermənilər üzərində həyata keçirilir! O ermənilər üzərində ki, istər yaxın, istərsə də uzaq tariximizin müxtəlif mərhələlərində bizə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Görəsən, İbrahimbəyovun bəşəriliyin uğursuz imitasiyasına söykənmiş təxəyyülündən filmə sıçratdığı qorxmaz, mərd erməni obrazı öz erməniliyindən imtina edərmi?! O obraz Xocalıdakı dəhşətlərə, ümumən türklərə qarşı ən ağlagəlməz cinayətlərə görə fəxarət duyub, özü ilə heçmi öyünməyib?! Bəlkə, o erməni xəcalət təri töküb?! Hesab etmirəm ki, R.İbrahimbəyov bunları bilmir. Çox gözəl bilir, ancaq hikkəsi və iddiası ona kim olduğunu unutdurur.
R.İbrahimbəyov "Qafqaz üçlüyü" ilə 11 aprel prezident seçkisi öncəsi Avropadan söyüş yağdıran bəsit təfəkkür sahiblərinin maraqlarından da bəsit maraqların əsiri kimi çıxış edir. Bu isə müxaliflik deyil. Onun insan haqları, mərhəmət kimi bəşəri dəyərlərin tapdalanmasının, guya, əksinə çıxan beynəlmiləlçiliyinin incə siyasi gedişlərə hesablandığı aydın görünür. Bəli, satqınlığın və xəyanətin başqa adı yoxdur. Əslində, bununla bağlı fikir bildirmək çox ağırdır. O mənada ki, satqın özümüzdən biridir. Ancaq tariximizdə Oruc bəy Bayat kimi doğulmuş, sonradan iranlı Don Juana çevrilmiş biri də olub. Taleyə baxın, adam küçə davasında ayaq altında qalaraq canını tapşırıb. Rüstəm İbrahimbəyov da "Qafqaz üçlüyü" ilə acı sonluğa doğru daha sürətlə irəliləyir. Görünən budur ki, siyasətin onun cüssəsindən dəfələrlə böyük çarxları altında qalmağa üstünlük verir. Bu durumda bizə “Don Juan Bakinski”mizə görə yalnız təəssüflənmək qalır”.
Millət vəkili Aydın Mirzəzadə də Rüstəm İbrahimbəyovun ermənipərəst addımını qınayıb. O deyib: “Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana öz həqiqi münasibətini ortaya qoydu. Çəkdiyi “Qafqaz üçlüyü” filmində onu böyüdən və dəstək verən Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, torpaqlarımızı işğal edən və başımıza Xocalı faciəsini gətirən erməniləri isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edir. Onun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir, ancaq o, bu yoldan əl çəkmək istəmir. Bu nifrət və küdurətlə o, hətta Azərbaycana prezident də olmaq istəyirdi. Yəqin ki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdirilməsi olacaqdı. Vaxtilə Rüstəm İbrahimbəyovu özünə lider seçən siyasi müxaliflərdən cavab gözləyirəm - sizin də bir zaman ortaya qoyacağınız “Qafqaz üçlüyünüz" var?”

“İbrahimbəyov özünü tam deşifrə edib”
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə Rüstəm İbrahimbəyovun xalqına qarşı nifrətinin təsadüfi olmadığını deyir: “Yəqin ki, çoxları xatırlayır. 2013-cü ildə “bir dəfə istifadə” üçün Azərbaycanda bir qurum yaradılmışdı. Rəhbəri də İbrahimbəyov oldu. İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsi olanda həmin yığıncaqlarda ən çox fəallıq edən, başqa namizəd irəli sürüləndə aqressivcəsinə buna qarşı çıxan iki nəfər var idi. Biri Leyla Yunus, o biri də onun yaxın dostu. Qurumun birdəfəlik istifadə müddəti başa çatan kimi İbrahimbəyov aradan çıxdı. Ondan sonra nə Leyla Yunus oralarda görünmədi, nə də onun dostu. İndi İbrahimbəyovun öz xalqını alçaldan filmi yenidən müzakirəyə çıxıb. Amma bu adamcıqdan başqa nə isə gözləmək də mümkün deyil. O özünü tam deşifrə edib. Film barədə hərənin öz qənaəti olmalıdır. Mən o filmdə azərbaycanlı olaraq özümü görmürəm.”

“Bu, namərdlikdir”

İdman ictimaiyyəti də Rüstəm İbrahimbəyovun məlum anormal addımını kəskin şəkildə pisləyib. “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov deyir ki, bu, həm də təxribat xarakterli addımdır: “Təəssüf edirəm ki, Rüstəm İbrahimbəyov adlı bir şəxsin öz millətini aşağılayan və erməni millətini, az qala, müqəddəs, saf, günahsız, köməksiz bir xalq kimi təqdim edən filmini gördük. Biz idman və ümumilikdə ictimaiyyət nümayəndələri olaraq belə təxribatlara, ermənilərin əlinə işləyən insanlara ciddi etirazımızı bildirməliyik. Qarabağ həqiqətləri ilə bağlı hər sahədə var gücümüzlə çalışırıq ki, dünyanı məlumatlandıraq, ermənilərin əsl üzünü Avropaya, Amerikaya, hər yerə açıb göstərək. İdman sahəsində də bu belədir, qazandığımız uğurlar, qaldırdığımız Azərbaycan bayrağı düşmənə göz dağıdır. İncəsənət xadimləri də belə yolda olmalıdırlar. Təəssüf olsun ki, özünə incəsənət adamı deyən bu şəxs siyasət bataqlığında çirkabda bataraq, belə əmələ yol verdi. Öz etdiyi vəhşilikləri başqasının adına yazmaq siyasəti erməni əxlaqsızlığının ənənəsidir. Bu ənənəyə də Rüstəm İbrahimbəyov qol qoydu. Faşizm hərəkətləri ilə seçilən bir milləti necə öz millətindən üstün tuta bilərsən, axı? 31 mart soyqırımından tutmuş Xocalı soyqırımını, Malıbəyli faciəsini törədənlər bizdən üzr istəməlidirlər. Amma Rüstəm İbrahimbəyov filmi ilə elə görüntü yaradır ki, sanki biz onlara qarşı daim vəhşi davranışlar nümayiş etdirmişik. Bu, namərdlik və əxlaqsızlıqdır".
Maraqlıdır ki, Rüstəm İbrahimbəyovun bu çirkin əməli elə müxalifət düşərgəsi tərəfindən də tənqidlərə məruz qalıb. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib:
“İbrahimbəyovun çəkdiyi film ciddi müzakirə olunur. Təsadüfi heç nə yoxdur. O zaman da prezidentlik eşqinə düşməsinin səbəbi barədə danışanda demişdim ki, bunun davası qarın davasıdır. Əks halda, nədən qəflətən yadına xalq düşdü? Məsələ ilə bağlı danışmağa mənəvi haqqım var. O dövrdə az adamlardan idim ki, İbrahimbəyovun, bütövlükdə “milli şura”nın üzərinə gedirdim. Nəyə təəccüb edirik ki? Öz mədəsi üçün yaşayan, obyektlərini işə salmaq üçün başqasının aləti olmağa müntəzirin, ölkəni təslim etməkdən ötrü əldən gedən birisinin belə ssenarisinə nədən təəccüb edirik? Onu vasitə kimi başına çıxaran müxalifətin günahı az deyil. Belələrinə səlahiyyət vermək olmaz”.
Qısası, bütün bunlardan belə bir qənaətə gəlmək olar ki, xalqına nifrətlə yanaşan bir adamdan nəinki siyasətçi, heç incəsənət adamı da olmaz. Bir daha aydın olur ki, belə bir adamı hakimiyyətə gətirmək istəyənlər-müxalif qüvvələr və onları dəstəkləyənlər xalqının, dövlətinin məhv olmasını görmək istəyənlərdir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub
21.10.2018
Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib
20.10.2018
Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Barselonada qeyd edilib
20.10.2018
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10288

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info