BP-nin regional prezidenti: “Cənub Qaz Dəhlizi”nin açılışı, dünya miqyaslı bir nailiyyətdir”
Tarix: 30.05.2018 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Bakıda XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” konfransı keçirilib.
Konfransın “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuriy Sentyurin və Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hirakinin məruzələri dinlənilib. Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər var. Konfrans aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərlərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayaraq və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır. “Caspian Oil and Gas” konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilib.

Nazir: "Azərbaycanın neft ehtiyatları XXI əsrin II yarısında da tükənməyəcək"

"Şəfəq" və "Asiman" yataqlarında, Abşeron yarımadasının dayaz sulu hissəsində kəşfiyyat işlərinin planlaşdırılması karbohidrogen ehtiyatlarının olması ilə bağlıdır". Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib. "Kondensat potensialı "Şahdəniz", "Babək", "Ümid" strukturlarında gələcəkdə də neft hasilatının əldə olunmasına ümid verir. Bunlar bir daha ölkənin neft ehtiyatlarının, hətta XXI əsrin ikinci yarısında da tükənməyəcəyini söyləməyə əminliklə imkan verir",- deyə P.Şahbazov vurğulayıb.

Rövnəq Abdullayev: "Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək"

SOCAR prezidenti Rövnəq Abdullayev çıxışında bildirib ki, bir neçə il əvvəl Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını realizə etmək üçün qarşımızda müxtəlif imkanlar mövcud olsa da Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verildi. Hasil olunacaq qaz həcmlərinin dünya bazarlarına çıxarılması təşəbbüsü ilə çıxış edərək, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas ideya müəllifi Azərbaycan oldu. O, “Cənub Qaz Dəhlizi” layihəsini müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, iki qitədə və bir neçə ölkədə həyata keçirilən kifayət qədər mürəkkəb bir meqa layihə adlandırıb: “Buna baxmayaraq, bu gün biz artıq təbii qazın Xəzər dənizindən Avropaya nəql olunmasının bir addımlığındayıq. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur artıq yekunlaşıb. Dünən “Cənub Qaz Dəhlizi”nin Türkiyəyə qədər olan hissəsi istismara verildi, iyunun 12-də isə SOCAR-ın operator olduğu TANAP layihəsinin istismara verilməsi planlaşdırılır. Beləliklə, bu möhtəşəm layihə başa çatmaq üzrədir: 4 seqmentdən 3-ü artıq istifadəyə verilir. Əminəm ki, ən yaxın zamanda bu uzunmüddətli çalışmaların bəhrələrini görə biləcəyik”.
SOCAR prezidenti qeyd edib ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” başda olmaqla həyata keçirilən bütün bu layihələrin aparıcı qüvvəsidir və mərkəzindədir: "Bu layihələrdən həm region ölkələri, həm də müxtəlif şirkətlər bəhrələnir. Yeni qaz nəqli marşrutuna malik olduqdan sonra Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək. Bu isə ölkənin iqtisadi müstəqilliyini və beynəlxalq mövqeyini gücləndirəcək. Həmçinin Azərbaycan “Cənub Qaz Dəhlizi”ni açmaqla 3-cü tərəflərin bu layihəyə qoşulmasına, xarici tərəfdaşlarımızın da maliyyə gəlirlərini artırmalarına əlverişli şərait yaradıb. Region ölkələri olan Gürcüstan və qardaş Türkiyə də bu nəhəng layihədən mənfəət əldə edəcək, həm də tranzit ölkə olaraq beynəlxalq mövqelərini möhkəmləndirəcək. Hazırda Avropa ən perspektivli qaz bazarıdır. İnanırıq ki, Azərbaycan qazı Avropa bazarında yaxın gələcəkdə artan tələbatla mövcud təchizat arasında yaranacaq boşluğu dolduracaq və bütün hazırkı qaz təchizatçıları ilə bərabər yüksək tələbat olan bu bazarda özünə layiqli yer tutacaq".

OPEC: “Cənub Qaz Dəhlizi” fundamental olaraq enerji landşaftını dəyişəcək”
“Bakı neft sənayesinin beşiyi olmaqla, özünün dayanıqlı inkişafı, eləcə də dünyada və regionda inkişafı və rifahı ilə seçilməkdədir.” Bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan son 30 ildə qaz sənayesinin sürətlə inkişaf etdiyi ölkədir: “Hamımız bilirik ki, 1871-ci ildə ilk neft hasilatı Azərbaycanda olub. 1877-ci ildə də ilk neft tankerini dünyada məhz Azərbaycanda hazırlanıb,” – deyə M. Barkindo qeyd edib.
Barkindo 1994-cü ildə imzalanan neft müqavilələrini xatırladaraq Azərbaycanın məhz bu dövrdən inkişaf etdiyini bildirib: ”Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan çox sərfəli neft müqaviləsi imzalayıb və beynəlxalq konsorsiumla əməkdaşlığa başlayıb. O zamandan bəri neft sənayesində artım və böyümə müşahidə olunub. Günümüzdə də bu neft şirkətləri özünün zəngin neft və qaz potensialı olduğunu dilə gətirirlər”.
M. Barkindo ”Şahdəniz” layihəsinin ikinci fazasından söz açaraq onu multimilyardlıq meqalayihə adlandırıb: “Bu layihə dünyaya və bütün regiona müsbət töhfə verəcək. “Cənub Qaz Dəhlizi” fundamental olaraq enerji landşaftını dəyişəcək”.

BP-nin regional prezidenti: “Etibarlı şəkildə neft və qaz hasilatını davam etdirəcəyik”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons isə çıxışında bildirib ki, “Cənub Qaz Dəhlizi”nin açılışı, həqiqətən də, dünya miqyaslı bir nailiyyətdir. O bildirib: "Dünya səviyyəli layihələrdən danışarkən qeyd etməliyəm ki, dünən digər bir əlamətdar hadisənin şahidi olduq – “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı qeyd edildi. Bu, dəfedilməz görünən maneələrə baxmayaraq, bir çox ölkələrdə minlərlə insanın uzun illər ərzindəki zəhmətinin kulminasiya nöqtəsidir. Biz buna Azərbaycan hökuməti, "Şahdəniz" layihəsindəki tərəfdaşlarımız, SOCAR, "Türkiye Petrolleri", "Petronas", "Lukoil", NICO və Cənub Qaz Dəhlizi, habelə daha geniş regiondakı çoxsaylı maraqlı tərəflərlə birlikdə nail olduq".
BP-nin regional prezidenti vurğulayıb ki, bu, həqiqətən də, dünya miqyaslı bir nailiyyətdir: "Bir daha bütün əməyi olan hər kəsi təbrik etmək istəyirəm. Əlbəttə ki, biz AÇG və "Şahdəniz" yataqlarından Azərbaycan hökuməti, tərəfdaşlarımız və Azərbaycan xalqının xeyrinə, təhlükəsiz və etibarlı şəkildə neft və qaz hasilatını davam etdirəcəyik. Hər iki yataq üçün də əsrin ortasınadək davam edən işlənmə planımız var".

Yuri Sentyurin: “Azərbaycan beynəlxalq təbii qaz mərkəzinə çevrilib”

Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuri Sentyurin bildirib ki, Azərbaycan beynəlxalq təbii qaz mərkəzinə çevrilib. "Azərbaycan Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulub. Ötən müddətdə Azərbaycan GECF-in fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verib. Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna qoşulması bizim üçün mühüm idi. Çünki Azərbaycan artıq beynəlxalq təbii qaz mərkəzinə çevrilib və qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir", - deyə Y.Sentyurin qeyd edib.
O bildirib ki, 2040-cı ilədək təbii qaza olan tələbat artacaq və kömürün istehlakı azalacaq. Buna Avropada, eləcə də Asiyada maye qaza (LNG) olan tələbatın çoxalması əsas təsir göstərəcək. Təbii qaz neftdən sonra ikinci əsas enerji növü olacaq.


“Cənub Qaz Dəhlizi” QSC-nin sədri: “İyulun 1-dən Türkiyəyə ilk kommersiya qazı tədarük olunacaq”

"Cənub Qaz Dəhlizi" QSC-nin sədri Əfqan İsayev bildirib ki, hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin dəyəri 40 milyard dollardan çox qiymətləndirilir. O qeyd edib ki, maliyyələşdirmənin bu həcmindən 11,5 milyard dollar Azərbaycanın payına düşür. Bu məbləğdən artıq 9 milyard dollar ayrılıb.
Bildirilib ki, "Şahdəniz-2" layihəsinin dəyəri 22,7 milyard dollar təşkil edir: "Bu gün bu məbləğdən 17,7 milyard dolları maliyyələşdirilib. Layihə üzrə işlərin 99 faizi başa çatıb. Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinin dəyəri 4,6 milyard dollar təşkil edir, bunun 4,3 milyard dolları ayrılıb. Layihə üzrə işlər ümumilikdə 97,3 faiz icra olunub".
Transanadolu qaz kəmərinə gəldikdə, Ə.İsayev layihənin 8 milyard dollar (ilkin olaraq 9,5 milyard dollarla müqayisədə) dəyərində qiymətləndirildiyini deyib:
"Hazırda 5,4 milyard dollar mənimsənilib, layihə üzrə işlər 94 faiz başa çatıb. Transadriatik boru kəmərinin dəyəri isə 4,5 milyard dollar avrodur, bunun 2,9 milyard avrosu ayrılıb. İrəliləyiş 72,9 faiz səviyyəsində qiymətləndirilir".
QSC sədri bildirib ki, 2018-ci il iyulun 1-dən Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”
18.06.2018
ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”
15.06.2018
İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9424

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info