“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
Tarix: 05.06.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Dünya miqyasında ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatına əhəmiyyətli şəkildə əlavə dəyər verir. Qaz yataqlarının işlənilməsi ilə bağlı ən böyük layihələrdən biri kimi Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən təbii enerji resurslarının nəqlində mühüm rol oynayacaq. Öz nəhəngliyi ilə seçilən Cənub Qaz Dəhlizi Xəzər dənizinin qaz resurslarını ilk dəfə birbaşa Avropa bazarlarına çıxararaq, bütöv regionun enerji xəritəsini dəyişəcək.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir: “TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Biz TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın 20-də, - o da çox rəmzi məna daşıyır, çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanıb, 20 ildən sonra Cənub Qaz Dəhlizinin təməli qoyulub. Bu layihənin rəsmi açılışı doğrudan da böyük və tarixi hadisədir”.

“Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir və TANAP bu layihənin ayrılmaz bir parçasıdır”
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP boru kəmərinin bu ay istismara veriləcəyi, adıçəkilən layihənin üstünlükləri ilə bağlı Türkiyə mətbuatında ardıcıl yazılar dərc edilir.
“Habersay.net”: “TANAP iyunda açılacaq” başlıqlı məqalədə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimin Trans Anadolu Təbii qaz Boru Kəməri Layihəsinin (TANAP) iyun ayında açılması ilə bağlı fikirləri yer alıb. O, səfir təyin olunduğu 8 ay müddətində iki ölkənin prezidentinin 4 dəfə görüşdüyünü vurğulayaraq, iyun ayında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın TANAP-ın açılışında 5-ci dəfə görüşəcəklərini deyib. Ölkəsinin Türkiyədə reallaşdırdığı layihələri xatırladan X.İbrahim qeyd edib ki, bu ilin sonunda Azərbaycanın investisiyaları Türkiyədə 19,5 milyard dollara çatacaq: “Bu çox böyük bir rəqəmdir. Azərbaycan da bunu yalnız və yalnız qardaş Türkiyədə edər”.
“Turksam.org” saytında isə “Türkiyə və Azərbaycandan Ortaq Hədiyyə: TANAP” adlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) məqsədi Türkiyə və Avropanın təbii qaz bazarına Azərbaycan təbii qazını təqdim etməkdir: “Əsrin müqaviləsi” ilə təməli atılan Türkiyə - Azərbaycan enerji əməkdaşlığı, bu gün TANAP strateji əməkdaşlığı ilə tamamlandı. Xətt Şərq ilə Qərb arasında enerji dəhlizini təşkil edir. Beləliklə də, Türkiyənin bölgədəki strateji əhəmiyyəti vurğulanır. TANAP-ın əsas hissəsi 51 faiz nisbətlə Azərbaycan dövlət şirkəti SOCAR, 30 faiz hissəsi Türkiyə-BOTAŞ, 12 faiz hissəsi də İngiltərənin BP şirkətinə məxsusdur. Qalan 7 faiz isə SOCAR-ın enerji paylayıcı şirkəti olan SOCAR Türkiyə Enerji şirkətinə aiddir. Avropa Komissiyasının vitse-prezidenti Maros Şefoviç, Cənub Qaz Dəhlizinin Avropa enerji təhlükəsizliyi üçün çox vacib olduğunu və TANAP-ın bu layihənin ayrılmaz bir parçası olduğunu vurğulayıb. TANAP-ın qurulmasına başlandığı zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəni enerji qaynaqları paylama mərkəzi halına gətirməyi hədəflədiklərini ifadə etmişdi.
Bu gün əsas gündəm TANAP-ın açılış tarixidir. Belə ki, tamamlanan TANAP-ın 12 iyun 2018-ci il tarixində açılış mərasiminin gerçəkləşdiriləcəyi bildirildi. Bütün bu işlər, layihələr, Türkiyənin bölgədə mərkəz və tarazlayıcı güc olma siyasəti, Azərbaycanın enerji mövzusundakı xarici bazarlara açılma istəyi və bu istiqamətdə apardığı siyasət, iki ölkənin birgə fəaliyyət yolu ilə yeni dünya quruluşunda ortaq bir güc olmağı hədəfləyən addımlardır. TANAP-ın açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev, digər ölkələrin prezident və nazirləri də qatılacaqlar”.

TANAP Trakyaya qədər uzanacaq
“Bloomberght.com” saytında isə “TANAP-da mərasim 12, ilk təbii qaz ticarəti 30 iyunda” başlıqlı yazı dərc edilib. Yazıda göstərilir ki, TANAP-ın əskişəhər hissəsinin açılış mərasimi ilə bağlı hazırlıqlar sürətlənib. Xəttin əskişəhərdə böyük hissəsinin tamamlandığını, boru xəttində lazımlı testlərin aparıldığı, qaz axınının qarşısında bir maneə olmadığı göstərilir: “Xətdən ilk qaz 30 iyunda alınmağa başlanacaq. 30 iyun-1 dekabr arasında 1 milyard kubmetr qaz idxal ediləcək. Sonrakı illərdə idxal ediləcək qaz miqdarı pilləli olaraq artacaq və illik 6 milyard kubmetr səviyyəsinə çatacaq. Türkiyənin illik qaz istehlakı 50 milyard kubmetr səviyyəsindədir, TANAP-la Türkiyənin qaz ehtiyacının 10 faizi qarşılanacaq”. Göstərilir ki, TANAP Trakyaya qədər uzanacaq. Əskişəhər və Trakya arasındakı hissənin tikintisi 2019-cu ildə tamamlanacaq. BOTAŞ, həm Əskişəhər, həm də Trakyadan qaz xəttindən qaz ala biləcək. Bu müddət içində boru xəttini işlətmək üzrə BOTAŞ və SOCAR-ın yarı-yarıya ortaq olacağı yeni bir şirkətin də qurulacağı, bu istiqamətdə hazırlıqların da görüldüyü bildirilir.

Cənub Qaz Dəhlizi uzun illər xalqımıza xidmət göstərəcək nəhəng layihədir
“Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.”
Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, uzun illər ölkəmizə, xalqımıza xidmət göstərəcək Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan öz təbii qazının ildə 16 milyard kubmetrini Avropaya çatdırmağı planlaşdırır. Gələcəkdə isə bu rəqəmi 30 milyard kubmetrə çatdırmaq imkanı var. Dəhlizin qazla təminatına gəldikdə, Azərbaycanda təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatı var. Bundan başqa, reallıqda “Şahdəniz-2” qaz yatağının imkanlarının daha geniş olduğu müəyyənləşib. Əlavə olaraq, Cənub-Qaz Dəhlizinin “Asiman” və “Şəfəq” yataqlarının işlənməsindən sonra da qazla təminatını nəzərə alsaq, bu layihə uzun illər Azərbaycanda istehsal olunan qazın dünya bazarına çatdırılmasına imkan verir. Layihə, həmçinin iqtisadi əhəmiyyətə malikdir. Çünki qaz artıq neft amili kimi qiymətlərin aşağı və ya yuxarı qalxmasına məruz qalan bir enerji resursu deyil. Qaz müəyyən olunmuş müqavilə qiymətinə satılır və dünya bazarında bu qiymət stabil qalır. Bu da onu deməyə əsas verir ki, gələcək valyuta da Azərbaycanda stabil olacaq.
Azər Badamov qeyd edib ki, Cənub Qaz Dəhlizinin həm də Azərbaycanın təhlükəsizliyinin təminatında rolu olacaq. Avropa ən azından onun üçün böyük əhəmiyyətə malik Cənub Qaz Dəhlizinə görə maraqlı olacaq ki, Azərbaycanın təhlükəsizliyi təmin olunsun. Bir sözlə, bu dəhliz Azərbaycan üçün uzun illər həm təhlükəsizlik, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən mühüm bir layihədir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info