AXC-nin aqrar iqtisadiyyatı
Tarix: 25.05.2018 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Aqrar siyasətin əsas məzmununu əkinçiliklə məşğul olan əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edirdi

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə yalnız siyasi deyil, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində də qərarlar qəbul edilib. Məhz bunun nəticəsi idi ki, həmin dövrdə AXC hökuməti tərəfindən iqtisadiyyatın bərpası üçün bir sıra tədbirlər həyata keçirilib. Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edilib, maliyyə işi qaydaya salınıb. Bundan başqa, Bakı-Batum neft kəməri bərpa olunub, Bakı-Culfa dəmir yolunun çəkilişi işi sürətləndirilib. Fəaliyyətdə olduğu 23 aylıq dövrdə mükəmməl iqtisadi siyasət həyata keçirilib və çoxşaxəli xarici-ticarət əlaqələri qurulub, sahib olduğu iqtisadi imkanlara görə az müddətdə çevik islahatlar aparıb.

Millətin tərəqqisi üçün siyasi və iqtisadi sərbəstlik verilməsinin zəruriliyi vurğulanırdı

Ölkədə aparılan iqtisadi islahatlar aqrar iqtisadiyyata da təsir edib. 1918-1920-ci illərdə Azərbaycan daha çox aqrar ölkə olub. Xüsusən, aqrar islahatlar, torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması istiqamətinə əhatəli addımlar atılıb. Belə ki, AXC-nin elan olunması ərəfəsində ölkədə kapitalist münasibətləri genişlənməkdə idi. Zaqafqaziya komissarlığının 1917-ci il dekabrın 16-da təsdiq etdiyi əsasnaməyə və Zaqafqaziya seyminin 1918-ci il 7 mart tarixli qanunu ilə təsdiqlənmiş təlimata uyğun olaraq, Azərbaycan ərazisində yaradılmış və fəaliyyət göstərən torpaq komitələri öz işlərini düzgün qura bilmədiklərindən kənd əhalisinin etibarını qazana bilməmişdilər. Digər tərəfdən ölkədə yaranmış hakimiyyətsizlik və anarxiya nəticəsində həm dövlət, həm də mülkədar torpaqları ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuşdu. Odur ki, AXC hökuməti xalqın və dövlətin həyatı maraqlarına cavab verə biləcək torpaq islahatı keçirmək qərarına gəldi. Bu məqsədlə Fətəli xan Xoyskinin başçılıq etdiyi birinci hökumət 1918-ci il iyunun 22-də verdiyi dekretlə Zaqafqaziya seyminin qəbul etmiş olduğu aqrar qanunun Azərbaycan ərazisində həyata keçirilməsini dayandırdı.
Azərbaycan Cümhuriyyətinin üçüncü hökumət kabinəsinin formalaşmasından sonra ilk çıxışında hökumət başçısı Fətəli xan Xoyski millətin tərəqqisi üçün ona siyasi və iqtisadi sərbəstlik verilməsinin zəruriliyini vurğuladı. Bu fakt sübut edir ki, Cümhuriyyət xadimləri ictimai-iqtisadi tərəqqinin aqrar məsələnin uğurlu həllindən asılı olduğunu düzgün qiymətləndirirdilər. Bu məsələ hökumətin bəyanatında da xüsusi yer tuturdu. Bəyanatda qeyd olunurdu ki, kəndlilərin və fəhlələrin təmin olunması qayğısı hökumətin ən başlıca vəzifəsi olmalıdır. Torpaq kəndliyə havayı verilməlidir. Lakin aqrar islahatın keçirilməsi üçün müvafiq qanun qəbul edilməli idi. Odur ki, qanun layihəsi hazırlamaq üçün iki istiqamətdə Parlament komissiyası çərçivəsində və hökumət səviyyəsində fəaliyyətə başlandı. 1919-cu il fevralın 4-də torpaq islahatı haqqında Parlamentin qanun layihəsini hazırlamaq üçün menşevik-hümmətçi Səməd ağa Ağamalıoğlu başda olmaqla Parlament komissiyası yaradıldı.
Yeni layihə hazırlaya bilməyən komissiya Zaqafqaziya seyminin 1918-ci il martın 7-də qəbul etdiyi aqrar qanunun əsas müddəaları ilə kifayətlənmək məcburiyyətində qaldı. 1918-ci il avqustun sonu - sentyabrın əvvəllərində, nəhayət, komissiya layihə üzərində işini tamamladı. Torpaq haqqında məsələ, ilk dəfə parlamentin 1919-cu il avqustun 21-də keçirilən 67-ci iclasının gündəliyinə daxil edilsə də, Qanun layihəsinin müzakirəsi növbəti dəfə 1919-cu il oktyabrın 2-də 81-ci iclasın gündəliyinə daxil edildi. Lakin əkinçilik nazirinin müavini X.Sultanovun təklifi ilə ona baxılması bu dəfə də dayandırıldı.

Əkinçilik Nazirliyinin alternativ qanun layihəsi təklifi

Əkinçilik Nazirliyi torpaq komissiyasının layihəsi ilə yanaşı, özünün alternativ qanun layihəsinin də müzakirəyə təqdim olunmasını məqsədəuyğun saydı. Əkinçilik Nazirliyinin nümayəndəsi parlamentdən xahiş etdi ki, bu məsələyə baxılması nazirliyin Qanun layihəsi təqdim olunanadək təxirə salınsın. Beləliklə, aqrar məsələnin həlli gündəlikdən çıxarıldı. Əkinçilik Nazirliyi Qanun layihəsini hazırlamaq üçün ölkənin torpaq fondunu ciddi təftiş etdi.
1919-cu il iyunun 6-da Əkinçilik Nazirliyinin nəzdində aqrar islahatlar şöbəsi yaradıldı. Şöbəyə tapşırıldı ki, bir ay müddətinə aqrar islahatlar layihəsini Nazirlər Şurasına təqdim etsin. 1919-cu ilin avqustunda nazir müavini X.Sultanovun rəhbərliyi ilə "Azərbaycan Cümhuriyyəti əhalisinin torpaq təminatı haqqında" və "Xüsusi sahibkar meşələrinin dövlətin mülkiyyətinə çevrilməsi haqqında" qanun layihələrinin hazırlanması başa çatdırıldı.
Qanun layihələrində əksini tapan əsas məsələlər xüsusi sahibkar torpaqlarının əhalinin hansı kateqoriyasından, nə qədər və hansı şərtlərlə alınıb dövlət torpaq fonduna keçirilməsi ilə bağlı idi. Burada xüsusi sahibkar torpaqlarının verəcəyi gəlir hesabına əvəz ödənilməklə, özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Nazirlik belə hesab edirdi ki, xüsusi sahibkar torpaqlarını əvəzi ödənilmədən müsadirə etmək xüsusi mülkiyyəti ləğv etməyə bərabərdir. Buna görə də Qanun layihəsində torpağın əkinçi əhaliyə yalnız istehlak norması üzrə xüsusi mülkiyyətə verilməsi məqbul sayılır. Eyni zamanda torpaq sahibinin özünə saxladığı sahənin ölçüsü malikanənin dəyəri və xarakterindən asılı olaraq müəyyən edilirdi və kənd yerlərində suvarılan torpaq sahəsi 100 desyatindən, şəhər yerlərində isə 5-7 desyatindən artıq olmamalı, həyətyanı torpaq sahələri bu normalara daxil edilməməli idi. Lakin Əkinçilik Nazirliyinin hazırladığı bu qanun layihələri də parlament komissiyasının hazırladığı layihə kimi uğursuz oldu. Belə ki, Azərbaycanda baş vermiş hökumət böhranı nəticəsində onlar heç müzakirəyə də çıxarılmadı. Baş nazir Nəsib bəy Yusifbəylinin təşkil etdiyi yeni hökumət kabinəsi yeni aqrar siyasət kursu işləyib hazırlamaq əzmində olduğunu bəyan etdi. Yeni əkinçilik naziri sosialist Əhməd Cövdət bəy Pepinov isə nazirliyin hazırlamış olduğu əvvəlki iki Qanun layihəsini təkmilləşdirmək üçün Parlamentdən geri aldı.
1920-ci il martın əvvəllərində Əkinçilik Nazirliyi "Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin torpaqla təmin olunması haqqında qanun"un yeni layihəsi üzərində işi başa çatdırdı və baxılmaq üçün Nazirlər Şurasına təqdim etdi. Bu layihə kənd yerlərində olan xüsusi sahibkarların-hüquqi şəxslərin bütün torpaqlarının, o cümlədən monastr, vəqf, məscid və kilsə torpaqlarının, habelə şəhər ərazisinin şəhər mülkiyyətinə daxil olmayan sahələrinin sahiblərindən alınıb əvəzi ödənilmədən dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu. Mülkiyyəti əlindən alınan sahibkarların ixtiyarında saxlanan torpaq sahəsinin ölçüsü həmin yerlərin təsərrüfat şəraitinə uyğun olaraq, kənd yerlərində becərilən bitki təsərrüfatları üçün 7-10 desyatin, taxılçılıq təsərrüfatı üçün 15-20 desyatin, maldarlıq təsərrüfatları üçün 40-50 desyatin, şəhərdə isə müvafiq olaraq 1,5-3 desyatin, 3-5 desyatin, 10-12 desyatin müəyyən edilirdi. Sahibkarların mülk və bağları da bura daxil idi.
"Müsavat" fraksiyası yalnız 1920-ci il fevralın 16-da partiyanın aqrar məsələ barədə qurultayda bəyənilmiş qanun layihəsini Parlamentin növbəti 123-cü iclasında müzakirəyə təqdim etdi. Bu qanun layihəsi də xüsusi sahibkar torpaqlarının əvəzsiz olaraq alınıb dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu. Lakin bu layihədə kənd yerlərində sahibkarların mülkiyyətində, bağ və həyətlər də daxil olmaqla, 25-75 desyatin torpaq saxlanılması, şəhər yerlərində isə bu sahənin becərilən bitkilərin xüsusiyyətindən və eləcə də əhalinin torpağa olan ehtiyacından asılı olaraq, 5 desyatindən 7,5 desyatinədək məhdudlaşdırılması nəzərdə tutulurdu.
Parlament sonuncu Qanun layihəsinə baxıb, müzakirəyə təqdim etmək üçün aqrar komissiyaya 10 gün möhlət verdi. Lakin aqrar qanun layihələrindən heç biri qanun statusu almadı. Lakin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasətinin əsas məzmunu əkinçiliklə məşğul olan əhali kütləsinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması idi. Həmçinin torpaq icarəsi münasibətləri tənzimlənib. Proqramların reallaşması üçün komissiyaların yaradılması və s. kimi sistemli tədbirlər də görülüb.
Ölkədə iqtisadiyyatın inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən aqrar iqtisadiyyatla bağlı yeni layihələrin hazırlanması müstəqil dövlətin iqtisadi modelini yaratmağa yönəlmişdi.

Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Heydər Əliyev Fondu və BP əməkdaşlıq memorandumu imzalayıb
20.09.2018
18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib
20.09.2018
Azərbaycan beynəlxalq forumda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
20.09.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
20.09.2018
Azərbaycanın neft strategiyası və doktrinasının əsası - “Əsrin müqaviləsi”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info