Məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışı olub
Tarix: 24.05.2018 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat veriblər. Bildirilib ki, yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib və bu ilin may ayında başa çatdırılıb. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 1026 mənzilli 11 yaşayış binası inşası olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb. Dövlət başçısına məlumat verilib ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olublar. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Sonra dövlət başçısı və birinci xanım 222 yerlik “Şirin Bala” uşaq bağçasında yaradılan şəraitlə də tanış olublar. Daha sonra yaşayış kompleksində tikilmiş tam orta məktəbdəki şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 624 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

“Bu yaşayış kompleksinin maliyyələşməsində də sahibkarlar iştirak ediblər”
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüblər. Dövlət başçısı görüşdə çıxış edərək bildirib ki, bu kompleksin yaradılması Azərbaycan dövlətinin siyasətini göstərir, köçkünlərə olan qayğının təzahürüdür: “Cəmi bir il ərzində bu gözəl yaşayış kompleksi yaradılıbdır. Düz bir il bundan əvvəl bu kompleksin təməli qoyulmuşdur. O vaxt Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak etmişdir. Cəmi bir il ərzində gözəl yaşayış kompleksi yaradılıb. Bu gün açılışına toplaşdığımız kompleksin bütün infrastrukturu yaradılıb”. Prezident deyib ki, bu şəhərciyin özəlliyi ondan ibarətdir ki, onun tikintisində özəl sektor fəal iştirak edib, əslində, bunun təşəbbüskarı, icraçısı olub: “Son vaxtlar sahibkarlar bir çox sosial layihələr icra edirlər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim, demişdim ki, sahibkarların sosial məsuliyyəti artmalıdır. Sahibkarlara Azərbaycanda gözəl şərait yaradılıb. Azərbaycan sahibkarlıq üçün çox gözəl ölkədir. Gözəl investisiya iqlimi yaradılır. Sabitlik, əmin-amanlıq hökm sürür. Biznesin inkişafı bizim dövlət siyasətimizdir. Bizim ümumi daxili məhsulumuzun 80 faizi özəl sektorda formalaşır. Belə olan halda daim mən sahibkarlara müraciət edərək tövsiyə etmişdim ki, onlar sosial layihələrə daha böyük diqqət göstərsinlər. Bu, bu sahədə görülən işlər arasında ən genişmiqyaslı layihədir. Bu günə qədər sahibkarlar məktəb, uşaq bağçası tikintisi ilə fəal məşğul olmuşlar. Ancaq məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir. Bu yaşayış kompleksinin maliyyələşməsində də sahibkarlar iştirak ediblər. Dövlət bu kompleksin yaradılmasına vəsait ayırmayıb. Buna görə bu işi görən “Paşa Holdinq” şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. “Paşa Holdinq” Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır. Hesab edirəm ki, bu gözəl təşəbbüs digər böyük şirkətlər üçün də nümunə olmalıdır”.


“Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək”
Prezident deyib ki, biz hər il minlərlə köçkünü evlərlə təmin edirik: “Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq. Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Qeyd etdiyim kimi, yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Qeyd etdiyim kimi, hər il minlərlə ailə evlərlə təmin olunur. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcəkdir”. Prezident bildirib ki, dövlət isə öz tərəfindən bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq: “Həm bu il, həm gələn il sosial layihələr icra ediləcək. Biz, qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail ola bilmişik. Salınan şəhərciklər arasında Cocuq Mərcanlı qəsəbəsinin bərpasını mən xüsusilə qeyd etmək istərdim. Keçən il o qəsəbənin yenidən qurulmasının açılışında iştirak etmişəm. Orada hazırda 150 ev, məktəb, uşaq bağçası, məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıda inşa etdik. Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması Aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olmuşdur. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək”.

“Dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik”
Prezident qeyd edib ki, Cocuq Mərcanlıdan olan vətəndaşlar, uzun illər müxtəlif yerlərdə yaşamış insanlar imkan olan kimi dərhal öz kəndinə gəlməyə üstünlük verirlər: “İndi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb. Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib. Bütün şəhərlərimiz dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir. Dağıdılmış bu binaların, evlərin, məscidlərin görüntüləri erməni vəhşiliyinin yırtıcı xislətini göstərir. Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir”. Prezident deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir: “Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var. Bu yaşayış kompleksi sizin üçün müvəqqəti yaşayış yeridir. Lakin biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun”. Şuşadan olan məcburi köçkün Vəsilə Xəlilova və Laçın rayonundan məcburi köçkün Möhübbət Həsənov onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür ediblər. Prezident Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışında da iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Qusarda yol tikintisinə vəsait ayrılıb
21.08.2018
Dünyada ilk dəfə ən davamlı material hazırlanıb
21.08.2018
Gömrükdən gödəkçəsində siqaret keçirmək istədi
21.08.2018
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək
21.08.2018
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9918

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info