İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər
Tarix: 30.05.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olublar. Horadizdəki “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra qonaqlar Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər. Media nümayəndələrinə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılmış və dağıdılmışdı. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad edilib. Lakin həmin ərazidəki Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan sakinlər Cocuq Mərcanlı kəndinə qayıda bilməyiblər. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini azad etdikdən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. Kənd qısa müddətdə bərpa olunub və sakinlərin bir qismi ora köçürülüb. KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna qayıdıb. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına şərait yaradılıb. Jurnalistlərə, həmçinin məlumat verilib ki, kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evinin, uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi başa çatıb. Yaxın günlərdə buraya Cocuq Mərcanlı kəndindən olan digər sakinlər köçürüləcək. Qonaqlar məktəblə tanışlıqdan sonra Cocuq Mərcanlı məscidinə gəlib, orada namaz qılıblar. Diqqətə çatdırılıb ki, Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri inşa olunub və bu, rəmzi məna daşıyır. İndoneziyalı media nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğaldan azad edilmiş Cocuq Mərcanlıya qayıdan kənd sakinlərinin məişəti və qayğıları ilə bağlı sualları cavablandırılıb. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, minlərlə insan öldürülüb və yaralanıb. İşğal edilmiş ərazilərdəki bir milyondan çox azərbaycanlı əhali öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib. İndoneziyalı jurnalistlər sonra ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, Ermənistan ordusunun xarabalığa çevirdiyi evlərin dağıntılarına baxıb, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, rəhbəri olduğu qurumun əsas məqsədi İslam ölkələri arasında əlaqələri bərpa etmək və gücləndirməkdir. İndiyədək Misir, Sudan, Pakistan və digər ölkələrdən olan jurnalistlərin Azərbaycana səfərləri təşkil edilib. Budəfəki səfərdə isə İndoneziyanın tanınmış media nümayəndələri təmsil olunur. ANTARA informasiya agentliyinin nümayəndəsi Bambang Purvanto səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: “Azərbaycan düşündüyümdən də gözəldir. Getdiyimiz bütün yerlərdə inkişafın, infrastrukturun yenilənməsinin, quruculuq işlərinin şahidi olduq. Bütün bunlar xalqın xoşbəxt gələcəyinə yönəlib. Ölkənizdəki inkişaf bütün dünyaya çatdırılmalıdır. Biz ümid edirik ki, Azərbaycanla İndoneziya arasında əlaqələr daha da güclənəcək”. İndoneziyadan olan digər jurnalist Nia Amira isə fikirlərini belə ifadə edib: “Mən iki ildir ki, İndoneziyada Azərbaycanı tanıdıram, əsasən Qarabağ haqqında yazıram. Həmçinin Qarabağ əhalisi, Qarabağ atları haqqında şeirlər də yazmışam. Cakartada İslam Universitetində Xocalı faciəsi ilə bağlı seminar təşkil etmiş, film nümayiş etdirmişəm. Ümid edirəm ki, Qarabağ torpaqları işğaldan azad olunar və insanlar öz doğma yurdlarına qayıdaraq orada xoşbəxt həyat yaşayarlar”.





 
Bölməyə aid digər xəbərlər
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
13.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info