“Dünya ictimaiyyətinin laqeyd qalması Qarabağ problemin bu günə qədər gəlib çatmasına rəvac verib”
Tarix: 31.05.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edib və BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak ilə görüşüb. Elmar Məmmədyarov bu tədbir və görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarovun BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak ilə görüşündə Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Miroslav Layçak bu ilin aprelində Qoşulmama Hərəkatının Bakıda keçirilən xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Azərbaycana səfərini xatırlayıb, bu səfərdən və keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib.
Söhbət zamanı Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə uğurla həyata keçirilməsi məmnuniyyətlə qeyd olunub.
BMT Baş Assambleyasının gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət adlı gündəlik maddəsinə istinad edən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə mövcud vəziyyət barədə danışıb, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də qeyd olunduğu kimi, işğala əsaslanan status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb. O, dövlətlərarası münasibətlərdə qanunun aliliyinin təmin olunması, bütün dövlətlər tərəfindən BMT Nizamnaməsi ilə üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsi, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu bildirib.
Həmin gün Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə qəbul keçirilib. Qəbulda BMT-nin rəhbərliyi, üzv dövlətlərin BMT yanında nümayəndəliklərinin başçıları - səfirlər, ictimai-siyasi xadimlər, Nyu-York şəhərinin meriyasının nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Nazir Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu qeyd edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət təsisatlarının yaradılması, Bakı Dövlət Universitetinin təsis olunması, gənclərin dövlət təqaüdü ilə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərilməsi, fundamental hüquq və azadlıqların təmin edilməsi, qadınlara seçki hüququnun verilməsi kimi həyata keçirilən mütərəqqi işlərdən danışıb. Nazir Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin yekdilliklə de-fakto tanınması və diplomatik səviyyədə görülən işlər barədə məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın təcavüzünə və ərazilərimizin işğalına baxmayaraq, ümummilli lider Heydər Əliyevin dövlətçilik irsi əsasında Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

“Azərbaycan qadınları ərazi bütövlüyünün qorunmasına öz töhfələrini veriblər”
Ötən gün Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı Milli Məclisin sədr müavini Bahar Muradova da Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Azərbaycan ərazisi 26 ildir ki, işğal altındadır. Ötən 100 il ərzində çoxmiqyaslı nailiyyətlər əldə edilsə də, yeganə problem Dağlıq Qarabağ münaqişəsinin olması bizə bu nailiyyətləri bütün mənası ilə hiss etməyə imkan vermir”.
Onun sözlərinə görə, dünya ictimaiyyətinin laqeyd qalması bu problemin bu günə qədər gəlib çatmasına rəvac verib: "Bugünkü beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həlli üçün aparıcı mövqe olan beynəlxalq hüququn prinsiplərinə riayət etməyin vacibliyini vurğulamağın üzərindən sükutla keçir və bununla da erməni təcavüzünə, erməni işğalına şərait yaratmış olur".
B.Muradova bildirib ki, tariximizin bəzi səhifələri faciə ilə doludur, lakin tarixin vacib məqamlarında düzgün addımlar atmaq qətiyyətinə malik olan xalq olmağımız bizdə qürur hissi doğurur: "Ölkə prezidentinin bu günlərdə keçirilən tədbirdə vurğuladığı kimi, əgər o zaman Azərbaycanın malik olduğu bütün sərvətlər ölkənin öz əlində olsaydı, Azərbaycan uzun illər enerji ehtiyatlarını öz problemlərinin həlli üçün istifadə etsəydi, bu gün Azərbaycan ən çox inkişaf etmiş və demokratik ölkə olardı".
B.Muradova hesab edir ki, Azərbaycan qadınları ərazi bütövlüyünün qorunmasına öz töhfələrini veriblər: "Milli qəhrəman statusu almış qadınlar bu məsələdə də kişilərdən geri qalmadıqlarını göstəriblər. Azərbaycan qadınları da müstəqilliyin və ərazi bütövlüyünün qorunması üçün öz canlarını verməkdən çəkinmirlər".

Avstraliya Parlamentində səsləndirilən bəyanatda Qarabağ məsələsi yer alıb
Yeri gəlmişkən, Avstraliya Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səsləndirilən bəyanatda da Qarabağ məsələsi yer alıb. Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli Avstraliya Parlamentində çıxış edərək bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu bildirib.
K.Kelli demokratik respublikanın ömrünün qısa olmasını təəssüflə qeyd edərək, onun sovet ordusunun işğalı nəticəsində süquta uğradığını bildirib. Deputat Azərbaycanın 70 ildən çox keçmiş Sovet İttifaqının tərkibində qaldığını söyləyib. Avstraliya Parlamenti deputatı əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu qeyd edib. Avstraliyalı deputat mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda demokratiya və iqtisadiyyatın bundan sonra da davamlı inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar regiondakı digər dövlətlər üçün nümunə olmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat, münaqişənin qarşılıqlı dialoq və BMT-nin müvafiq sənədləri əsasında həll olunmasının vacibliyini vurğulayıb.

“NATO münaqişənin həllində ATƏT Minsk qrupunun işini dəstəkləyir”
NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır. Bu barədə isə “Trend”ə təşkilatdan bildirilib. Məlumatda qeyd olunur ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur: “Aydındır ki, münaqişənin hərbi həll yolu mövcud deyil”.
Təşkilatdan daha sonra bildiriblər ki, NATO münaqişənin həllində birbaşa iştirak etmir, amma bu istiqamətdə ATƏT Minsk qrupunun işini dəstəkləyir: “Biz, həmçinin hər iki tərəfi danışıqlar yolunu davam etdirməyə və istənilən yeni eskalasiyadan uzaq durmağa çağırırıq”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info