“Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
Tarix: 25.05.2018 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Nazir: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi hələ müzakirə edilməyib”

“Ermənistan rəhbərliyi separatçı Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesində iştirakını təklif edirsə, deməli, sülh prosesini öldürmək istəyir.” Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmsədrlərlə bu yaxınlarda Parisdə keçirilən görüşdə bu məsələ müzakirə edilib: “Onlara da söylədim ki, belə bir təklif gülməlidir”.
Elmar Məmmədyarov bildirib ki, həmsədrlərin iyun ayında İrəvana səfəri onlar üçün ona görə vacibdir ki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar. Nazir deyib ki, danışıqların istiqaməti artıq bilinsə də, İrəvana səfərdən sonra həmsədrlər danışıqları hansı yollarla davam etdirməyi təklif edəcəklər: "Həmsədrlərin bu dəfə Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar. Kimlə danışacaqlarını və kimlə işləyəcəklərini bilməlidirlər. Onların ağlında nə olduğunu öyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir". O əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib. Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici, daxili çağırışlar, çətinliklər olsa da, Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi. E. Məmmədyarov bildirib ki, AXC həyata keçirdiyi islahatlarla Qərb ölkələrini də üstələmişdi: “Qadınların səsvermə və vəzifə tutmaq hüququ təmin edilmişdi. Milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. AXC-nin fundamental dəyərləri əsasında respublikamızın mövcudluğunu davam etdirmək çox önəmlidir”. Nazir əlavə edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla qarşılaşıb, erməni aqressiyası, etnik təmizləmə və ərazilərin işğalı 1 milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnib: “Ancaq sonra görülən işlər və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bizim üçün böyük imkanlar yaratdı. Yoxsulluq 49 faizdən 5 faizə, eləcə də işsizlik 5 faizə qədər düşdü və bu da dövlətin böyük nailiyyətlərindən biridir”. E. Məmmədyarov qeyd edib ki, ölkənin rifahı yüksəlsə də, torpaqların işğal altında olması hələ də ən böyük problem olaraq qalır: “Son işlər bizi hansı istiqamətə aparacaq bilmirəm, amma reallıq budur ki, Azərbaycan yaxşı qonşuluq çərçivəsində ermənilərlə də yaxşı münasibət qurmağa hazırdır - əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra. Suverenliyimizi və ərazi bütövlüyümüzü əldən buraxmarıq. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır”.

Naxçıvanda yerləşən hərbi hissələrimiz əks-hücuma keçərək Ermənistan ordusunu darmadağın edə bilər
Qeyd edə ki, Ermənistanda yeni hakimiyyətə gələn qüvvələrin cəmiyyətdə bir nikbinlik yarada biləcəyi ilə bağlı bəslənən ümidlər puça çıxıb. Yeni komanda Naxçıvan istiqamətində təxribata yol verir, Dağlıq Qarabağın danışıqlarda iştirakı kimi absurd məsələni gündəmə gətirir. “Newtimes.az” yazır ki, Azərbaycan dövlət başçısının hər addımı erməniləri təşvişə salır. Onlar İlham Əliyevin apardığı siyasətin potensialını və real gücünü yaxşı bilirlər. Dəfələrlə təcrübədə bunun şahidi olublar. Bu dəfə də Azərbaycan Prezidentinin Naxçıvana səfərinə Ermənistanda çox əsəbi reaksiya veriblər. Bu ölkənin rəsmi şəxsləri o dərəcədə reallıq hissini itiriblər ki, "Naxçıvanı geri qaytarmaq lazımdır" kimi absurd sayıqlamalara uyublar. Naxçıvan harada idi ki, geri qaytarırlar? Sayt yazır ki, Ermənistanda hakimiyyət dəyişikliyinin cəmiyyətdə bir nikbinlik yarada biləcəyi ilə bağlı bəslənən ümidlər puça çıxıb. Yenə də Azərbaycanın atdığı addımlardan, Ermənistan rəhbərləri də daxil olmaqla, bütövlükdə siyasi dairələr təşvişə düşüb. Bu da sadə insanlarda, əslində, Ermənistanda hakimiyyət dəyişikliyinin qondarma bir proses olduğu rəyini yaratmaqdadır. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı ifadə etdiyi fikirlərə Ermənistan rəhbərliyinin reaksiyası bu tezisi bir daha təsdiq edir. Naxçıvanda İlham Əliyev Ordunun hərbi əməliyyatlara yüksək səviyyədə hazır və düşmənə dağıdıcı əks-zərbə endirmək qüdrətində olduğunu bəyan etmişdi. Naxçıvanda yerləşən hərbi hissələrimiz müasir silahlarla təchiz edilib və lazım gəldikdə, əks-hücuma keçərək Ermənistan ordusunu darmadağın edə bilər. Dövlət başçısının bu fikirlərinə dərhal İrəvan reaksiya verib. Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvanla sərhəddə olan ərazilərə gedərək bir neçə hay-küylü fikir bildiriblər. İrəvanda isə Naxçıvanı işğal etməklə bağlı fikirlər səslənməyə başlayıb. Ermənilərin İlham Əliyevin məhz yuxarıda xatırlanan fikirləri ifadə etməsindən sonra belə hay-küy salmaları onu göstərir ki, qorxularından absurd şeylər uydurmağa başlayıblar. Onlar yaxşı bilirlər ki, nəinki Naxçıvana bir qarış belə daxil ola bilməzlər, hətta işğal etdikləri bütün Azərbaycan torpaqlarından tezliklə qovulacaqlar. Lakin erməni rəsmi dairələri üçün daxildə nüfuzunu qoruyub saxlamaq çox önəmlidir. İnsanlar anlamağa başlayırlar ki, Nikol Paşinyanın hakimiyyətə gəlişi faktiki olaraq müsbət heç nə vəd etmir. O, bir xəyalpərəst populist, məhdud düşüncəli ultramillətçidir. Bunun fonunda N.Paşinyan və onun komandasına etibar sürətlə azalır. Təbii ki, bu nüfuz itkisini kompensasiya etmək lazımdır. Erməni işğalçıları üçün indi ən asan üsul məqsədli hərbi əzələ nümayiş etdirməkdən ibarətdir.

“Onlar üçün ən uyğun olanı işğal etdikləri Azərbaycan torpaqlarını tərk etmələri olar”
“Newtimes.az” yazır: “Naxçıvan strateji coğrafi mövqeyə malikdir. Onun Türkiyə və İranla sərhədləri vardır. Bundan başqa, Naxçıvanın təhlükəsizliyinin təmini ilə əlaqədar Türkiyənin rəsmi öhdəliyi də mövcuddur. Deməli, Naxçıvana ola biləcək hər hansı bir təhdidə qarşı Türkiyə cavab verə bilər. Bu da Ankaranın savaşa cəlb edilməsi olardı. Türkiyənin İraq və Suriya istiqamətlərində faktiki olaraq savaş apardığı, Balkan istiqamətində qarşısına süni maneələr çıxarıldığı bir zamanda Naxçıvan istiqamətində də hər hansı gərginliyin yaradılması neqativ nəticələrə səbəb ola bilər. Bununla müəyyən dairələr İranı da təhdid etmək imkanı qazanarlar. Bu işlərdə kimlərin maraqlı olduğu məlumdur. Həmin dairələr çoxdandır ki, müsəlman ölkələrində qarışıqlıq yaratmaqla məşğuldurlar. Onlar Yaxın Şərqdə başladıqları prosesi genişləndirmək arzusundadırlar. Buna görə də müxtəlif bəhanələrlə müsəlman ölkələri üçün süni problemlər yaradır və ona uyğun hərəkət etməyə çalışırlar. Bu kimi planlar haqqında bir neçə vaxtdır ki, danışılır. Şübhə yoxdur ki, ermənilər də fürsətdən istifadə edib, nələrsə əldə etməyə cəhd göstərə bilərlər. Ancaq indi reallıq tamam başqa faktları ortaya qoyur. İlk növbədə Azərbaycanın güclü iqtisadiyyata, möhkəm sabitliyə və güclü Orduya sahib olması düşmənlərin qarşısında keçilməz sədd kimi dayanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət ölkəni çox gücləndirib, müdafiə qüdrətini artırıb, eyni zamanda beynəlxalq nüfuzunu yüksəldib. Hər kəs anlayır ki, artıq Azərbaycanla güc dilində danışmaq faydasızdır. Onun Ordusu ölkəni qorumağa tam qadirdir, dostları və müttəfiqləri də kifayət qədər güclüdürlər. Azərbaycan rəhbərliyi ardıcıl, təmkinli və qətiyyətli siyasəti ilə dayanıqlı inkişafa nail olub. İqtisadi, energetik, mədəni, sosial və təhlükəsizlik sferalarında əldə edilən nailiyyətlər Azərbaycanın regionun lider dövləti funksiyasını yerinə yetirməsi üçün yetərlidir. Bunlarla yanaşı, Azərbaycan geosiyasi aspektdə də son dərəcə aktivlik nümayiş etdirir. Azərbaycan diplomatiyası bütün istiqamətlərdə uğurlar əldə edir, beynəlxalq təşkilatlarda uyğun qərarların qəbuluna nail ola bilir. Bakı müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edir, dünyada özünün etibarlı tərəfdaş olduğunu tam sübuta yetirib. Bütün bunların fonunda Ermənistan hakimiyyətinin heç bir müsbət nəticəsi olmayan, hay-küylə dolu bəyanatları olduqca zavallı və gülünc görünür. Nəticədə, işğalçının münaqişədə məğlub olması zamanının yaxınlaşdığı haqqında konkret təsəvvür formalaşır. Bu vəziyyətdən çıxmaq üçün forpost ölkənin məntiqsiz olsa belə, müəyyən addımlar ata biləcəyi gözləniləndir. Artıq tam təcrid vəziyyətində olan Ermənistanın mövcud reallığı dəyişdirə bilmək gücündə olmadığı hamıya məlumdur. Azərbaycan rəhbərliyinin müdrik, düşünülmüş və müstəqil siyasi addımları nəticəsində Ermənistan elə bir durumdadır ki, çıxış yolu görünmür. Ermənistan nəinki hücum əməliyyatı aparmaq, heç mövcudluğunu belə qorumaq iqtidarında deyil. Prezident İlham Əliyevin uğurlu təcrid siyasəti faktiki olaraq Ermənistanın siyasi, iqtisadi, sosial və hərbi iflasını şərtləndirməkdədir. Bunlardan bir məntiqi nəticə çıxara bilərik: Naxçıvan barədə erməni rəsmi dairələrinin sayıqlamaları, əslində, onların Azərbaycandan çox qorxduqlarını, eyni zamanda, çıxış yolu tapa bilmədiklərini göstərir. Ermənistan təcriddən yaxa qurtarmaq üçün heç bir səmərəli üsul müəyyənləşdirə bilmir. Əslində, onlar üçün ən uyğun olanı işğal etdikləri Azərbaycan torpaqlarını tərk etmələri olar. Bunu etməsələr, Azərbaycan əsgəri onları məcbur edəcək. Beləliklə, Nikol Paşinyan yeni baş nazir oldu, ancaq Ermənistanın siyasi kursu öz əvvəlki vəziyyətində qalır. Orada hər hansı real dəyişiklik müşahidə edilmir. Bunun nə qədər davam edəcəyi məlum deyil. Hər bir halda, çətin ki, Ermənistanda ağlı başında olan kimsə hakimiyyətə gəlsin. Çünki bu ölkə kənardan idarə edilir və yalnız kənardakıların maraqlarına uyğun addımlar atır. Bunun günahı isə Azərbaycanda deyil. Erməni dövlətçilik şüurunun özü qüsurludur və Ermənistan süni olaraq yaradılıb. Bu süniliyə nə zamansa son qoyulmalıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”
13.09.2018
“Washington Times“: “Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info