“Oynadığım bütün rolların sonrakı həyatı mənə çox maraqlı olur”
Tarix: 11.06.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Kəmalə Hüseynova: “Ən böyük arzum odur ki, mən öləndən sonra “Belə bir aktrisamız var idi” desinlər, rollarıma tamaşa eləsinlər”

Layihə çərçivəsində müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynovadır:


-Mən 1967-ci ildə Şəkidə anadan olmuşam, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub, dördüncü kursda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət almışam. Bu teatrın səhnəsində “Ana qaz”, “Pəri Cadu”, “Müharibə”, “Ezop” və digər tamaşalarda müxtəlif qadın obrazları yaratmışam. Bu siyahıya Akademik Milli Dram Teatrında səhnələşdirilən “Qatarın altına atılan qadın” tamaşasını da aid etmək olar.
Mənim fikrimcə, sənət teatrda, tarix kinodadır. Kino fəaliyyətim hələ institutda oxuduğum illərdə başlayıb. “Araqarışdıran”, “Kişi sözü”, “Sahilsiz gecə” filmlərindən sonra “Etiraf”, “Hökm”, “Məhkumlar”, “Azarkeş”, “Ölüm növbəsi”ndə müxtəlif obrazlar yaratmışam. Hazırda məni “Tək olanda qorxma”, “Məhkumlar” serialında görmək mümkündür. Sentyabrda efirə veriləcəyi gözlənilən “Qarabağnamə” bədii serialı ilə yanaşı, daha iki seriala dəvətliyəm.
Serial, teatr, dublyaj, kino çəkilişləri, ailə, aradabir rəsmi tədbirlərdə iştirak-bunların hamısının vaxt bölgüsünə gəldikdə inanın, elə vaxt olur, evdə gecələmirəm. Amma bu, mənə çox böyük zövq verir. Çünki işləmək mənə həmişə xoşdur. Üç gün evdə qalanda şikayətlənməyə başlayıram. Ona görə arzulayıram ki, hər zaman işim olsun.


- Aktrisa olmağı uşaqlıqdan arzulamısınız, yoxsa təsadüfən bu peşəni seçmək qərarına gəldiniz?
- Nəslimizdə heç vaxt incəsənət adamı olmayıb. Yaxşı şeir deməyim vardı, məktəbdə poeziya gecələri hazırlayırdım. Atam şeir deməyimi bəyənirdi, amma məni şərqşünas görmək istəyirdi. Bir dəfə onun yanında dedim, yaxşı olar ki, mən aktrisa olum. Onda atam mənə çox sərt cavab verdi və həmin sərt cavabdan sonra mənə nəsə oldu. İndi də dəqiqliklə xatırlamaq istəyirəm ki, niyə sənədlərimi valideynlərimdən xəbərsiz Mədəniyyət və İncəsənət Universitetinə verdim. Bu, bir tale idi. Taleyin küləyi məni ora apardı. Heç universitetə daxil olanda da aktrisa olmaq fikrində deyildim. Amma sənətin çəhrayı rəngli gözəlliyi məni çox tez öz ağuşuna aldı. Universitetə getməyimin 15-ci günündə auditoriyaya girən rejissorlar öz filmləri üçün məni seçirdilər. Beləcə, filmlərə çəkildim, kurs tamaşalarında oynadım. Prosesdə başa düşdüm ki, bu sənətdə özümü tapmışam.
- Sovet sistemi dağılarkən kinostudiya tənəzzülə uğradı, filmlər çəkilmədi, bir çox kinoaktrisalar başqa sahələrə üz tutdular. Bu proses sizə necə təsir etdi?
- Həmin dövrü mən başdan-başa analıq məzuniyyətində keçirdim. Bir-birinin ardınca övladlarım dünyaya gəldi. Bilirsiniz, çox qəribədir, sanki tale məni hər zaman külək kimi aparır. Kinonun durğunluq dövründə mən öz ailəmlə məşğul oldum. Durğunluq dövrü bitdi, yenidən sənətə qayıtdım.
- Bir çoxlarının nəzərində siz həm kinoda, həm teatrda qadın problemlərini canlandıran rolların ifaçısısınız. Bir çox aktrisalar belə rolların həsrətindədir…
- Qadın problemi çox sevdiyim mövzudur. Bu sahədə hədsiz problemlər var, amma təəssüf edirəm ki, bu haqda çox az yazılır. Yazılanlar da deyəsən, ancaq mənə qismət olur. Fikir versəniz, Cəfər Cabbarlının yaradıcılığı bütünlüklə qadın problemlərini əks etdirir. Bir də ki problemli qadınların həyatını oynayanda obraza çox qapılıram. Mehriban Ələkbərzadənin “Məhkumlar” filmindəki Əzizə obrazını yaradanda çox pis hisslər keçirirdim. Filmin sonunda qadında çürümə prosesi başladığından onu xəstəxananın ikinci bölməsinə aparırlar. O bölmədə artıq Əzizəyə yeməyi də pəncərədən verəcəklər, o da orda öz ölümünü gözləyəcək.
Çəkilişlərdən sonra mən uzun müddət özümü toparlaya bilmirdim. Mənə elə gəlirdi ki, o qadın, həqiqətən, aramızdadır. Əslində belə bir xəstəlik varsa, deməli, həyatda onunla üzləşmiş qadın da olmalıdır. Həmişə fikirləşirdim ki, görəsən, o qadının axırı necə oldu? Bircə “Qatarın altına atılan qadın”dakı rolumda qadının axırı məlum idi - intihar. Amma ümumilikdə oynadığım bütün rolların sonrakı həyatı mənə çox maraqlı olur. Düşünürəm, əgər mənim başıma belə bir hadisə gəlsəydi, ondan sonra mən necə yaşayardım.
- Siz müsahibələrinizdə Cəfər Cabbarlının “Aydın” pyesindəki Gültəkini oynamaq istədiyinizi demisiniz. İndi necə bu rolu canlandırmaq istərdiniz?
- Daha istəmirəm. Artıq o qəbiristanlıqda olan rollarımdandır. Hələ o qəbrin üstünə gül də qoyuram. Niyə həmin rolu oynamaq istəmişəm? Çünki mən yaratmaq istədiyim Gültəkini hələ, heç kim oynamayıb. Demirəm, yaxşı oynamayıblar, sadəcə mən istədiyim Gültəkini səhnədə görməmişəm. Amma indi mənim yaşım, düşüncə tərzim Gültəkinin yaşı və düşüncə tərzi ilə eyni deyil. İndi tamamilə fərqli qadınları yaratmaq istəyirəm. İndi xoşuma gələni yox, yaratmaq istədiyim obrazları oynamaq istəyirəm. Üç ildən bir rol oynasam belə, oturub gözləyirəm. Möhür vura bilməyəcəyim rollardan həmişə imtina edirəm. Həm də düşünürəm ki, mənim məhsuldar dövrüm bundan sonra başlayır. Bu dövrə qədər özümü qoruyub saxlamalıydım. Belə də elədiyimi düşünürəm. Amma bəzi aktrisalar hər rolu oynayır, enerjisini tükədir, 40-50 yaşında artıq yaradıcı baxımdan tamamilə bitir. Əgər zahiri siması qalıbsa, çəkisi 150 kilo deyilsə, əminliklə deyirəm, aktyor və aktrisaların ən gözəl dövrü 50 yaşdan sonra başlayır. Fikir versəniz, bütün klassik əsərlərdə ən yaxşı rollar məhz o yaş üçün yazılıb.
Başqa bir şey də deyim. İki cür kino aktrisası olur. Birincilər o qədər gözəldirlər ki, onlardan vaz keçmək mümkün deyil. Kameraya düşən siması olduğuna görə bircə ağzını açıb danışması onu çəkməyə imkan verir. Bütün dünya kinosunda bu cür aktrisalar var. Məsələn, Türkan Şoray. Demirəm onlar istedadsızdırlar, amma simaları istedadlarından bir pillə yuxarıdadır. İkinci növ aktrisalar fitri istedadı olanlardır. Onlar uzun illər çəkilirlər və çox gözəl rollar oynayırlar. Birincilərsə müəyyən dövrdən sonra tükənirlər.
Mən ekranda daha gözəl görünmək üçün hər vəchlə çəkimi normada saxlamağa çalışıram. Məni tanıyan insanlar bilirlər ki, çəkimin artmamasına görə günlərlə ac qala bilərəm. Sənətimə görə çox əziyyət çəkirəm. Onu da deyim ki, filmlərə çəkilmək üçün bu yaxınlarda plastik cərrahiyyə əməliyyatına da gedəcəyəm.
İndiyə qədər getməmişəm. Mütəmadi idman, rəqs, bodibildinq, aerobika ilə məşğul oluram ki, çəkim artmasın. Bilirsiniz, son zamanlar aldığım rollar oyun tərzimlə bərabər zahiri görünüşümlə də əlaqədardır. Bir sirri açım, əgər mənim 20 kilo artıq çəkim olsaydı, yəni 60 yox, 80 kilo olsaydım, seriallardakı rollar mənə verilməyəcəkdi. İstəyir, fitri istedadın olsun, fərqi yoxdur. Mən oynamaq istədiyim rollar üçün mütləq baxımlı olmalıyam. Bir sözlə, nə qədər ki aktyorluqla məşğulam, zahirimə diqqət yetirməyə məcburam.
- Aktrisalığın yaş həddi varmı?
- Mənimçün yoxdur. Ümumiyyətlə, yaradıcı insan sağlamlığı və ağlı imkan verdiyi müddətə qədər işləyə bilər. Nə qədər qəribə də olsa, heç vaxt işsiz qalmamışam. Teatrdan çıxartsalar kino, kinoda çəkməsələr, dublyaj var. Allah səsimi də alsa, artıq “bu mənim taleyimdir” deyib, özümü ailəmə həsr edəcəyəm. Çox şükürlər olsun ki, getməyə hər zaman yerim var. Hər tərəfdən əlim üzülsə belə, Allahım var, ondan tutacam. Bəs mənə bu istedadı kim verib? İstedad bir qırağa, mənim rollarımın yarısını oynamaq istəyən aktrisalar var ki, gecə-gündüz məşq edirlər, ancaq o rolları əldə edə bilmirlər. Deməli, hər şeyi Allah verir, istədiyi vaxt da alacaq. Buna inanıram.
- Həyat yoldaşınız rejissordur. O sizin tamaşalarınıza gəlib, tənqidlərini, təriflərini, yaxud sadəcə fikrini bildirirmi?
- Rejissor idi. Biz universiteti bir yerdə oxumuşuq. İkinci və üçüncü kursda onun kurs tamaşalarında oynamışam. Öncə tamaşanı təhlil edirik, sonra fikrini deyir. Amma dərhal da deyir: “Sən mənim çox istedadlımsan”. Sizə bir söz deyim, mən nə tərifi, nə də tənqidi sevməyən biriyəm. Duyğularımla, hisslərimlə çözməyi bacardığım üçün kiminsə məni tənqid etməsini qəribəlik kimi qarşılayıram. Məşqlərimi videoya çəkdirib sonra bir də baxıram ki, səhvlərimi görüm. Tamaşaçı alqışı mənə bəsdir. Ən böyük arzum odur ki, mən öləndən sonra “Belə bir aktrisamız var idi” desinlər, rollarıma tamaşa eləsinlər.
Nigar ABDULLAYEVA





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info