“Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin heç nə vəd etmir”
Tarix: 30.05.2018 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Dünya mediasında Ermənistanın işğalçılıq siyasətini pisləyən yazılar ildən-ilə artmaqdadır. Xüsusən, son zamanlar ABŞ KİV-lərində bu mövzuda yazılar yer almaqdadır. Elə ABŞ-da çıxan “Foreign Policy” jurnalında “Heritage” Amerika Fondunun Duqlas və Sara Ellison adına xarici siyasət mərkəzinin direktoru Lük Koffinin və “Caspian Policy Center” analitik mərkəzinin direktoru Əfqan Niftinin “Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır?” sərlövhəli məqaləsində də Qarabağ mövzusuna toxunulub. Məqalədə bildirilir ki, enerji ehtiyatlarını və digər malları Asiyadan Avropaya nəql etmək üçün 3 yerüstü marşrut var - İran, Rusiya və Azərbaycan marşrutu. Qərbin Rusiya və İranla münasibətləri korlandığına görə, yüz milyardlar dəyərində ticarət əməliyyatları üçün təkcə bir marşrut – Azərbaycandan keçən marşrut qalır. Müəlliflər qeyd edirlər ki, ticarət yolları Azərbaycanın Gəncə şəhəri yaxınlığındakı ensiz ərazidən keçir. Çünki Ermənistan cənub tərəfdən Azərbaycan ərazisinin beşdəbir hissəsini işğal edib.
Əgər Avropa neft və qazın yeganə tədarükçüsündən asılılığı azaldarsa, Vaşinqtona bundan yalnız fayda gələcəkdir. Koffi və Nifti qeyd edirlər ki, hazırda regionda 3 iri boru kəməri vardır ki, bunlar da Azərbaycanın Gəncə şəhəri yaxınlığından keçir: bu ölkədən Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizi limanına çatan Bakı-Tbilisi-Ceyhan boru kəməri, Xəzər dənizindən Qara dəniz sahilindəki limana neft nəql edən Bakı-Supsa boru kəməri və Azərbaycandan Türkiyəyə ötürülərək Avropaya qaz tədarük edən “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz boru kəməri.
Neft-qaz yolları ilə yanaşı, Avropanı Asiya ilə birləşdirən texnoloji dəhliz də mövcuddur. Qərbi Avropanı Xəzər regionu ilə birləşdirən optik-lifli kabellər də Gəncə yaxınlığında olan ərazidən keçir. Atlantik okeanı sahillərində Fransanın Brest şəhərini Qırğızıstan-Çin sərhədində yerləşən Erkeştamla birləşdirən, Avropanın ikinci ən uzun avtomagistralı olan E60 Gəncə şəhərindən keçir. Buraya heç də az əhəmiyyət kəsb etməyən Bakı-Tbilisi-Qars dəmir yolunu da əlavə etmək olar.
“Gəncə dəhlizi” NATO-nun Əfqanıstanda davam edən missiyası çərçivəsində ABŞ və NATO qoşunlarının təchizatında da böyük əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların gərgin dövründə məhvedici təsirə malik olmayan materialların üçdəbirindən çoxu, o cümlədən yanacaq, ərzaq malları və geyim Azərbaycanın yerüstü və hava məkanı vasitəsilə keçirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəlliflər yazırlar ki, döyüş əməliyyatları nəticəsində 30 min insan həlak olub, bir milyondan artıq insan isə məcburi köçkünə çevrilib. Erməni silahlıları 1991-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal ediblər. Qərbin Ermənistana təzyiq vasitələri nisbətən məhdudlaşıb. Müxalifət lideri Nikol Paşinyanın hakimiyyətə gəlməsinə baxmayaraq, Ermənistanın iqtisadiyyatı və təhlükəsizlik sistemi üçüncü tərəfdən asılı olaraq qalmaqdadır.
Müəlliflər qeyd edirlər ki, Şərqlə Qərb arasında mühüm ticari, energetika və iqtisadiyyat əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ABŞ və Avropa Bakı ilə münasibətlərə prioritet diqqət ayırmalıdırlar. Qərb Ermənistan ilə yaxşı münasibətlərə səylərini davam etdirməli, lakin Birləşmiş Ştatlar regionda öz strateji prioritetlərini müəyyənləşdirərkən daha diqqətli və realist olmalıdır. Məqalədə daha sonra deyilir ki, ABŞ-ın Ermənistan ilə münasibətlərindən fərqli olaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq, bir çox sahələrdə, ilk növbədə energetika əməkdaşlığında, 2001-ci ilin 11 sentyabrından isə terrorizmlə mübarizə sahəsində ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş müşahidə olunur.
Tramp administrasiyasının milli təhlükəsizlik strategiyasında sabit müttəfiqlərlə yaxşı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir. Cənubi Qafqaza münasibətdə bu siyasətin zəruriliyi daha çox gözə çarpır. Məqalənin sonunda bildirilir ki, regionda gərginliyin azaldılması həyati əhəmiyyətə malik olan energetika, kommunikasiya və ticari dəhlizlərin təminatına kömək olacaq.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına sadiq qaldı.
Yeri gəlmişkən, ABŞ Dövlət Katibi Mayk Pompeo Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında Qarabağ məsələsi ilə bağlı da mövqeyini bildirib. Bəyanatda deyilir: "Birləşmiş Ştatlar hökumətinin və Amerika xalqının adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etməyə şadam. 2018-ci il müsəlman əksəriyyətli ilk parlament respublikası və dünyada qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini ifadə edir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Ştatların qiymətli tərəfdaşı olub. Biz iki ölkə arasında çoxillik əməkdaşlığın davam etdirilməsini, təhlükəsizlik, energetika və demokratik idarəçilik sahələrində birgə işimizin dərinləşdirilməsini və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qalırıq və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırırıq".

“Ermənistanın keçmiş rəhbərliyinin radikal destruktiv siyasəti danışıqların normal gedişinə mənfi təsir göstərib”
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov isə deyib ki, Ermənistanın yeni rəhbərliyi bir sıra məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin heç nə vəd etmir. Onun sözlərinə görə, Ermənistanın keçmiş rəhbərliyi radikal destruktiv siyasət həyata keçirirdi ki, bu da danışıqların normal gedişinə mənfi təsir göstərib.
Fuad İsgəndərov qeyd edib ki, Ermənistan öz iqtisadiyyatını dirçəltməkdən ötrü regionda həyata keçirilən layihələrə qatılmalıdır: "Bu isə yalnız qonşu ölkələrlə normal münasibət qurmaq əsasında ola bilər. İndiki rəhbərlik isə bunun həlli üçün nikbin heç nə vəd etmir. Seçildiyi ilk günlərdən baş nazir Nikol Paşinyan Şuşanın işğalı ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün münaqişə zonasına getdi. Orada işğal altında olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin mümkünlüyünü vurğuladı. Hətta qondarma rejimin danışıqlarda tərəf kimi iştirakı ilə bağlı təklif irəli sürdü. Və bu aqressiv ritorikanın ardınca erməni silahlı qüvvələri Naxçıvanda təxribata yol verdi, bir azərbaycanlı hərbçi həlak oldu".
Səfir əlavə edib ki, Ermənistan aqressiv bəyanatlarla çıxış etdiyi bir vaxtda, Azərbaycan tərəfi danışıqların davam etdirilməsində maraqlı olduğunu bəyan etdi. Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü.
"Belə olan halda, iki fərqli variant ortaya çıxır: aqressiv davranış və konstruktiv yanaşma tərzi. Ümid edirəm ki, dünya birliyi bunu adekvat qiymətləndirəcək".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info