Kaleriya Kislova: Heydər Əliyev dünya miqyaslı siyasi xadim idi
Tarix: 30.05.2018 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində olan moskvalı qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüblər

Ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində iştirak etmək üçün Moskva şəhərindən Bakıya gəlmiş nümayəndə heyəti mayın 29-da Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə müasir Bakının rəmzinə çevrilmiş Mərkəz haqqında məlumat verilib. Bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə, Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin beynəlxalq aləmdə, dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılmasına yönəlib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Mərkəzinin binası dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilib. Bu möhtəşəm bina şəhərimizin qonaqları tərəfindən mütləq ziyarət edilən əsas obyektlərdən biridir.

Qonaqlar Mərkəzin ən maraqlı və cəlbedici bölməsi – öz dizaynı və tətbiq edilən texnologiyaları ilə fərqlənən Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeyin eksponatları Azərbaycanın tarixini, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Üçmərtəbəli muzeydə Ulu Öndərin həyat və fəaliyyəti haqqında maraqlı faktlar, foto və videomateriallar, nadir eksponatlar nümayiş olunur. Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanmış materiallar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər mövzuya dair eksponatların nümayişi Azərbaycan və ingilis dillərində səsli müşayiət edilir. Mərkəzdə müxtəlif mövzularda sərgilər də fəaliyyət göstərir.
Qonaqlar, həmçinin Mərkəzdə “Azərbaycanın inciləri” sərgisi ilə tanış olublar. Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən ekspozisiyada ölkəmizin tükənməz təbii ehtiyatları, çoxəsrlik tarixi, mədəni irsinə aid nadir eksponatlar sərgilənir. Azərbaycan xalçalarının müxtəlif xalçaçılıq məktəblərinə aid olan nadir nümunələri, misgərlik məmulatları, qədim musiqi alətləri böyük maraq doğurur. Sərgidə milli geyimlər, qədim sikkələr, öz tolerantlığı ilə tanınan Azərbaycanda mehriban şəraitdə mövcud olan müxtəlif dinlərə aid olan müqəddəs kitablar qonaqların diqqətinə çatdırılıb.
Moskvalı qonaqlar, həmçinin Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin sovet və müstəqillik dövrlərində istifadə etdiyi avtomobillərə də baxıblar.
Muzeylə tanışlıqdan sonra nümayəndə heyətinin üzvləri öz təəssüratlarını və ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyinin müdir müavini Vladimir Uxov deyib: “Öz forma və məzmunu baxımından bu nadir Mərkəzə daxil olduqda, muzeyin eksponatları ilə tanışlıq zamanı sanki Heydər Əliyevin şəxsi rəhbərliyi altında işlədiyim illərə qayıtdım. Bu hissləri təsvir etmək mümkün deyil. Eksponatlarla tanışlıqdan sonra biz bir daha əmin olduq ki, Heydər Əliyevin fəaliyyətinin əsas xüsusiyyətlərindən biri dəqiqlik idi. Burada Heydər Əliyevə məxsus olan təxminən 26 vəsiqə saydıq. O, bütün sənədlərini, hətta ən az əhəmiyyətli olanları da saxlayıb. Bu, onun vaxtilə bizdən də tələb etdiyi dəqiq işinin xüsusiyyətidir. Bu zalları gəzdiyimiz zaman özümüzü yenidən onun kabinetindəki kimi hiss edirik. Axı nümayəndə heyətinin üzvlərindən bir çoxu hər gün onun kabinetinə girir, onu iş masası arxasında görür, onunla işgüzar söhbət aparırdı. Gördüyümüz ekspozisiya sayəsində biz beş ilə yaxın əhatəsində olduğumuz həmin işgüzar mühitə qayıtdıq. Heydər Əliyev SSRİ Nazirlər Sovetində fəaliyyətini “Kreml beşilliyi” adlandırırdı. Biz çox böyük təəssürat aldıq, əsl böyük siyasətçi, fiziki cəhətdən sağlam, yaraşıqlı, hündürboylu, ecazkar və unudulmaz insan Heydər Əliyevlə birlikdə işlədiyimiz o illərə sanki bir də qayıtdıq”.
Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, telerejissor, “Vremya” informasiya proqramının keçmiş baş rejissoru Kaleriya Kislova Heydər Əliyevin yaradıcı insanlara, mətbuat nümayəndələrinə münasibəti ilə bağlı fikirlərini paylaşıb: “O, mətbuata çox diqqətlə yanaşırdı. İlk dəfə mən 1978-ci ildə Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin səfəri ilə bağlı yayım aparmaq üçün Bakıya gəldim. Bu, bizim Heydər Əliyevlə ilk tanışlığımız idi. O, özü tədbirin keçiriləcəyi saraya gəldi, bütün telekameraları, onların necə yerləşdirildiyini şəxsən yoxladı, mənimlə tanış oldu və hansı kamera ilə nəyi göstərəcəyimizi izah etməyi xahiş etdi. Mən onu hər bir kameranın yanına apardım. O, bütün altı kameranı şəxsən yoxladı və operatorlarla söhbət edib onlara suallar verdi”. Heydər Əliyevlə Moskvada çoxillik birgə fəaliyyətini xatırlayan tanınmış jurnalist deyib: “O, jurnalistlərə çox diqqət yetirirdi, mətbuatın, televiziyanın, qələm sahiblərinin əhəmiyyətini yaxşı başa düşürdü, bizimlə söhbət edirdi, hətta hansı hissənin televiziya, hansının isə qəzet üçün istifadə ediləcəyi barədə bizimlə məsləhətləşirdi”. Heydər Əliyevi Sovet İttifaqı ərazisində ezamiyyətlərdə də müşayiət edən Kaleriya Kislova xatırlayır: “Heydər Əliyev hər cəhətdən son dərəcə gözəl insan idi. O, dünya miqyaslı siyası xadim idi, indi belə şəxsiyyətlər yoxdur, hər halda mən belələrinə bir daha rast gəlmədim. Heydər Əliyev insanı görməyi bacarır, hamıya diqqət yetirirdi, özünü bizdən üstün tutmurdu, bizimlə - sıravi insanlarla eyni cərgədə idi. Bu, belə miqyasda olan siyasətçilər üçün nadir keyfiyyətdir. Heydər Əliyev ünsiyyət zamanı sadə insan idi. Həmin illərdə ölkə rəhbərliyindən heç kim xalqın içərisində olmurdu. Heydər Əliyev isə maşını saxlayır, avtomobildən çıxır, insanlarla tanış olur, həyat şəraitləri, işləri və problemləri ilə maraqlanırdı. Çox böyük dövlət işlərinə baxmayaraq, o, ölkə vətəndaşlarının həyatı ilə maraqlanmağı vacib hesab edən heyrətamiz şəxsiyyət idi”.
Beş il müddətində SSRİ Nazirlər Soveti sədrinin birinci mavini Heydər Əliyevin katibi olmuş həmyerlimiz Camalı Camalov muzeydən aldığı təəssüratlardan göz yaşlarını saxlaya bilməyib. O, jurnalistlərə deyib: “Tale mənə ən böyük hədiyyə - dahi Heydər Əliyevin yanında olmağı bəxş edib. 1982-ci ilin dekabrından 1987-ci ilin noyabrınadək mən Heydər Əliyevin katibi olmuşam, onunla birlikdə Kremlin ikinci mərtəbəsindəki 58 nömrəli kabinetdə işləmişəm. Heydər Əliyev haqqında çox danışılıb və hələ çox danışılacaq. Onun necə geyindiyini, yerişini, danışıq tərzini, təkrarolunmaz təbəssümünü xatırlayın. Heç bir dövlət xadiminin belə bənzərsiz təbəssümü yoxdur. Kremldə işlədiyi vaxt Heydər Əliyev üç böyük faciəvi hadisə ilə rastlaşıb. Birinci faciə 1983-cü ilin martında – Ulyanovskda “Suvorov” gəmisinin körpüyə çırpıldığı hadisə oldu. Heydər Əliyev dövlət komissiyasına rəhbərlik edirdi. Təqribən 160 nəfər həlak olmuşdu və o, hər birinin qohumları və yaxınları ilə görüşməli, bütün təşkilati məsələləri həll etməli oldu. İkinci hadisə 1985-ci il aprelin 15-də baş verdi. Həmin gün Zərifə xanım Əliyeva vəfat etdi. Bu itki onu çox ağrıdırdı. O zaman mən ilk dəfə Heydər Əliyevin göz yaşlarını gördüm. Üçüncü faciə 1986-cı il martın 31-də Novorossiyskdə “Admiral Naximov” gəmisinin başqa gəmi ilə toqquşması nəticəsində yaşandı. 400-dən çox insanın həlak olduğu qəza ilə əlaqədar yaradılmış dövlət komissiyasına yenə Heydər Əliyev rəhbərlik edirdi. Həlak olanların ailə üzvləri ilə görüşərkən onların dərdinə qəlbən şərik çıxırdı. Bu üç hadisə onun sağlamlığına mənfi təsir göstərdi və 1987-ci il mayın 11-də infarkt keçirməsi ilə nəticələndi. Sonra isə, 1987-ci ilin oktyabrında Mixail Qorbaçovla fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verdi. O, son dəfə öz kabinetində 1987-ci il noyabrın 23-də oldu və mənə dedi: “Mən uzun illər Siyasi Büronun üzvlüyünə namizəd və üzv olmuşam. Lakin onların bugünkü siyasətindən heç nə anlaya bilmirəm. Mən onlara nə etmişəm, nə üçün mənimlə belə davranırlar?”.
Nümayəndə heyətinin üzvü, Heydər Əliyevin şəxsi həkimi Aleksandr Borodkin də Heydər Əliyevin infarkt keçirməsini xatırlayır: “Hər bir yüksək vəzifəli məmurun – Siyasi Büro üzvünün sağlamlığına nəzarət edən şəxsi həkimi vardı. 1987-ci ilin martından mən Heydər Əliyevin şəxsi həkimi idim. Mənim onunla ilk səfərim Volqoqrada olub. Məhz orada mən ilk dəfə onun iş qabiliyyəti - səhər saat 8-dən axşam gec saatlaradək ayaq üstə, insanlarla ünsiyyətdə, müşavirələrdə keçən intensiv fəaliyyəti ilə tanış oldum. Heydər Əliyev heyrətamiz insan idi... Sonra mayın 11-i... Zəng etdilər ki, təcili gəl, Heydər Əliyev özünü pis hiss edir. O, ağır infarkt keçirmişdi və SSRİ Səhiyyə Nazirliyinin dördüncü idarəsinin birləşmiş xüsusi xəstəxanasına aparıldı. Həkimlər onu müalicə etdi. Vəziyyət çox ağır, çox gərgin idi, ən yaxşı həkim qüvvəsi, o cümlədən Çazov cəlb edilmişdi. Onun öz sağlamlığının bərpasının qayğısına qalması bizim köməyimizə çatdı. Həkim və xəstə birlikdə hərəkət etdikdə, bunun faydası çox olur. O, güclü və iradəli insan idi. Demək olar ki, 1-2 həftədən sonra o, əməkdaşları dəvət edir, onların gətirdikləri sənədlərlə tanış olurdu. Onun ünsiyyətdə olduğu adamlar da gəlirdilər. Sonra tədricən öz iş kabinetinə keçdi. Onun işə qeyri-adi həvəsi vardı və işləməyi bacarırdı”.
Bakıda insanlarla söhbət edən, habelə Heydər Əliyev Mərkəzi ilə tanış olan Aleksandr Borodkin Azərbaycan xalqının öz liderini sonsuz məhəbbətlə xatırladığını şahidi oldu. “Çox xoşdur ki, siz onu belə sevirsiniz, bu cür siyasətçilər dünyaya nadir hallarda gəlir”, - deyən və Bakıda üçüncü dəfə olan həkim hesab edir ki, şəhər dəyişir, daha da gözəlləşir.
SSRİ DTK-nın 9-cu idarəsinin əməkdaşı, Heydər Əliyevin sürücüsü Vladimir Tupitsın da dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb: “Mən Siyasi Büro üzvlərinə, Nazirlər Sovetinin sədrinə və müavinlərinə xidmət göstərən xüsusi təyinatlı qarajda işləyirdim. Heydər Əliyevlə onun Nazirlər Soveti Sədrinin müavini təyin olunduqdan sonra Moskvaya gəlişi zamanı tanış oldum. O, çox diqqətli və qayğıkeş insan idi. Mən onunla çox yerlərdə olmuşam. Azərbaycana istirahətə gələndə onun maşınını vaqon-qarajda gətirirdilər. Biz onunla bütün Azərbaycanı gəzdik, həmin vaxt respublikanı kurort zonasına çevirmək ona həvalə olunmuşdu. Biz bütün rayonlarda olduq, o, kurort və sanatoriya tikmək mümkün olan bütün yerlərə baxdı. Hər yerdə və həmişə onu sevgi ilə qarşılayırdılar. Heydər Əliyev maşını saxlayır, hər kəslə salamlaşıb söhbət edirdi. İnsanlardan mehribancasına hal-əhval tutur, problemləri ilə maraqlanırdı. O, çox düzümlü insan idi, səhərdən axşamadək istirahət etmədən işləyir və özünü bütünlüklə işə həsr edirdi. Heydər Əliyev nəzakətli insan, müdrik siyasətçi idi, bir söz deməzdən əvvəl gözlərini qıyaraq düşünür, vəziyyəti qiymətləndirir və sonra fikrini çatdırırdı. Çox müdrik insan idi”, - deyə Ümummilli Liderin sürücüsü sözünü tamamlayıb.




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
“Konvensiyanın imzalanması Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır”
14.08.2018
TANAP-ın Türkiyədəki layihələrə ayırdığı qrant 140 milyon lirəyə çatacaq
14.08.2018
“Dollar böhranı“ndan da uğurla çıxacağıq”
14.08.2018
Xəzərin statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq
13.08.2018
“Konvensiya xoş məram, etimad, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9854

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info