Sənan Cəfərov: “Bizi tanıyan xəstələrin heç biri xaricə üz tutmur”
Tarix: 05.06.2018 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“Bu gün xəstələr vaxtında həkimə müraciət etmirlər və bu səbəbdən də xəstəlik xronikləşir ”

Sənan Cəfərov 1999-cu ildə Türkiyə Respublikası Tibb fakültəsinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünü bitirib. 2002-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin Fizioterapiya bölməsində elmi dərəcəyə yiyələnib. 1999-2004-cü illərdə Türkiyə İstanbul Memorial Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya bölümünün şöbə müdiri işləyib və professional idmanda fizioterapiya ilə məşğul olub. 2004-2007-ci illərdə İstanbul Ortopediya mərkəzinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünün şöbə müdiri işləyib. Həmçinin 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında şöbə müdiri vəzifəsində çalışıb. 2012-2015-ci illərdə Bioloji Təbabət Klinikasında şöbə müdiri və 2015-ci ildən isə Bakı Klinikasında şöbə müdiri işləyir. Sənan Cəfərov, həmçinin Türkiyə, Avropa və Amerikada bir sıra konfrans və kurslarda iştirak edib.

- Sənan doktor, əvvəlcə fizioterapiya haqqında oxucularımıza məlumat vermənizi xahiş edirik.
- “Fizioterapiya nədir, hansı xəstəliklərdən əziyyət çəkənlər bizə müraciət edirlər, bu xəstələr hansı qrup insanlardır” və digər suallar ətrafında çalışacam sizlərə məlumat verim.
Fizioterapiya yunan dilindən tərcümədə “təbiətin gücü ilə müalicə” mənasını daşıyır. Fizioterapiya iki hissədən ibarətdir. Birinci, elektroterapiya - tibbi avadanlıqlarla müalicə üsuludur. İkincisi reabilitasiya - orqanizmin itirilmiş funksiyalarının bərpası və təkrarən sosial həyata qaytarılması üçün olan müalicə üsuludur. Daha çox aşağıdakı reabilitasiyalar fərqləndirilir:
- Beyin cərrahiyyəsindən sonra reabilitasiya;
- İdmançı reabilitasiyası;
- Nevroloji reabilitasiya;
- Ortopedik cərrahiyyədən sonra reabilitasiya;
- Kardio cərrahiyyədən sonrakı reabilitasiya;
- Pediatrik reabilitasiya.
Dünyada yaşla bağlı olan xəstəliklər bir neçə qrupa bölünür. Birinci qrupda 0-18 yaş arası uşaq, ikinci qrupda 18-35 yaş arası gənc, üçüncü qrupda 35-65 yaş arası orta gənc və dördüncü qrupa aid olan 65 yaşdan yuxarı, yaşlı xəstələrdir. Bütün yaş qruplarında olan hər bir xəstəyə biz fizioterapiyanı tətbiq edirik. Hal-hazırda bu tip xəstəliklər çox ciddi bir hal alıb. Vaxtında qarşısı alınmazsa, şikəstliyə gətirib çıxara bilər.
- Fizioterapevtin işi nədən ibarətdir?
- Qeyd edim ki, Azərbaycan Tibb Universitetində Fizioterapiya bölməsi yoxdur. Bu ciddi əksiklikdir. Güman edirəm ki, gələcək tədris planlamalarında bu məsələ də nəzərə alınar. Qeyd etdiyim kimi, Fizioterapiya bölməsi olmadığına görə fizioterapiyaya ehtiyacı olan xəstələr çox əziyyət çəkirlər. Bəzən adi bir fizioterapiya müalicəsi üçün xarici ölkələrə üz tuturlar. Bir çox zaman isə xəstə, misal üçün, onurğa osteoxondrozuna görə başqa ixtisas həkimlərinə müraciət edir. Halbuki bu xəstəlik sırf fizioterapiya həkiminin sahəsidir.
Hazırda ölkəmizdə təxminən hər 7-8 nəfərdən biri onurğa disk yırtığından əziyyət çəkir. Belə xəstələrin iki yolu var:
1. Fizioterapiya müalicəsi almalıdır.
2. Əgər müalicə effekt verməzsə, əməliyyat olunmalıdır. Bu vəziyyətin izahı, fizioterapiyanın nə qədər əhəmiyyətli və ehtiyac olan bir sahə odluğunu təsdiq edir.
- Bu gün sizlərə ən çox hansı xəstələr müraciət edirlər?
- Hazırda bizə ən çox müraciət edən xəstələr aşağıdakılardır:
- Osteoxondroz (boyun, bel, disk yırtıqları);
- Skolioz, Kifoz;
- Artrozlar (çiyin, bud-çanaq, diz və s);
- İflicli xəstələr;
- Travmalar (əzələ, oynaq, sinir);
- Uşaq serebral iflici;
- Doğuş zamanı yaranmış travmalar;
- Displaziya;
- Tortikolis (boyun əyriliyi).
- Bu gün bel-oma disk yırtığı xəstələrinin sayı artmaqdadır. Bu xəstəlik və onun müalicəsi haqqında danışardınız.
- Disk yırtığı bütün onurğa boyunca olur. Belə ki, fəqərələr arasında olan disklərdə zədələnmələr meydana gəlir. Diskin içərisində maye var və hər hansı bir travmadan yırtılır. Buna görə də xəstə çox ciddi əziyyət çəkir. Əgər disk yırtığı xəstənin boynundadırsa, boyunda ağrı və əllərdə uyuşmalar olur. Bu halda, beldə ağrı və bel-omadan ayaq biləyinə qədər sinir sıxıldığına görə, uyuşma meydana gəlir.
- Biz bir çox xəstəliklərə düzgün diaqnoz qoyulmadığının şahidi oluruq. Bu isə ciddi problemlərin yaranmasına səbəb olur. Bir həkim kimi, sizin də işlədiyiniz sahədə belə problemlər varmı?
- Bəzən həkimlər bu tip xəstələrə biganə yanaşır və masaj məsləhət bilirlər ki, sanki masajla bu ağrılar keçəcək. Şübhəsiz ki, bu cür xəstələr sağalmırlar və onlar artıq pul xərcləyirlər. Çünki, sadəcə, masajla xəstə sağalmaz. Həmin xəstələrə kompleks müalicə tətbiq etmək lazımdır ki, bu işə də mütləq fizioterapevt nəzarət etməlidir. Buna görə də belə xəstələr mütləq fizioterapiya həkiminə yönləndirilməlidirlər. Biz, fizioterapiya həkimləri xəstəliyin birbaşa özü ilə mübarizə aparırıq. Bir araşdırmada qeyd olunur ki, bu cür xəstələr fizioterapiya müalicəsi aldıqdan sonra nəticələr 80-85% müsbət olacaq. Burada, ancaq 15-20% xəstələr əməliyyat oluna bilərlər. Bu gün xəstə vaxtında müraciət etmir və düzgün həkimə gəlib çata bilmir. Bax bu səbəbdən də xəstəlik xronikiləşir və öz növbəsində xəstənin həkimə inamı azalır. Ancaq bizi tanıyan xəstələrin heç biri xaricə üz tutmur və onların xəstəliklərinin müalicəsində yüksək nəticələr əldə olunur.
- Oxucularımız üçün maraqlıdır, bu cür xəstəliklərin yaranma səbəbi nələrdir? Bu gün insanlar bu cür xəstəliklərdən uzaq durmaq üçün nə etməlidirlər?
- Əvvəllər bu cür xəstəliklər daha az idi. İnsanlar indi az hərəkət edirlər. Hərəkətsizlik bir çox xəstəliklərin yaranmasına səbəb olur. İnsanlarda hərəkətin məhdudlaşması oynaq-dayaq sisteminin xəstəliklərinə gətirib çıxarır. Ağır yük götürmə, travmalar, kontrolsuz bir hərəkət belə xəstəliklərin yaranmasına səbəb olur. Bu baxımdan, mətbuatın gücündən istifadə edib xəstələri maarifləndirmək lazımdır ki, vaxtında doğru həkimə müraciət etsinlər.
Söhbətimizin sonunda təkrar qeyd etmək istəyirəm ki, fizioterapiya həkiminin işi ağrını azaltmaq deyil, birbaşa xəstəliyi yaradan səbəbi müalicə etməkdir. Dünya standartlarında fizioterapiya kursunun müddəti 21 gündür. Biz dünyada qəbul olunan bütün standartları xəstəxanamızda tam şəkildə tətbiq edirik.
Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Ölkəmizin bütün regionlarından, sadə vətəndaşlarımızdan tutmuş ziyalılarımıza, iş adamlarımıza, rəhbər vəzifələrdə işləyən dövlət qulluqçularımıza qədər hər bir zümrədən insanlarımız bizə müraciət edirlər. Onlara üzümü tutub deyirəm: “Bizə güvəndiyiniz üçün təşəkkür edirəm, hər birinizin müalicəsində əlimizdən gələni edirik və edəcəyik”.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu





 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”
16.03.2019
“Hamı “Qarabağ”ı məğlub etmək istəyir”
07.03.2019
Krançı qadın: “Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər”
01.03.2019
“Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”
28.02.2019
Ötən il Neft Fondunun mənfəət nefti və qazın satışı üzrə gəlirləri 9,8 milyard dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info