Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Bolqarıstanda da qeyd olunub
Tarix: 25.05.2018 | Saat: 22:27:00 | E-mail | Çapa göndər



Xalqımızın tarixinə böyük və əlamətdar hadisə kimi daxil olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sofiya şəhərindəki “Sofiya Balkan” otelində Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Qəbula Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotova, energetika naziri Temenujka Petkova, Dövlət Kəşfiyyat Agentliyinin sədri Draqomir Dimitrov, Elmlər Akademiyasının prezidenti Yulian Revalski, bu qurumun vitse-prezidenti Vasil Nikolov, Azərbaycan–Bolqarıstan parlamentlərarası dostluq qrupunun sədri Həmid Həmid, Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş direktoru Kostadin Kocabaşov, müxtəlif dövlət qurumlarının təmsilçiləri qatılıblar. Mərasimdə həmçinin universitet və hərbi akademiyaların rektorları, muzey direktorları, siyasətçilər, parlament üzvləri və ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Bolqarıstan ictimaiyyətinin nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.
Tədbirdə məşhur bolqar bəstəkarı və dirijoru Kiril Lambovun rəhbərlik etdiyi xor qrupunun ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səsləndirilib.
Çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova mayın 28-də qeyd olunan Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu bildirib. Bu il 100 illik yubileyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin məhz 1918-ci il mayın 28-də elan olunduğunu iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycanın Milli Şurası tərəfindən 100 il əvvəl “İstiqlal Bəyannaməsi”nin elan edilməsinin, Azərbaycan dövlətçiliyinin parlament demokratiyası formasında bərpasının tarixi hadisə kimi vurğulayan N.Qurbanova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşının bütün mülki və siyasi hüquqlarını təmin edib. Səfir vurğulayıb ki, müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə və bu meyar üzrə öndə gedən Avropa ölkələrindən biri olub.

Birinci Dünya Müharibəsinin çox mürəkkəb daxili və beynəlxalq siyasi mühitində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk günlərindən ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, onun parlament və hökumətinin bir çox mühüm qərarlar qəbul etdiyini deyən diplomat bildirib: “Əvvəlki dövrlərdə demokratik dövlətçilik təcrübəsi olmasa da, bu, Azərbaycan Xalq Cümhuriyyəti liderləri üçün maneə olmadı, onlar demokratik arzu və mütərəqqi mənəvi gücün sayəsində demokratik dövlət və cəmiyyət qurmağa müvəffəq oldular”.
Azərbaycan Xalq Cümhuriyyətində yaşayan bütün millətlərin həm hökumət, həm də 11 fraksiyada əhatə olunmuş 120 nəfərlik parlamentdə təmsil olunduğunu qeyd edən səfir mövcud olduğu iki il ərzində parlamentin 230 qanun qəbul etdiyini diqqətə çatdırıb. Cümhuriyyətin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün göstərilən səylər barədə məlumat verən N.Qurbanova Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınmasına nail olunması barədə iştirakçıları məlumatlandırıb.
Səfir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycan müasir, dünyəvi və öz tarixi ilə qürur duyan müstəqil dövlətdir. Azərbaycan böyük arzularla gələcəyə baxır, multikultural cəmiyyətin inkişafı yolunda əmin addımlarla irəliləyir. Ölkəmiz regional iqtisadi əməkdaşlığa, beynəlxalq sülh və təhlükəsizliyə, həmçinin mədəniyyətlərarası dialoqa dünya miqyasında töhfə verməkdə davam edir.
Diplomatik əlaqələrinin yaradılmasından ötən 26 il ərzində Azərbaycan və Bolqarıstan arasında mükəmməl ikitərəfli münasibətlərin və aktiv siyasi dialoqun qurulduğunu deyən səfir bu illər ərzində qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olunduğunu vurğulayıb.
2015-ci ilin martında münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edən diplomat Bolqarıstanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstəyinin yüksək qiymətləndirildiyini söyləyib. N.Qurbanova Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Sonra fəxri qonaq qismində Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliyana Yotova və energetika naziri xanım Temenujka Petkova çıxış ediblər.
Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliyana Yotova 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilən ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyində çıxış etməsinin onun üçün böyük şərəf olduğunu bildirib. Bolqarıstan Respublikası Prezidenti və şəxsən öz adından Azərbaycan xalqını təbrik edib.
Bildirilib ki, Birinci Dünya müharibəsinin sonunda Şərqdə bir qrup insan tərəfindən demokratiya və parlamentarizmdən bəhs edən “İstiqlal Bəyannaməsi”nin elan edilməsi böyük tarixi hadisədir. Vitse-prezident son dərəcə mürəkkəb tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən məktəb, uşaq bağçası, ali təhsil müəssisələrinin açıldığını, parlamentin Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdiyini xatırladıb.
Bolqarıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdən duyulan məmnunluğu ifadə edən İ.Yotova 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində uğurla həyata keçirilən yüksək səviyyəli səfərlər nəticəsində iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin genişləndirildiyini, eyni zamanda, daha da inkişafı üçün yeni imkanların yaradıldığını bildirib.
“Birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək ölkələrimiz arasında daha çox əlaqə yaratmağa kömək edəcək”,- deyən vitse-prezident Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafının bu ilin əvvəlindən Sofiya ilə Bakı arasında birbaşa müntəzəm təyyarə reysinin açılması ilə daha da asanlaşdığını bildirib. O əlavə edib ki, Avropa İttifaqı Şurasına sədr kimi Bolqarıstan Azərbaycan ilə Aİ arasındakı dialoqun inkişafından və yeni saziş üzrə danışıqlarda irəliləyişin müşahidə olunmasından məmnunluq hissi keçirir.
İ.Yotova qeyd edib ki, bolqarlar Azərbaycanı sadəcə iqtisadiyyat, enerji, qaz və nəqliyyat sistemində sabit və etibarlı tərəfdaş kimi deyil, eyni zamanda, mədəniyyətinin dərin kökləri və minillik ənənələri olan ölkə kimi dəyərləndirirlər.
Daha sonra IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün 2017-ci ilin mayında Bakıya səfərini xatırladan vitse-prezident Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlı təəssüratlarından danışıb, mədəniyyətlər, irqlər, dinlər və millətlərin harmoniyasına nail olmaq baxımından mədəniyyətlərarası dialoqun mühüm vasitələrdən biri olduğunu vurğulayıb.
Çıxışının sonunda İ.Yotova böyük Azərbaycan şairi Nizami Gəncəvinin dostluqla bağlı şerindən sitat gətirib.
Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova isə əlamətdar günlə bağlı xoş fikirlərini səsləndirib, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndiriməsinin vacibliyini vurğulayıb.
Dost Azərbaycan və bolqar xalqları arasında münasibətlərin böyük perspektivlərinin olduğunu ifadə edən nazir energetika, iqtisadiyyat, elm, təhsil də daxil olmaqla bütün sahələrdə böyük əməkdaşlıq imkanlarının olduğunu ifadə edib. T.Petkova Azərbaycanın Bolqarıstan üçün böyük dost olduğunu deyib. Qonaq Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinə toxunub və “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışıb.
Rəsmi çıxışlardan sonra qəbulla bağlı Bolqarıstan Respublikasının yüksək dövlət rəsmilərinin və ictimaiyyətinin nümayəndələrinin, o cümlədən Bolqarıstan Respublikası Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini və müdafiə naziri K.Karakaçanovun, Dövlət Kəşfiyyat Agentliyinin sədri D.Dimitrovun, Gömrük Agentliyinin direktoru Q.Kostovun, Müdafiə Qərargahının rəhbəri A.Botsevun, G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi, general-mayor Q.Angelovun və digər rəsmi şəxslərin, Bolqarıstan müsəlmanları Baş müftisinin, həmçinin bir sıra şəhərlərin mer və qubernatorlarının təbrik məktubları oxunub.
Qəbulda istedadlı bolqar musiqiçilərin ifasında nadir Azərbaycan mahnılarının səsləndirildiyi canlı musiqi gecəsi təşkil olunub və qəbul ziyafətlə davam etdirilib.
Tədbirdə baş prodüseri Arzu Əliyeva olan Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filmi bolqar dilinə alt yazı ilə nümayiş etdirilib. Filmin nümayişi qəbulda iştirak edən qonaqları Azərbaycan Xalq Cümhuriyyətinin tarixi missiyası və ölkəmizin dövlətçilik tarixi haqqında məlumatlandırmağa, Bolqarıstan cəmiyyətində xalqımızın nisbətən az məlum olan səhifəsinə işıq salmağa, xalqımızın və dövlətimizin hazırki uğurlara çatmaq naminə keçdiyi kəşməkəşli yol barədə məlumatlandırmağa imkan verib. Qəbulda, həmçinin səfirlik tərəfindən hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyəti paytaxtı olmasını təsvir edən loqotip nümayiş olunub.
Rəsmi qəbul zamanı “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş sonuncu buraxılışı və bolqar dilində nəşr olunmuş “Müasir Azərbaycan antologiyası” kitabından ibarət sərgi təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
“Bütün taksitlər Milana aparır“ lotereyasının birinci tirajı keçirildi
25.06.2018
“AtaBank”dan Silahlı Qüvvələr Günü münasibəti ilə xüsusi kampaniya
25.06.2018
“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir
25.06.2018
Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilir
25.06.2018
Nazir Pərviz Şahbazov beynəlxalq konfransda iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9462

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info