Almaniya tətbiq edilən rüsumları qəbul etmir: “Biz hesab edirik ki, bu, qeyri-qanunidir, milli təhlükəsizliyin müdafiəsi barədə gətirilən dəlillər qeyri-inandırıcıdır”
ABŞ hökuməti Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan olan istehsalçılara göndərilən polad və alüminiuma rüsumlar tətbiq olunması barədə qərar qəbul edib. Bu qərar ötən gün Vaşinqton vaxtı ilə gecəyarısı (Bakı vaxtı ilə səhər saat 8-də) qüvvəyə minib. ABŞ ticarət naziri Uilbur Rossun sözlərinə görə, Avropa İttifaqı ilə aparılan danışıqlarda ABŞ-ı cari ilin mart ayında tətbiq edilmiş rüsumların möhlət müddətinin uzadılmasına inandıra biləcək razılaşma əldə edilməyib. Rossun bu məlumatından az sonra Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Avropa İttifaqı cavab tədbirlərini elan edəcək. Kanada və Meksikaya gəldikdə isə Ross qeyd edib ki, bu iki ölkə ilə azad ticarət barəsində Şimali Amerika sazişinə yenidən baxılması barədə danışıqlar “bizim güman etdiyimizdən çox davam edir” və bu danışıqların nə vaxt bitəcəyini söyləmək mümkün deyil. Buna görə də ABŞ Kanada və Meksika üçün polada və alüminiuma rüsum tətbiq edilməsini qərara alıb. Artıq Almaniya Vaşinqtona ticarət münaqişəsinin eskalasiyasından çəkinmək barədə xəbərdarlıq edib. Federal hökumət ABŞ-ın polad və alüminium üçün tətbiq etdiyi rüsumları qəbul etmir. AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Zayberq bu barədə deyib: “Biz hesab edirik ki, bu, qeyri-qanunidir, milli təhlükəsizliyin müdafiəsi barədə gətirilən dəlillər qeyri-inandırıcıdır”. Onun sözlərinə görə, bu qüsurlu cərimə tədbirləri son nəticədə hamının ziyanına olacaq: “AFR hökuməti azad ticarəti və açıq bazarları bundan sonra da müdafiə edəcək, problemlərin həllində multilateral yanaşmaya üstünlük verəcək”. Almaniya XİN rəhbəri Hayko Maasın bəyanatına əsasən, Aİ ABŞ-ın addımlarına cavab tədbirləri görməyə hazırdır. AFR kansleri Angela Merkel vəd etmişdi ki, Amerika rüsumları tətbiq edilərsə, Avropa İttifaqı buna “birgə və qəti” cavab verəcək. Kansler bu barədə Lissabonda, Vaşinqtonun qərarı elan ediləndən bir qədər əvvəl məlumat verib. Merkel deyib: “Avropa İttifaqında bu məsələ barəsində birmənalı mövqe formalaşıb. Biz əminik ki, rüsumlar Dünya Ticarət Təşkilatının qaydalarına ziddir”. Fransa prezidenti Emmanuel Makron da ABŞ-ın polad və alüminiuma idxal rüsumlarının tətbiq edilməsinə dair qərarını qanunsuz adlandırıb. Makron rüsumları qeyri-qanuni, onların tətbiqini isə yanlışlıq adlandırıb. Xatırladaq ki, ABŞ-da bu rüsumlar martın 23-dən tətbiq edilib. Rüsum dərəcələri polad məmulatlar üçün 25 faiz, alüminium məmulatlar üçün 10 faiz müəyyən edilib. Avropa İttifaqından olan şirkətlərə bu rüsumlar üçün iki dəfə, o cümlədən sonuncu dəfə ötən günə kimi möhlət verilib. Cərimə sanksiyalarının həmişəlik ləğv edilməsi üçün avropalıların dəfələrlə göstərdiyi cəhdlər uğursuz olub. Aİ buna cavab tədbiri kimi iyunun 20-dən etibarən Amerika mallarına, o cümlədən portağal şirəsi, motosikletlər, viski və tütün üçün 25 faiz rüsum tətbiq olunacağını vəd edib. Gözlənildiyinə görə, bu cür rüsumların məbləği üç milyard avro olacaq.
Anar
|