Trampın Qarabağ açıqlaması münaqişənin həlli üçün nə vəd edir
Tarix: 01.06.2018 | Saat: 02:11:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi artıq beynəlxalq münaqişə hesab olunur. Bu münaqişənin həllində maraqlı olan və olmayan dövlətlər var. Newtimes.az saytı bu mövzuda araşdırmasında ABŞ və Fransanın mövqeyinə diqqət çəkib. Yazıda qeyd olunur ki, son vaxtlar erməni ekspert dairələri Dağlıq Qarabağla bağlı vəziyyətin daha da mürəkkəbləşdiyini bildirir, bunu əsas olaraq ABŞ və Fransanın regionda fəallaşması ilə əlaqələndirirlər: “Daha konkret ifadə etsək, onlar bu iki ölkə rəhbərliyinin məsələyə münasibəti ilə əlaqədar “yeni məqamlar”ın meydana çıxdığından bəhs edirlər. O cümlədən Donald Tramp, Emmanuel Makron və Mayk Pompeonun Azərbaycan rəhbərliyinə ünvanladıqları məktubları və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın regiona səfəri kontekstində proqnozlar verməyə cəhd edirlər. Bu proseslərin münaqişənin həllinə necə təsir edə biləcəyi həqiqətən maraqlı məsələdir. Ancaq onlara geniş və obyektiv mövqedən yanaşdıqda, bir sıra ekspertlərin təqdim etməyə çalışdıqları mənzərədən tamamilə fərqli bir vəziyyətin olduğu aydın olur. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac görürük”.
Araşdırmada kütləvi informasiya vasitələrinin ABŞ və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşdığı haqqında məlumatların yayıldığı bildirilir: “Donald Tramp və Emmanuel Makronun Azərbaycan rəhbərliyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik etməsi ilə yanaşı, bu iki ölkənin digər rəsmi şəxslərinin də prosesə qatılması bu tezisi təsdiq edir. O cümlədən ABŞ dövlət katibi Mayk Pompeo da Azərbaycan hökumətini və xalqını yubileylə bağlı təbrik edib və Fransanın xarici işlər naziri Azərbaycanla Ermənistana səfər edərək, müəyyən mesajlar verib.

Erməni siyasi və ekspert dairələri Trampın Qarabağ açıqlaması üzərində baş sındırırlar
Artıq KİV-də geniş surətdə D.Trampın Azərbaycan rəhbərliyi ilə münaqişənin sülh yolu ilə həlli üçün birgə çalışmağa hazır olduğu və yaxın aylarda bu istiqamətdə fəallığın nümayiş etdiriləcəyi haqqında ifadə etdiyi fikirləri təhlil edilir. ABŞ Prezidentinin nə demək istədiyi üzərində erməni siyasi və ekspert dairələri də baş sındırırlar. Ekspertlər üçün əsas müəmma D.Trampın qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacağını vurğulaması ilə bağlıdır. Söhbət hansı imkanlardan gedir? Amerika nə kimi proseslərə ümid edir ki, onlar münaqişənin sülh yolu ilə həllinə yeni imkanlar yaradır?
Bu sualların cavablarını bir sıra ekspertlər E.Makronun və M.Pompeonun yazdıqları məktublardakı fikirlərin məzmununda və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Bakı və İrəvanda söylədikləri fikirlərin kontekstində axtarmağa çalışırlar. Ancaq bu siyasətçilər yeni nə deyiblər?
E.Makron Prezident İlham Əliyevə ünvanladığı məktubda vurğulayıb ki, Fransa münaqişənin danışıqlar yolu ilə həlli üçün əlindən gələni edəcək və heç bir şeyi əsirgəməyəcək. Fransanın dövlət başçısı onu da ifadə edib ki, Azərbaycan gələcək məsələlərin həllində və Avropa İttifaqı ilə yaxınlaşmada da Fransaya etibar edə bilər. Bu ilin iyul ayında isə E.Makron İlham Əliyevin Parisə səfər edəcəyinə ümid etdiyini bildirib.
Dövlət katibi M.Pompeo isə vurğulamışdı ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların intensivləşdirilməsini ən tez zamanda görmək istərdi. Fransanın xarici işlər naziri Jan-İv Le Drian da mayın 27-də (maraqlıdır, fransalı nazir Azərbaycanda mayın 27-də, Ermənistanda isə mayın 28-də olub, yəni bu ölkələrin müstəqilliklərini elan etdikləri gündə həmin ölkələrdə olmayıb) Bakıda bəyan edib ki, yaxın aylarda münaqişənin tənzimlənməsi üzrə intensiv danışıqların başlayacağına ümid edir. Bu zaman o, mövcud status-kvonun və müharibənin qəbuledilməz olduğunu da vurğulayıb”.

“Qərb Dağlıq Qarabağda müharibənin alovlanmamasını və danışıqları sürətləndirməyi tələb edir”
Məqalədə bildirilir ki, Qərb Dağlıq Qarabağda müharibənin alovlanmamasını və danışıqları sürətləndirməyi tələb edir: “Bu zaman status-kvodan da danışmaq olar, geosiyasi maraqları da müzakirəyə çıxarmaq mümkündür və hətta əməkdaşlığın müxtəlif aspektlərini münaqişə ilə bağlı aparılacaq danışıqlara müncər etmək də olar. Ancaq bütün bunların həqiqi mənada münaqişənin həllinə yardım edəcəyi barədə susurlar. Yalnız ümid verilir, lakin silahlı münaqişəyə "yox" deyilir.
Erməni siyasi dairələrinin, ekspertlərinin və onları yönləndirənlərin "yeni vəziyyət" adlandırdıqları durumun "yeniliyi" məhz yuxarıda vurğuladığımız iki məqamla əlaqəlidir. Bunun da iki aspekti vardır. Əvvəla, qlobal miqyasda cərəyan edən hadisələrin məntiqinə uyğun olaraq ABŞ və Fransa Qafqazda fəallaşmağa çalışırlar. İkincisi, onlar havadarlıq etdikləri Ermənistanın məğlubiyyətinə razı olmur, müxtəlif üsullar və bəhanələrlə İrəvanı düşdüyü acınacaqlı və məğlub vəziyyətdən çıxarmağa çalışırlar.
Birinci aspekt Vaşinqton və Parisin dünyada gedən proseslərlə bağlı narahatlıqlarını ifadə edir. Baxın, Suriyada da məhz bu iki dövlət aqressiv və ədalətsiz mövqe tutublar. Böyük Britaniya və Almaniya onlara qoşulmur. ABŞ və Fransa Suriyada terrorçulara dəstək verir, Münbicə öz xüsusi təyinatlılarını yerləşdirir, terrorçulara külli miqdarda silah satır, bununla Yaxın Şərqdə geosiyasi mənzərənin normallaşmasına mane olurlar. Rusiya, Türkiyə və İrana qarşı müxtəlif radikal addımlar ataraq, öz maraqlarını nəyin bahasına olur-olsun təmin etməyə çalışırlar. İndi bu "cütlük" Dağlıq Qarabağla bağlı "narahat olubmuş"!
Bununla onların münaqişənin ədalətli həlli üçün çalışmadıqları tam aydın olur. Çünki bir dəfə də olsun işğalçıya "Azərbaycan torpaqlarını tərk et" deyilmir. Əvəzində, ibarəli diplomatik ifadələrlə sülhdən, "kreativ təkliflər"dən, müharibə etməyin qorxularından, danışıqları sürətləndirməkdən, yəni tələsməkdən bəhs edirlər. Bütün bunların arxasında isə əsl həqiqəti gizlədirlər”.

“Rəsmi Bakı nəticəsiz danışıqları uzun müddət davam etdirmək fikrində deyil”
Yazıda Azərbaycan rəhbərliyinin müstəqil siyasət yeritdiyi, Prezident İlham Əliyevin Rusiya, Türkiyə və İranla normal münasibətlərin inkişafına çalışdığı qeyd olunur: “Təbii ki, ermənilər həmişə olduğu kimi, bu dəfə də ABŞ və Fransanın direktivlərinə boyun əyməyə hazırdırlar. Həm də bu iki ölkənin atdığı addımlar Ermənistanı qorumağa xidmət edir. Buna görə də İrəvanın aldadıcı manevrlər və xüsusi taktiki gedişlər edib, özünü sülhsevər kimi göstərməyə çalışacağını təxmin etmək olar. Azərbaycan isə heç bir halda müstəqil siyasətindən dönməyəcək. Dağlıq Qarabağ məsələsi də yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə həll edilə bilər.
Bundan başqa, Azərbaycan hər bir ölkə ilə ancaq bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq formatına uyğun əlaqə qurur və bu, davam etməkdədir. Həmin prinsipdən kənara çıxanlarla Azərbaycanın əməkdaşlığı çətin ki, baş tutsun.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, rəsmi Bakı nəticəsiz danışıqları uzun müddət davam etdirmək fikrində olmadığını dəfələrlə ifadə edib. Əgər ABŞ və Fransa doğrudan da danışıqların sürətlənməsini arzulayırlarsa, diplomatik manipulyasiyalara, gəlişigözəl sözlərlə real acınacaqlı vəziyyəti gizlətmək cəhdlərinə son qoymalıdırlar. Onlar təcavüzkara işğal etdikləri ərazilərdən rədd olmaları üçün təzyiq etməlidirlər. Bundan kənar "kreativ təkliflər"in nədən ibarət olduğu xeyli qeyri-müəyyəndir. Yəni süni oyunların limiti tükənib və bunu İrəvanla yanaşı, Vaşinqton və Parisdə də anlamalıdırlar!”

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info